İlham Əliyevdən yeni dünya düzəni ilə bağlı çağırış!
Ekskluziv
478
19:17, Bu gün

İlham Əliyevdən yeni dünya düzəni ilə bağlı çağırış!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Çıxışında sülh faktorunun müasir dünyamızdakı önəminə toxunan dövlət başçısı, inkişaf və tərəqqiyə gedən yolun təhlükəsizlikdən keçdiyini vurğulayıb. İlham Əliyev qeyd edib ki, bəşəriyyətin inkişafı yalnız sülh və sabitlik şəraitində mümkün olduğu üçün sülhün təmini əsas şərt kimi diqqət mərkəzində olmalı, dünya briliyi bu istiqamətdə səylərini birləşdirməli, müharibələrin qarşısını almaq ümün daha effektiv  sistem formalaşdırmalıdır.

Azərbaycanın 30 ilə yaxın müddətdə erməni işğalına məruz qaldığını, BMT-nin Təhlükəsizlik Şurasının sözügedən problemlə bağlı qətnamələrinin illər uzunu icra edilmədiyini xatırladan İlham Əliyev, bu qətnamələrin 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən icra olunduğunu bildirib:

“Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.

2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü”.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında faktiki olaraq yeni dünya düzəninin yaradılması təklifi ilə çıxış etdi. Dövlət başçısı təkliflə yanaşı, həm də bunu gerçəkləşdirməyin konkret formulunu ortaya qoydu. Prezident İlham Əliyev təklif etdi ki, “gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Sitatdan da göründüyü kimi, Prezident İlham Əliyev yeni dünya düzəni üçün üç əsas şərtin vacibliyi qənaətindədir. Bunlardan biri ikili standartlardan imtina, ədalətin selektiv deyil, kütləvi şəkildə tətbiqidir. Başqa sözlə desək, Azərbaycan Prezidenti daha gözəl, mütərəqqi dünya düzəni üçün ikili stnadartlardan imtinanı zəruri sayır.

İlham Əliyevin yeni dünya düzəni üçün gərəkli hesab etdiyi ikinci amil qanunun aliliyi prinsipinə əməl edilməsidir. Hansı ki, Azərbaycan torpaqlarının işğal dönəmində də bu prinsiplə çıxış etmiş, təcavüzə məruz qalanla təcavüzkara eyni cür yanaşılmasının ədalət prinsipinə zidd olduğunu vurğulamışdı.

Nəhayət, İlham Əliyevin yeni və mütərəqqi dünyanın mövcudluğu kimi irəli sürdüyü üçüncü şərt sülhün mövcudluğu, eləcə də, bu mövcudluğun yalnız sözdə deyil, əməldə tətbiqidir. Azərbaycan Prezidentinin qənaətincə, məhz bu üç şərtin yerinə yetirilməsi yer üzündə dövlətlərin və  xalqların təhlükəsizliyinin toxunulmaz olduğu, insanların sülh və firavanlıq içərisində yaşadığı bir dünyanın mövcudluğunu təmin edə bilər. Bunun üçün isə bütün dövlətlərin Azərbaycanın yeni dünya düzəni ilə bağlı  irəli sürdüyü təklifləri səmimi şəkildə dəstəkləməsi, bu istiqmaətdə birgə əmək sərf etməsi vacibdir.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər