“Mən Füzulidə tibb mərkəzinin diaqnostika şöbəsində xadiməçi işləyirəm. Hərənin bir işi var idi. 26 sentyabrda bizə tapşırıq gəldi ki, hər yeri təmizləyin. Biz də təmizlədik. Hətta meyitxananı da gedib özüm təmizlədim. 26 sentyabrda Sərhəd gəlib mənimlə xəstəxanada halallaşdı. Yatıb yuxuda görürdüm ki, balam şəhid olub, üstü bayraqdır, hamı da bizdədir. Bu yuxunu 4 dəfə gördüm. 26 sentyabrda mənimlə görüşəndə dedi ki, “ana, sənə nə etmişəmsə haqqını halal et”. Onu yola salanda dedi ki, “ana, mən şəhid olacam”. Ona dedim ki, üstümə şəhid kimi tabutun gəlməsin, özün gəl, eybi yoxdur, bir qolun, bir qıçın olmasın, amma mən durub xəstəxanada hamının gözünün qabağında oynayaram. Mənim balam Naxçıvanda hərbi xidməti başa vurub gələndən sonra müddətdən artıq hərbi xidmətçi kimi orduda işə başlamışdı. Beyləqanda işləyirdi. Müharibə başlamazdan öncə bir neçə hərbi kursa getmişdi”
Bunu Moderator.az-a açıqlamasında şəhid Sərhəd Hüseynovun anası Sevda Həsənova deyib. O daha sonra əlavə edib:
“Sentyabrın 27-də müharibə başladı. Morqda işləyirdim, hər yerdən xəstəxanaya həkimlər gəlmişdi. Yaralıların geyimlərini, ayaqqabılarını çıxarıb, üstündəki əşyalarını siyahıya alırdıq ki, sağalanda özlərinə qaytaraq. 28 sentyabrda yenə də meyitxanada idim. Gördüm ki, kamaz gəldi və içi dolu şəhid... Dedilər ki, 12 şəhidimiz var. Öz-özümə ürəyimdə dedim ki, “ay Allah, bu 12 şəhid anasının ürəyi səhər tezdən partlayacaq”. Sentyabrın 29-u günü idi. Zalda oturmuşduq, gördük ki, 3 yaralı və 3 şəhid gətirdilər.
Yaralını təmizlədim, qaçdım morqa. Meyitxanaya girəndə iki şəhiddən qan gəldiyini gördüm, o biri şəhiddən isə qan gəlmirdi. Yenə də öz-özümə dedim ki, “ananın gözü çıxsın, bəbəyi çıxsın, belə də şəhid olar?”. O qədər özümə qarğış etdim ki. Mən nə biləydim ki, bu mənim balamdır? Yavaş-yavaş yaxınlaşırdım ki, onun üzünü açım. Bu anda Ceyran həkim məni çölə çıxartdı.. Dedi ki, yorulmusan, gəl çıxaq çölə.. Birdən təcili tibbi yardımın sürücüsü dedi ki, maşın qan içindədir, bunları kim təmizləyə bilər? Dedim ki, özüm siləcəm. Qanın ləkəsini silib zala getdim.
Zala gedəndə ayaqlarım, qolum tutuldu, diz çöküb yerə oturdum. Öz-özümə dedim ki, ay Allah, mənə nə oldu? Yenə də bilmirdim ki, bu şəhid mənim oğlumdur! Ötəri bir hiss idi, gəldi və getdi. İş yoldaşım dedi ki, sən bu gün Sərhədlə danışmısan? Dedim ki, yox, danışmamışam. O biri iş yoldaşım da gəlib məndən Sərhədi soruşdu. Şübhələndim. Sonra da məni evə göndərmək istədilər. Dedim ki, getmirəm. Məni birtəhər evə göndərdilər. Evə çatanda mənə dedilər ki, Sərhəd şəhid olub. Balam snayper gülləsinə tuş gəlmişdi.. Güllə alnından girib başından çıxmışdı.. Balamın beyni dağılmışdı (ağlayır)” deyə şəhid anası bildirib.
Sevda Həsənova deyir ki, oğlu şəhid olmaqla arzusuna çatıb:
“Sərhəd iki hərbçi yoldaşını döyüş meydanından çıxarıb, 3-cü yoldaşını da çıxarmaq istəyəndə düşmən atəşinə tuş gəlib. Qəbirstanlıqda tabutu açdım, balama baxdım. Əlinin arasına bacısının adı yazılmışdı. Balamın arzusu yerinə yetmişdi.. O şəhid olmaq istəyirdi.. Balam başımı uca edib. Hər kəsə şəhid olmaq nəsib olmur. Balamın ölümü ilə də fəxr edirəm. Arzu edirəm ki, Allah məni ona tez qovuşdursun” deyə şəhid anası bildirib.