Ekskluziv
271
13:45, Bu gün

"Britaniya və NATO Avropanı qorumaq üçün "dron divarı" yaradır" - Müdafiə naziri Con Hili

 
"Putin bilməlidir ki, Rusiyanın istənilən təcavüzü NATO tərəfindən müqavimətlə qarşılacaq..."
 
Böyük Britaniya və NATO Rusiya tərəfindən artan təhdidlərə cavab olaraq Avropada dronlardan ibarət "müdafiə divarı" qurmağa hazırlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniya müdafiə naziri Con Hili "The Telegraph" nəşrinə müsahibəsində bəyan edib.
 
O, bildirib ki, London Ukrayna ilə birgə yeni nəsil ucuz pilotsuz uçuş aparatları istehsal edir və onların həm Ukraynada, həm də NATO ölkələrində yerləşdirilməsi nəzərdə tutulur. Bu addım Rusiyanın "təhlükəli" və "məsuliyyətsiz" manevrlərinə qarşı yeni müdafiə mexanizmi kimi dəyərləndirilir.
 
"OCTOPUS layihəsi" və Britaniya-Ukrayna əməkdaşlığı
 
Böyük Britaniya artıq "OCTOPUS" adlı proqram çərçivəsində Ukrayna ilə birgə müdafiə dronlarının istehsalına başlayıb. Bu aparatlar bir neçə həftə ərzində Britaniya zavodlarında hazırlanaraq sərhədlərdə yerləşdiriləcək. Hili qeyd edib ki, Londonda müasir istehsal texnologiyaları mövcuddur və bu, Rusiyada yoxdur: "Biz onları minlərlə istehsal edəcəyik və Ukraynaya özünü müdafiə etməyə kömək edəcəyik".
 
Nazir vurğulayıb ki, həmin dronlar artıq İran istehsalı "Shahed"lərə qarşı effektivliyini sübut edib və onların qiyməti rəqiblərdən on dəfələrlə ucuzdur. Gələcəkdə bu sistemin Britaniyanın öz raketdənmüdafiə şəbəkəsinə də inteqrasiya ediləcəyi, hərbi obyektlər və kritik infrastrukturun qorunacağı bildirilir.
 
NATO-nun Baltik dənizində mövqelərini gücləndirməsi
Eyni zamanda NATO da Baltik dənizində mövcudluğunu artırır. Alyans Danimarka və Norveç üzərində qeydə alınan naməlum dronların, eləcə də Polşa və Estoniyanın hava məkanına müdaxilələrin ardınca, bölgəyə əlavə qüvvələr göndərib. Yeni platformalar kəşfiyyat, müşahidə və hava hücumundan müdafiəni gücləndirmək üçün istifadə olunacaq. Ən azı bir zenit freqatı, patrul təyyarələri və dəniz dronları artıq regionda yerləşdirilib.
 
Bu addımlar NATO-nun yanvar ayında başladığı "Baltik patrulu" missiyasını möhkəmləndirəcək. Missiya dənizin dərinliyindəki kabel, rabitə xətləri və qaz kəmərlərinə qarşı yönəlmiş diversiya təhlükəsini önləmək üçün nəzərdə tutulub. Bundan başqa, "Şərq patrulu" adlı paralel proqram da rus dronlarının Polşa və Estoniya üzərində uçuşlarına cavab olaraq işə salınıb.
 
Hibrid müharibənin yeni mərhələsi
 
Mütəxəssislər Rusiyanın Avropada dron hücumlarını hibrid müharibənin tərkib hissəsi hesab edir. Kommunikasiya və radioelektron müharibə üzrə ekspert Sergey "Fleş" Bezkrestnov vurğulayıb ki, məqsəd Avropa ictimaiyyətində təsir yaratmaq və diqqəti Ukraynadan yayındırmaqdır: "Bu, informasiya dalğasını Ukraynadan Avropaya köçürmək üçün edilən cəhddir".
 
NATO isə açıq şəkildə xəbərdarlıq edir: Moskvanın istənilən yeni təxribatı həm hərbi, həm də qeyri-hərbi vasitələrlə cavablandırılacaq. Britaniya müdafiə naziri Con Hili də sonda əlavə edib: "Biz NATO müttəfiqləri ilə birlikdə Putinə onun istər planlı, istərsə də təsadüfi təcavüzünün müqavimətlə qarşılanacağını göstərməyə hazırıq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər