Ekskluziv
619
20:30, Bu gün

"Putin Avropaya qarşı hibrid müharibəyə başlayıb: səhv addım fəlakətə çevrilə bilər" - CNN

"Kremlin görünməz hücumları Avropanı sarsıdır, amma risklər Putinin özünə də baha başa gələ bilər..."
 
Vladimir Putin Avropaya qarşı yeni mərhələdə hibrid müharibə aparır. Bu hücumlar açıq toqquşmaya çevrilməsə də, onların məqsədi Avropa cəmiyyətlərində qorxu və güvənsizlik yaymaqdır.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Avropada görünməz hücumlar
 
Ekspertlərin fikrincə, Moskva "görünməz cəbhə" yaradır, amma bu taktika nəzarətdən çıxarsa, NATO-nun sərt cavabına səbəb ola bilər. Nəşr yazır ki, son həftələr Avropa ölkələri bir sıra insidentlərlə üzləşib: hava limanlarında kiberhücumlar, uçuşlarda gecikmələr, Estoniya hava məkanının 12 dəqiqəlik pozulması, Polşaya yönəldilmiş 20-dən çox dron və Danimarka yaxınlığında transponderləri söndürülmüş rus hərbi gəmisi.
 
Heç bir fakt rəsmi şəkildə Kremlə bağlanmayıb. Lakin məhz bu qeyri-müəyyənlik Moskvanın məqsədinə uyğundur: vətəndaşların özlərini müdafiəsiz hiss etməsinə səbəb olmaq. Danimarka baş naziri Mette Frederiksen vəziyyəti belə dəyərləndirib: "Hibrid hücumlar Avropa üçün yeni reallığa çevrilir".
 
Avropanın cavabı və dilemması
 
Danimarka Ukraynaya F-16 qırıcıları verir, pilotsuz aparatların istehsalını dəstəkləyir və yeni raketdən müdafiə sistemləri hazırlayır. Böyük Britaniya və Polşa isə artıq Kreml tərəfindən təşkil olunduğu iddia edilən diversiya aktlarını - anbarların yandırılması və cinayətkar qrupların sabotaja cəlb olunmasını qeydə alıb.
 
Amma problem ondadır ki, ucuz dronlara qarşı müdafiə çox baha başa gəlir. Məsələn, dəyəri 30 min dollar olan "Shahed" dronunu vurmaq üçün F-35 qırıcısından on minlərlə avro dəyərində raket istifadə olunur. Bu, Avropanı çətin seçim qarşısında qoyur: ya aylıq milyonlarla xərcləmək, ya da təhlükəsizlik riskini qəbul etmək.
 
Putin üçün təhlükəli oyun
 
CNN xəbərdarlıq edir ki, bu hibrid müharibə Kreml üçün də risklidir. Sabotajçılar səhv addım ataraq NATO ölkəsində mülki insanların ölümünə səbəb ola bilər. Bu isə Qərbin proqnozlaşdırılmayan və hətta həddindən artıq sərt reaksiyasını doğura bilər.
 
Məqalədə qeyd olunur ki, artıq dördüncü ildir davam edən müharibədə Putin Avropaya "döyüşsüz cəbhə" hissini qəbul etdirə bilib. Uçuşların gecikməsi, qiymət artımı, kiberhücumlar ukraynalıların qurbanları ilə müqayisədə kiçikdir, amma Avropa cəmiyyətləri və hökumətləri üçün yeni bir sınağa çevrilib.
 
Hibrid müharibə davam edir
 
Son hadisələr bunun təsdiqidir: Danimarkada bir neçə hava limanının yaxınlığında naməlum dronlar görünüb, nəticədə Olborq hava limanının işi dayandırılıb. Eyni vaxtda İsveçin Karlskrun adalarında - donanmanın əsas bazasının yerləşdiyi ərazidə iki pilotsuz aparat qeydə alınıb. CNN vurğulayır ki, Putinin hibrid müharibəsi artıq Avropanın gündəlik həyatına sirayət edib. Lakin hər yeni hücum Kreml üçün də potensial fəlakət riskini artırır.
Link kopyalandı!
Son xəbərlər