Ekskluziv
461
19:17, Bu gün

"Moskva insanların həyatını məhv etməkdə davam edir" - ABŞ vitse-prezidenti

"Kreml sülh istəmir, müharibəni iqtisadi strategiyaya çevirir..."
 
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Rusiyanın Ukraynada atdığı addımları "sülhə qarşı açıq etinasızlıq" adlandıraraq bildirib ki, Moskva hələ də insanların həyatını məhv etməkdə davam edir, amma nəticə əldə etmir. 
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalının efirində bəyan edib.
 
Onun sözlərinə görə, Rusiya bu müharibədə yalnız kiçik uğurlar qazanıb, əvəzində isə yüz minlərlə insan itirib. Vens qeyd edib ki, Vaşinqton sülhə sadiqdir, amma bunun üçün iki tərəfin iradəsi lazımdır - Rusiya isə həm ikitərəfli, həm də vasitəçilərlə keçiriləcək danışıqlardan boyun qaçırır.
 
Eyni zamanda, Kreml Ukraynaya qarşı son kütləvi hücumu barədə riyakar bəyanatla çıxış edərək "bütün hədəflərin vurulduğunu" iddia edib. Rusiya Müdafiə Nazirliyi hücumların məqsədini guya hərbi obyektlər və müdafiə sənayesi ilə izah etməyə çalışıb, halbuki reallıqda dağıntılar və dinc sakinlərin ölümü baş verib.
 
Putinin militarizasiya planı
 
"Bloomberg" nəşri yazır ki, Putin müharibəni sadəcə hərbi əməliyyat kimi yox, iqtisadi strategiyanın mərkəzinə çevirib. Onun planında Rusiya gələcəkdə də hərbi iqtisadiyyatı qoruyub saxlamaq niyyətindədir. Müharibə xərcləri onsuz da ölkəni total militarizasiyaya sürükləyib: fabriklər tank, raket və dron istehsalına çevrilib, yüz minlərlə insan müdafiə sənayesinə cəlb olunub.
 
2022-ci ildən əvvəl ildə təxminən 400 zirehli texnika istehsal olunurdusa, indi bu göstərici on dəfələrlə artıb. İranda alınan dronların əvəzinə Rusiya artıq öz zavodlarında bir il ərzində 1,5 milyon dron istehsal edib. Müdafiə xərcləri 2022-2024-cü illərdə ən azı 22 trilyon rubl (263 milyard dollar) təşkil edib və yaxın üç ildə bu xərclərin azaldılması planlaşdırılmır.
 
Kreml həm də müharibədən sonrakı dövrü hesablayaraq silah satışını gəlir mənbəyinə çevirmək istəyir. "Roskoboronexport" artıq 60 milyard dollarlıq sifariş portfelinə malikdir və ekspertlərə görə, Rusiya yaxın illərdə ildə 17-19 milyard dollarlıq silah sata bilər. Bununla belə, hətta bu rəqəmlər ölkənin hərbi büdcəsinin yarısını belə ödəmir və Qərbin təzyiqi alıcıları çəkindirə bilər.
 
İqtisadi zəiflik və "silah oynatma" taktikası
 
Analitiklərin fikrincə, Rusiya hətta Ukraynadakı müharibə bitsə belə, bu militarizasiya kursunu dayandırmayacaq. Çünki Moskva ilə Qərb arasındakı qarşıdurma davam edəcək və Kreml yeni münaqişələrə hazırlaşır. Lakin iqtisadi reallıq acınacaqlıdır: enerji resurslarının tükənməsi, yeni yataqların axtarışının dayanması, zəif bank sistemi və sanksiyalar fonunda hərbi istehsal həm büdcəni boşaldır, həm də iqtisadiyyatı dərin böhrana sürükləyir.
 
Beləliklə, Rusiya bir tərəfdən müharibəni davam etdirərək danışıqlardan imtina edir, digər tərəfdən isə militarizasiya ilə daxili zəifliklərini ört-basdır etməyə çalışır. Kreml silah oynatma, nüvə təhdidləri və silah nümayişi ilə güc göstərməyə çalışsa da, əslində bu, Moskvanın zəifliyini gizlətməkdən başqa bir şey deyil.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər