Bizi sosial şəbəkələrdən izləyin:
“Biz Qarabağın illərlə həsrətini çəkmişik, gözümüzün qabağında bu həsrətlə dünyadan köçənlərimiz, “kaş gedib öz evimdə öləydim” deyən qohumlarımız olub. Artıq torpaqlarımızı geri almışıq. Bütün Azərbaycan xalqı nə qədər sevinirsə, mən də ondan bir az artıq sevinirəm. Çünki şəhid ailəsiyəm. İllərlə bizə dağ çəkilib. Bir əsrdə 4-cü dəfə idi ki, biz erməni təcavüzünün qurbanı olurduq. Cənab Prezidentimizə, şəhidlərimizə, qəhrəman övladlarımıza çox borcluyuq. Biz təkcə ermənilərə yox, onların arxasında dayanan qüvvələrə də qalib gəldik. Biz güclənənə qədər bizim arxamızda heç kim durmurdu. Hətta o çətin illərdə, bizim insanlarımız köçkün düşən vaxtı, ayaqyalın, başıaçıq qaçan, yollarda öldürülən vaxtı Amerika bizə 907-ci düzəlişi-azadlığa dəstək aktını ləğv etdi. İndi biz güclüyük deyə Amerika bizi dünyada tanıyır, hələ bir prezidentimizlə görüşür, onun ünvanına xoş sözlər deyir”
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, sabiq millət vəkili Flora Qasımova deyib. O daha sonra əlavə edib:
“Torpaqlarımızı geri almaq bizə xalq olaraq, dövlət olaraq beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Bundan böyük sevinc ola bilərmi? Biz bütün bunlardan nəticə çıxarmalıyıq. Dövlətimizin daha da güclənməsi üçün hər bir azərbaycanlı əlindən gələn köməyi etməlidir. Bundan başqa dost ölkələrlə münasibətlərimiz möhkəmlənməlidir. Müharibə dönəmində bizə arxa duran Türkiyə, Pakistan kimi dövlətlər oldu. Bu çox böyük bir qələbə idi. 44 gün ərzində 30 ildən çox işğal olunan, orada möhkəmlənən, səngərlər quran bir dövlətə qalib gəldik. İndi sülh danışıqları gedir, ölkə başçılarımız görüşürlər, danışırlar. Onların arxasında vaxtilə Moskva dayanmışdı, indi üzlərini qərbə tutublar. Başqa əlacları yoxdur axı! Amma biz unutmamalıyıq. Bəlkə neçə illər keçə, Qərbi Azərbaycandan gələnlər öz yurdlarına köçələr.. Yoxsa onlar indi hansı üzlə gəlib Qarabağda yaşaya bilərlər? Biz bu hadisələri necə unuda bilərik? Onlar hansı üzlə gəlib oturacaqlar burada? Mənim 4 nəslim erməni təcavüzünün qurbanı olub. Ermənilər hələ o vaxt Şuşaya hücum edəndə mənim ulu babam oranın müdafiəsini təşkil edən 6 dəstədən birinin rəhbəri olub. Babam 1918-1920-ci illərdə cumhuriyyət dövründə Şuşada, Qubadlıda vəzifədə olub. Cumhuriyyət süquta uğrayanda repressiya olunub. Atamgil köçkün düşüb, yoldaşım şəhid olub. Məndən soruşurlar ki, onlarla yaşaya bilərik? Deyirəm ki, bir əsrdə 4 dəfə bizim başımıza zülm gətirən bir millətə 5-ci dəfə də şans verək?” deyə Flora Qasımova deyib.
