“Şeirlərimə görə məni atama şikayət ediblər, buna görə o ilk kitablarını cırıb tullayıb”-Gənc yazıçıdan ETİRAF+ÖZƏL
Ekskluziv
560
17:39, Bu gün

“Şeirlərimə görə məni atama şikayət ediblər, buna görə o ilk kitablarını cırıb tullayıb”-Gənc yazıçıdan ETİRAF+ÖZƏL

Gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nicat Hunalp Moderator.az-ın suallarını cavablandırıb.
 
Dosye: Şair,yazıçı  Nicat Hunalp 1996-cı ildə Mingəçevir şəhərində anadan olub. 2023-cü ildən etibarən şeir və hekayələri ,müsahibələri  yerli mətbuatla yanaşı Türkiyə, Özbəkistan, Pakistan, Albaniya, İtaliya, İran və Keniya mətbuatında işıq üzü görüb. 2022-ci ildə müəllifin ilk şeirlər toplusu-“Şaman yozur yuxumu” oxuculara təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
 
-Nicat, öncə istərdim özünüzü oxucularımıza daha yaxından təqdim edəsiz..
 
-Mən Nicat Hunalp, 1996-cı ildə Mingəçevirdə anadan olmuşam. Əslən Ağdamın Abdal Gülablı kəndindənəm. 2009-2010-cu illərdə kiçik şeirlər yazmağa başlamışam. Amma istedadımın fərqində deyildim. 2016-cı ildən peşəkar səviyyədə şeirlər qələmə aldım. 2023-cü ildən isə dövrü mətbuatda, bir çox mətbu orqanlarda mütəmadi olaraq şeirlərim çap olunub. İlk yazdığım şeirləri də dostum, gənc yazıçı Elçin Məhərrəmə göstərirdim. Hətta ondan məsləhətlərimi də alırdım ki, bunun filan yerini dəyişsək necə olar? O mənə yaradıcılığımın ilk illərində də, indi də böyük dəstəkdir. 2024-cü ildə Özbəkistanda, Türkiyədə, İranda, 2025-ci ildə Keniyada, İtaliyada şeirlərim çap olunub. Bir neçə ay bundan öncə Özbəkistanlı jurnalist Cahangir Mirzə məndən müsahibə götürdü, o da inglis dilində Pakistan mətbuatında yayımlandı. Rüstəm Behrudinin şeirlərindən təsirlənib ədəbiyyata gəlmişəm. İlk yazdığım şeirlər də elə onun qələmə aldıqları kimi türkçü abu-havasında olub. Qarşıma məqsəd qoydum və daim mütaliəmi gücləndirmək üçün çalışdım. Daha sonralar isə Vaqif Bayatlı Odər, Əlisəmid Kür, Nazim Hikmət, Orxan Vəlinin poeziyasından yararlandım. 2024-cü ilin oktyabr ayında Azərbaycan Yazıçılar Birliyinin, iyul ayında isə Dünya Gənc Türk Yazıçılar Birliyinin üzvü seçilmişəm. 2025-ci ilin may ayından Prezident Təqaüdçüsüyəm.
 
-Deyirlər şairlər yer yox, göy adamlarıdır. Bu fikirlə razısız?
 
-Ola bilsin ki, bu bizi digər sənət sahiblərindən fərqləndirmək üçün deyilən bir sözdür. Rüstəm Behrudi yazır ki, “mən göylə əlləşirəm”. Mənim də göyə aid “Ay göy üzü, əl çək daha yaxamdan” adlı şeirim var: “Həsrət üzdü o çiçəksiz arını, Yel apardı cənnətinin barını, Gizlətmisən milyon ildir tanrını, Ay göy üzü, əl çək yaxamdan”. Bütün şairlər göy üzünə vurğundur. Mənim isə bu şeirimdə göy üzünə bir üsyan var. “Heçim ayrı, köçüm ayrı, nə düşmüsən canıma? Göy yaxşıdır, durub gedim mən Tanrının yanına”. Bu şeirimdə isə göyü sevirəm.
 
-Üslubunuz necə formalaşdı?
 
-Şeir yazmağa ilk başladığın gündən üslub formalaşdırmaq olmaz. Bu mənə inandırıcı gəlmir. Heç bir şairin ilk yazdığı şeirlər güclü deyil. Məsələn, böyük Məmməd Arazın özü də ilk yazdığı kitablarından imtina edib. Niyə? İllər sonra həmin kitabları açıb baxıb ki, bu o deyil. 90-cı ilin Məmməd Arazı 60-cı illərin Məmməd Arazından daha üstündür. Elə şairlər də var ki, 20 yaşında yazdığı şeirlə 60 yaşında qələmə aldığı şeir arasında böyük fərq olmur. Siz baxsanız görərsiz ki, təfəkkür eyni qalıb. Bu baxımdan Ramiz Rövşəni misal göstərə bilərəm. Etiraf edim ki, öz üslubumu formalaşdırmaq çox çətin oldu. Yazdıqca, mütalicə etdikcə üslubum formalaşdı. Gərək daha çox mütaliə edib, oxuyasan. Bir də müşahidə qabiliyyəti. Yazıçılar daha çox müşahidə edir. Bu şairlərə bir o qədər də məxsus olan bir qabiliyyət deyil. 
 
-Bəzən deyirlər ki, aşiq olmasan şeir yaza bilməzsən...
 
-Bu hər şairdə fərqlidir. Düzünü desəm sevgi şeirim yoxdur. Var, amma o dərəcədə güclü deyil ki, onu ortalığa çıxarım. Ailəli olsam da, bu tip şeirlər yaza bilmirəm. Elə şairlər var ki, sevgi şeiri yaza bilmirlər, elələri var ki, vətən haqda şeiri qələmə ala bilmirlər. Bir neçə ay bundan öncə böyük şairimiz Məmməd İsmayıl dünyasını dəyişdi. Onun poeziyası sırf nakam sevginin üzərində qurulub. Şeir yazmağı heç vaxt öncədən planlaşdırmıram. “Atlar yüyənindən asılan günü” şeirimin ideyası iki gün beynimdə fırlandı və sonradan yarandı. “Ay göy üzü” adlı şeirim bir ay beynimdə fırlanır, amma arxası gəlməyib. Bəzən isə qəfil ruhsal sıxıntıya düşürsən və anında şeiri yazırsan. İki şeirlər kitabım var. “Şaman yozur yuxumu” və bu günlərdə çapdan çıxan “Ayaqqabı tənhalığı”. İlk kitabıma yetərincə oxucu toplamışdım, satışı da pis olmamışdı. Bu kitabımın şeirlərinin mənim həyat yoldaşım toplayıb. Kitabın ərsəyə gəlməsində məni o ilhamlandırıb. “Ayaqqabı tənhalığı” kitabımda isə daha çox fəlsəfi məzmunlu şeirlərim yer alıb. Bu kitaba da maraq böyükdür. İnşallah dostum Elçin Məhərrəmlə birlikdə 1-7 oktyabr tarixlərində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab sərgisində iştirak edib, imza günü keçirəcəyik.
 
-Azərbaycanda şair olmaq maraqlıdır?
 
-Mənə elə gəlir ki, təkcə Azərbaycanda yox, şair olmaq özü maraqlıdır. Bu bir üstünlük deyil. Sadəcə ətrafa və dünyaya daha fərqli bucaqdan baxa bilirsən. İnsan var ki, stəkandakı çaya fərqli baxır, şair isə qarşısındakı çaya şeir yazır. Mənim “Ayaqqabı tənhalığı” adlı bir şeirim var. Ayaqqabıdır da, durub yerində. Mən orada ayaqqabıya şeir yazmışam. Ayaqqabının sahibi vəfat edib, o toz basıb, nə oğul götürür o ayaqqabını, nə də nəvə.. Özü üçün orada toz basır. Bu şeiri mən real həyatda yaşayan bir insana həsr etmişəm, amma kimliyini açıqlamaq istəmirəm. Əksər şairlər ətrafındakı dostlarına, yaxınlarına, ailə üzvlərini əsas predmet götürüb şeir yazır. Amma kimliyini açıqlamırlar. Bunun tərəfdarıyam, çünki hər şeyi açıqlayanda çox maraqsız olur. 
 
-Hansısa yazdığınız şeirə görə tənqid olunmusuz?
 
-Bir şeirim var idi. “Bir ağrı var ürəyimin içində, tanrı duymaz, tanrı görməz yerdəyəm”. Bu şeirimə görə məni tənqid etmişdilər. Onların içində qohumlarım da var idi, yaxın dostlarım da. Deyirdilər ki, “tanrı hər şeyi görür, necə ola bilər ki, səni görməsin?”. Hətta atama da demişdilər ki, sənin oğlun tanrıya müxalifdir. Atama məni əməlli-başlı şikayət etmişdilər (gülür). Mənim ən yaxın oxucum anam, atam və əmimdir. Əlbəttə ki, ata, ana oğlu pis şeir də yazsa istər-istəməz bəlkə də tərifləyər. Amma əmim mənim “Şaman yozur yuxumu” kitabımı oxuyandan sonra dedi ki, “çox qəliz, fəlsəfi yazmısan, gərək çox oxuyasan ki, başa düşəsən”. Yanaşmalar təbii ki, fərqlidir. 
 
-Bir də görürsən ki, xalq şairlərini, tanınmış qocaman yazıçıları tənqid edirlər. Sizcə bunlar haqlı tənqidlərdir? 
-Ümumiyyətlə şair, yazıçı yaxud da elə adi bir insan kimisə tənqid edirsə, öncə öz yaradıcılığına baxmalıdır. O öz-özünə sual verməlidir ki, mən həyatda hansı mövqeni, yolu tutmuşam? Mənim yazdıqlarım nədir ki, başqasını tənqid edirəm? O özü bu kimi suallara cavab verirsə, tənqid etmək olar. Amma heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir etsin. Bizdə bəzən tənqidlə təhqiri səhv salırlar. Ola bilər ki, gənc yazıçı 50 ilin şair və yazıçısından elə gözəl şeir yaxud əsər yaza bilər ki, ondan qat-qat üstün olar. Mən yenə də bizim dəyərli, mərhum şairimiz Məmməd İsmayıldan danışmaq istəyirəm. O dünyasını dəyişəndə şeirlərini tənqid edənlər oldu.. Mən facebookda belə bir status yazdım ki, “Məmməd İsmayılın poeziyası onu tənqid edənlərin poeziyasından qat-qat yüksək səviyyədədir”. Məmməd İsmayıl möhtəşəm şair idi. Onun haqqında deyilənlər Məmməd İsmayıl poeziyasının yanında cılız qalır. Çünki Məmməd İsmayılın şair taleyi var. Əksər insanlar da kimlərinsə poeziyasından, ölümündən istifadə edib gündəmə gəlmək istəyirlər. Bu hər zaman belə olub və olacaq da. 
 
-Gələcək planlarınız nələrdir?
 
-Artıq “Ayaqqabı tənhalığı” kitabım işıq üzü gördü. Fevral ayının 17-si mənim 30 yaşım tamam olur. Bu kitabı 30 illik yubileyimə bir hədiyyə etdim. Desəm ki, ədəbiyyatda mənim bir ambisiyam yoxdur bu yalan olar. Əlbəttə ki, hədəflərim var. Düşünürəm ki, tarixi hekayələrdə bir boşluq var. Gələcəkdə tarixi hekayələrdən ibarət bir kitab çap etmək fikrim var. Tarixi roman da yazmaq arzusundayam. Bəzən bir il ağlımda olub, amma davamı gəlməyən şeirlərim var. Əlbəttə ki, fikirlərimi toparlayıb bu şeirlərimi də qələmə alacam.

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər