“Qarabağı azad etmək Poladın ən böyük arzusu idi, deyirdi ki..” - Milli Qəhrəmanın bacısı
Ekskluziv
716
27 Sep 2025 | 23:39

“Qarabağı azad etmək Poladın ən böyük arzusu idi, deyirdi ki..” - Milli Qəhrəmanın bacısı

“Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Onların canı-qanı  hesabına torpaqlarımız işğaldan azad olundu. Hər il sentyabr ayının 27-si simvolik bir gündür. Belə götürəndə 1988-ci ildən ermənilər torpaqlarımızı işğal etməyə başlayıblar. Hər zaman igid oğullarımız rəşadətlə bu hücumların qarşısını alıb, layiqli cavablarını veriblər. Fərqli-fərqli vaxtlarda qısa müddətli müharibələr olub. İstər Aprel döyüşləri, istər Tovuz döyüşləri, istərsə də 44 günlük müharibədən sonra Antiterror tədbirləri..
 
Budəfəki müharibə bir qədər uzun və yekun müharibə oldu. Bütün ölkə olaraq bu gün bütün şəhidlərimizin məzarlarını yad edirik. Əzizini itirmək, bir daha onu görməmək duyğusu ilə yaşamaq çox ağırdır. Həm şərəfli, həm də acılı bir gündür. Şərəflidir ona görə ki, onlar tarix yazıblar, torpaqları azad ediblər. Acıdır ona görə ki, bir daha onları görmək şansımız olmayacaq. Anım tədbirlərində biz də iştirak etməyə çalışırıq. Belə tədbirlərdə anamı görmək arzusunda olurlar, o da yaşlı insandır, səhhətində problemlər olur. Bu gün iki tədbirə dəvət olunmuşdu, təəssüflər olsun ki, səhhəti ilə bağlı iştirak edə bilmədi. Çünki məzar ziyarəti bir az uzun çəkdi. Növbəti günlərdə yenə də hər il olduğu kimi anım tədbirlərində iştirak etməyə çalışacağıq”
 
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Polad Həşimovun bacısı Kəmalə Həşimova deyib. O daha sonra əlavə edib:
 
“Poladın ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Bizim Poladla münasibətimiz çox yaxşı idi. Hər dəfə oturub söhbət edirdik, arzularından danışırdı, uzun-uzadı istəklərini deyirdi. Amma hərbi sahəyə gedəndən sonra demək olar ki, vaxtı olmadı. Evə gələndə də qaçaraq işlərinin arxasınca gedirdi. Çox uzun-uzun oturub söhbət edə bilmirdik. Həmişə deyirdi ki, “inşallah azadlığa çıxacağıq, ermənilər bizim ordumuzun, oğullarımızın qarşısında tab gətirə bilməyəcək”. 28 il ancaq bunun üçün çalışıb. Bütün gücü-qüvvəsi ilə, əlində olan və olmayan imkanlarla bunun üçün çalışıb. Sakit, səssiz işlərini görürdü. Çox şükür ki, əməyi boşa getmədi. Onun Tovuz hadisələri zamanı şəhid olması bütün xalqı ayağa qaldırdı. Məhz bu hadisələrdən sonra bütün millətimiz müharibənin başlanmasını tələb etdi və ard-arda könüllü olaraq hərbiyə yazıldılar. Bundan sonra siyasi iradə xalqın gücü ilə birləşərək bizi qələbəyə doğru apardı. Polad həmişə deyirdi ki, “250-300 şəhidlə mən Qarabağı azad edərəm”. Onun bəlli bir planları, strategiyası var idi. O yüksək ali hərbi təhsil almışdı. Çox savadlı idi. Biri var döyüşçü, biri də var savadlı döyüşçü. O hərbi taktikanı, o yerlərin coğrafiyasını çox gözəl bilirdi. Xəritələri öz əli ilə çəkirdi. Mən bunların şahidiyəm. İnsanın beyni durmadan hərbi üçün çalışırdı. Bu bir fitri istedad idi. Polad 44 günlük müharibədə iştirak etsəydi bizim itkilərimiz qat-qat az olacaqdı. Mən bunu sizə tam əminliklə deyirəm. Əfsuslar olsun ki, müharibədə iştirak etmək ona qismət olmadı. Mən həmişə deyirəm, bizim ən böyük sərvətimiz torpağın altındadır - şəhidlərimizdir” deyə Milli Qəhrəmanın bacısı bildirib.

 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər