Yanacaq qıtlığı və yanacaq böhranı nəticəsində ilin sonuna qədər Rusiyada ictimai əhval-ruhiyyə kritikləşəcək, lakin Moskvada narazılıq inqilab həddinə çatmayacaq...
Müharibənin işğalçı ölkənin ərazisinə uğurla yayılması, o cümlədən neft emalı zavodlarına zərbələr Rusiyanın Avropa hissəsində kritik yanacaq vəziyyəti yaradır.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu "Kanal 24"-də politoloq Vadim Denisenko deyib.
"Rusiyanın rəsmi məlumatlarına görə, Ukraynanın neft emalı zavodlarına etdiyi hücumlar səbəbindən hazırda Rusiyada yanacaqdoldurma məntəqələrinin 2,5%-i işlək vəziyyətdə deyil. Bu, təxminən 350 yanacaqdoldurma məntəqəsinə bərabərdir ki, o da əhəmiyyətli rəqəmdir", - politoloq qeyd edib.
Yanacaq qıtlığının eksponent olaraq - dəfələrlə artdığı ayrı-ayrı bölgələrdə vəziyyət kritikdir. Rusiyanın Avropa hissəsinin bəzi regionlarında yanacaqdoldurma məntəqələrinin 14%-i, işğal olunmuş ərazilərdə, xüsusən Krım və Sevastopolda isə bu rəqəm 50%-ə çatır.
Narazılıqdan iğtişaşlara qədər...
Denisenko hesab edir ki, bu problemlər Rusiya vətəndaşlarının əhval-ruhiyyəsinə və fikirlərinə mütləq təsir edir. O, ilin sonuna qədər vəziyyətin "Avropa regionlarının əksəriyyətində kritik həddə çatacağını" proqnozlaşdırır.
Ekspert narazılığın Moskvaya çatan inqilaba çevriləcəyini gözləməsə də, küçə iğtişaşları ehtimalının artacağını proqnozlaşdırır:
"Küçə iğtişaşlarına gəlincə, əgər hadisələr həqiqətən indi olduğu kimi cərəyan etsə, biz onları Avropa Rusiyasının bir çox regionlarında görə bilərik. Bu arada Kreml necə cavab verəcəyini bilməyəcək".
Politoloq onu da irəli sürüb ki, yanacaq böhranının kəskinləşməsi əhalinin müharibəyə son qoyulmalı olduğuna inanan hissəsinin payının artmasına gətirib çıxaracaq.
Xatırladılır ki, müvəqqəti olaraq işğal olunmuş Krımda yanacaqla bağlı “çətin vəziyyət” yaranıb, bunu sosial şəbəkələrdə yanacaqdoldurma məntəqələrində uzun növbələri əks etdirən çoxsaylı videolar da təsdiqləyir. KİV-in məlumatına görə, Krımda yanacaqdoldurma məntəqələrinin yarısı benzin satışını dayandırıb.
Rekord səviyyəyə çatan və iki həftədir daha da pisləşən bu yanacaq böhranı Ukrayna ordusunun bu il neft emalı zavodlarını əsas hədəflərinə çevirən yeni taktikasından qaynaqlanır. İşğal hakimiyyəti əhalini sakitləşdirməyə çalışır, onları “ajiotaj yaratmamağa” və yanacaq almaqdan çəkinməyə çağırır.
S.Laçın