Ekskluziv
563
19:32, Bu gün

"Tramp Putinlə "flörtə" son qoyub: Avropa və Ukrayna yeni strategiya qura bilər" - "Bloomberg"

"ABŞ liderinin mövqeyi dəyişsə də, zəif Avropa hələ də Kreml qarşısında acizdir..."
 
ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı ritorikasında kəskin dönüş müşahidə olunur. Bu, həm Qərbin gələcək strategiyalarını dəyişir, həm də Avropanın zəif tərəflərini daha da üzə çıxarır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Tramp artıq özünü sığortalayır
 
Nəşri köşə yazarı Mark Çempion yazır ki, əvvəllər Kreml təbliğatını təkrarlayan və yardımı məhdudlaşdıran Tramp indi açıq şəkildə bəyan edir ki, Ukrayna Avropanın dəstəyi ilə Rusiya tərəfindən işğal olunmuş ərazilərini geri qaytara bilər. Müəllifin qənaətinə görə, Tramp Putinə "xoş gəlmək" siyasətini dayandırıb. Onun qənaətinə görə, Trampın yeni mövqeyi iki məqsədə xidmət edir: bir tərəfdən ABŞ lideri "Kiyev və Avropa öz gücləri ilə qələbə qazana bilər" deyərək məsuliyyəti üzərindən atır, digər tərəfdən isə Avropanı öz müdafiə imkanlarını inkişaf etdirməyə məcbur edir.
 
Çempion xatırladır ki, Trampın əvvəlki addımları - Ukraynaya kəşfiyyat məlumatlarının məhdudlaşdırılması və yardımların azaldılması  müharibə cəbhəsində Kiyevə zərbə vurub. Lakin indi Ukraynanın 700 mindən çox hərbçisi, dünyanın ən böyük dron sənayesi və sürətlə inkişaf edən silah istehsalı var. Bu, Avropanın zəif hərbi hazırlığını qismən kompensasiya edə bilər. Müəllif Avropaya çağırış edir: müdafiə sənayesini, xüsusilə də pilotsuz aparat sahəsində Ukrayna ilə birləşdirin. ABŞ-ın "Patriot" sistemləri və kəşfiyyat məlumatlarına ehtiyac qalır, amma siyasi olaraq Avropa artıq Trampın hərəkətlərindən asılı olmamalıdır.
 
Avropanın zəifliyi "tarixi tənəzzül"dür
 
"The Telegraph" nəşri isə başqa tərəfə diqqət çəkir: Avropa iqtisadiyyatının böyüklüyünə baxmayaraq, hələ də Putinə qarşı qətiyyət göstərmir. Məqalədə Rusiya lideri "diskont mağazasından alınmış Stalin" adlandırılır, Avropanın isə hələ də "soyuq müharibə"dən yanlış dərs çıxardığı" və hərbi potensialını artırmadığı qeyd olunur.
 
Statistik rəqəmlərə baxmayaraq -Avropa ÜDM-i Rusiyadan 10 dəfə, əhalisi isə 3,7 dəfə çoxdur - Qitə hələ də özünü müdafiə etmək gücündə deyil. Müəllifin fikrincə, Avropanın "sadəlövh antimilitarizmi" nəticəsində o, ABŞ-dan yardım dilənməyə məcbur qalıb. Müəllif Avropa ölkələrinin hələ də Rusiyanın neft və qazından asılı qaldığı, kiberhücumlara və dron təhdidlərinə cavab verə bilmədiyi vurğulayır, bunu "sivilizasiyanın tənəzzülü" adlandırır.
 
Putin  "kağız pələng"dir
 
Nəşr qeyd edir ki, Vladimir Putin artıq zəifdir və müharibəni təkbaşına davam etdirmək gücündə deyil. "The Telegraph" Trampın BMT Baş Assambleyasında Putini "kağız pələng" adlandırmasını haqlı sayır, onu "Çinə bağlı, İrana və Belarusa söykənən, tarixi ambisiyaları xəyal olan uğursuz diktator" kimi təsvir edir. Trampın mövqeyindəki dəyişiklik Ukrayna və Avropa üçün yeni imkanlar açır, amma eyni zamanda böyük məsuliyyət də qoyur. ABŞ liderinin artıq Putinə "siyasi güzəşt" etməməsi Avropaya siqnaldır: ya özünü toparlayıb real güc nümayiş etdirmək, ya da Kremlin təzyiqi qarşısında zəif qalmaq.
 
Link kopyalandı!
Son xəbərlər