Ekskluziv
373
12:58, Bu gün

"Kiyev sönərsə, Moskva da qaranlıqda qalacaq" - Zelenski

 
"Sivil dövlətlərin səhvi barbarlara qarşı həddindən artıq yumşaqlıq göstərməkdir. Biz zəif görünməməliyik..."
 
Sentyabrın 27-də Ukrayna prezidenti Vladimir Zelenski geniş mətbuat konfransı keçirərək ölkənin müdafiəsi, xarici tərəfdaşlarla əməkdaşlıq və Rusiyanın hibrid təhdidlərinə cavab barədə mühüm açıqlamalar verib. Onun sözlərinə görə, Ukrayna həm cəbhədə, həm də enerji müstəvisində yeni mərhələyə qədəm qoyur.
 
Moderator.az xəbər verir ki, bu barədə "prm.ua" nəşri məlumat yayıb.
 
"Kiyev sönərsə, Kreml də qaranlıqda qalacaq”
 
Prezident açıq şəkildə bəyan edib ki, Rusiyanın enerji obyektlərinə hücumu və Kiyevi "böyük qaranlığa" salmaq cəhdləri cavabsız qalmayacaq: "Əgər Ukraynanın paytaxtına "böyük qaranlıq" hədəfi qoyulursa, Kreml də bilməlidir ki, eyni şey Moskvada baş verəcək", - Zelenski vurğulayıb. O, həmçinin beynəlxalq tərəfdaşları Rusiyaya qarşı sərt mövqe tutmağa çağırıb: "Sivil dövlətlərin səhvi barbarlara qarşı həddindən artıq yumşaqlıq göstərməkdir. Biz zəif görünməməliyik".
 
Avropaya alternativ enerji yolları
 
Zelenski Slovakiya ilə oktyabrda keçiriləcək hökumətlərarası görüşdə Rusiyadan asılı olmayan enerji marşrutları təklif ediləcəyini bildirib. O, Macarıstanla da əməkdaşlığa açıq olduğunu desə də, Budapeştin hazırkı siyasətində real addımlar görmədiyini qeyd edib.
 
"Patriot" sistemləri və ABŞ-la "Mega Deal"
 
Prezident İsrail istehsalı "Patriot" hava hücumundan müdafiə kompleksinin artıq bir aydır Ukraynada fəaliyyət göstərdiyini, payıza qədər isə daha iki qurğu göndəriləcəyini təsdiqləyib. Zelenski ABŞ prezidenti Donald Trampla görüşdə 90 milyard dollarlıq hərbi avadanlıq siyahısını təqdim etdiklərini açıqlayıb. "Mega Deal" və "Drone Deal" çərçivəsində yeni müqavilələr müzakirə olunur.
 
Rusiyanın dron hücumları və NATO dəstəyi
 
O, xatırladıb ki, sentyabrın əvvəlində Rusiyanın 92 dronu Polşaya tərəf uçub, onlardan yalnız 19-u sərhədi keçə bilib. Ukrayna və Polşa hava hücumundan müdafiə qüvvələri qalanlarını məhv edib.
Bununla yanaşı, Ukrayna Avropa İttifaqı ölkələri ilə hava məkanının müdafiəsi üzrə məsləhətləşmələr aparır.
 
Moldovada seçkilər və risklər
 
Zelenski Moldovada seçkiləri bütün Avropa üçün risk adlandırıb. Onun sözlərinə görə, Moskva qonşu dövlətlərdə siyasi təsirini artırmaq və nəticədə orada hərbi varlıq qurmaq niyyətindədir. Prezident Moldova rəhbəri Maya Sandunun Avropa yönümlü siyasətinin region üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
 
Yeni fondlar və silah ixracı
 
Zelenski ABŞ-la imzalanmış mineral resurslar sazişi əsasında fondun fəaliyyətə başladığını açıqlayıb. Bu, ABŞ biznesinin Ukraynaya iri investisiyalar yatırmasına imkan verəcək. O, həmçinin bəyan edib  ki, Ukrayna yalnız artıqlıq təşkil edən silah və texnikanı ixrac edəcək, əldə olunan vəsait isə dron və digər çatışmayan hərbi texnologiyalara yönəldiləcək.
 
Zelenskinin çıxışı həm Ukraynanın daxili sabitlik planlarını, həm də beynəlxalq tərəfdaşlarla yeni formatda əməkdaşlıq niyyətini ortaya qoyub. Onun mesajı aydındır: Ukrayna müharibəni təkbaşına aparmır, Qərbin dəstəyinə arxalanaraq həm hərbi, həm enerji, həm də diplomatik sahədə Rusiyaya cavab verməyə hazırdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər