Bizi sosial şəbəkələrdən izləyin:
“Hesab edirəm ki, belə hadisələr əsasən bizim oradakı icmalarımızın zəif təşkilatlanması və koordinasiyasızlığından irəli gəlir. Əgər o torpaqlardakı Azərbaycan türklərinin icmaları daha yaxşı təşkilatlansalar, öz mənafe, maraq və mövqelərini mütəşəkkil müdafiə etməyi bacarsalar...”
Xəbər verildiyi kimi, bu günlərdə Gürcüstanın Marneuli (Sarvan) şəhərində azərbaycanlı azyaşlıya qarşı milli zəmində təzyiq olayı baş verib. Belə ki, meriya əməkdaşı Tornike Mtvarelidze və Marneuli sakrebulo (bələdiyyə şurası) sədr müavininin 27 yaşlı oğlu Mamuka Gigani Azərbaycan türkü olan yeniyetməyə “öz ölkənə qayıt” deyərək onu alış-veriş etmək istədiyi şirniyyat mağazasından zorla bayıra çıxarıblar. Gürcü dilini bilmədiyi üçün azərbaycanlı uşağı döyməkdə ittiham olunan Mamuka Gigani artıq həbs edilib. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında belə deyilir.
Hadisə ilə bağlı Bütöv Azərbaycan Ocaqlarının yaydığı bəyanatda bildirilir ki, Gürcüstanda yaşayan Azərbaycan türkləri hər zaman ölkənin ərazi bütövlüyünü dəstəkləyib və heç vaxt hansısa separatçılıq meyillərinə qoşulmayıblar.
Bəs görəsən, bu olay nədən xəbər verir, Azərbaycan dövləti və ictimaiyyəti belə hallara hansı profilaktik tədbirləri görə bilər?
AMİP-in fəxri lideri Etibar Məmmədov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
“Təəssüf ki, son onilliklərdə qonşu Gürcüstanda soydaşlarımızla bağlı belə hadisələr mütəmadi olaraq baş verir. Yəni birinci dəfə deyil. Və bu cür olaylar da müəyyən dövrlərdə gərginlik yaradır. Hesab edirəm ki, belə hadisələr əsasən bizim oradakı icmalarımızın zəif təşkilatlanması və koordinasiyasızlığından irəli gəlir. Əgər o torpaqlardakı Azərbaycan türklərinin icmaları daha yaxşı təşkilatlansalar, öz mənafe, maraq və mövqelərini mütəşəkkil müdafiə etməyi bacarsalar, oradakı şovinistlərin bu cür hərəkətlərinə də yol verilməzdi. Onlar bu cür addımlardan çəkinər, bir sözlə belə hallara qarşı daha effektiv mübarizə aparmaq mümkün olardı...
Məsələnin bir başqa tərəfi də odur ki, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar da öz fəaliyyətlərini daha güclü şəkildə ortaya qoya bilmirlər. Onların, eləcə də müyəyyən vəzifələr tutan soydaşlarımız bu məsələlərə münasibət və mövqelərini kifayət qədər açıq və aktiv olaraq nümayiş etdirmirlər. Üstəlik və təəssüf ki, Azərbaycan hökumətinin bu işlərlə məşğul olmalı qurumları da Gürcüstandakı soydaşlarımızı öz talelərinin ümidinə buraxıb. Yəni xaricdəki azərbaycanlıların hüquqlarının qorunmasına dair ciddi, məqsədyönlü bir siyasət yürüdülmür. Bu səbəbdən də belə hadisələrin baş verməsi qaçılmaz olur. Ancaq Gürcüstanda bu cür gərginliklərin böyümə ehtimalı olduqca azdır...”
Sultan Laçın