Novxanıda 27 sentyabr Anım Günü ilə bağlı şəhid məzarları ziyarət olunub, ehsan süfrəsi verilib
Ekskluziv
266
16:31, Bu gün

Novxanıda 27 sentyabr Anım Günü ilə bağlı şəhid məzarları ziyarət olunub, ehsan süfrəsi verilib

27 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib. Ehsan məclisindən öncə Novxanı qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, qəbir üstünə gül dəstələri qoyulub, dualar oxunub.

300 nəfərə yaxın şəxsin iştirak etdiyi ehsan süfrəsində məscidin axundu Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Buzovna Cümə Məscidinin axundu Hacı Soltan Əlizadə, iş adamı Hacı Cəlil Nağıyev, şəhid ailələri, qazilər, müharibə əlilləri, kənd ağsaqqalları və  digər kateqoriyadan olan vətəndaşlar iştirak edib.

27 sentyabr – Anım Gününün milli-mənəvi önəmindən bəhs edən məsclis iştirakçıları, xalqımızın məhz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə qarşı ölüm-dirim mübarizəsinə qalxdığını, cəmi 44 gün içində düşməni darmadağın edərək tarixi zəfərə imza atdığını vurğulayıb. 8 Noyabr zəfərinə şəhidlərimizin qəhrəmanlığı sayəsində nail olunduğunu bildirən natiqlər, onların əziz xatirəsinin sonsuza qədər xalqımız tərəfindən sevgi və ehtiram hissi ilə yad ediləcəyini vurğulayıblar.

İş adamı Cəlil Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ehsan süfrəsində iştirak edən şəhid ailələri və veteranlar, dövlətimizin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər