Ukrayna AES-ləri dron hücumlarının hədəfində
Ukraynadakı atom elektrik stansiyaları (AES) yenidən dron hücumlarının hədəfinə çevrilib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) xəbərdarlıq edir: hərbi əməliyyatların fonunda Avropada nüvə təhlükəsizliyi misilsiz risk altındadır.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
Cənubi-Ukrayna AES-də təhlükəli gecə
25 sentyabr gecəsi Cənubi-Ukrayna Atom Elektrik Stansiyasının (Nikolayev vilayəti) cəmi 800 metrliyinə pilotsuz uçuş aparatı düşərək partlayıb. Partlayış nəticəsində metal konstruksiyalar, yaxınlıqdakı avtomobillər və 150 kilovoltluq elektrik xətti zədələnib. Həmin xətt stansiya ilə birbaşa bağlı olmasa da, faktın özü ciddi siqnaldır.
MAQATE mütəxəssislərinin məlumatına görə, hücum gecəsi stansiyanın müşahidə zonasına 22 Rusiya dronu daxil olub, bəziləri isə 500 metr məsafəyədək yaxınlaşıb. Agentliyin əməkdaşları öz evlərindən atəş və partlayış səslərini eşidib, səhər isə düşən dronun yaratdığı bir metr dərinlikdə krateri qeydə alıblar.
"Növbəti dəfə şansımız gətirməyə bilər"
MAQATE baş direktoru Rafael Qrossi hadisədən sonra bəyan edib: "Dronlar yenə də atom stansiyalarına həddindən artıq yaxınlaşır və nüvə təhlükəsizliyini risk altına salır. Xoşbəxtlikdən, bu dəfə Cənubi-Ukrayna AES-in özünə ziyan dəyməyib. Amma növbəti dəfə şansımız gətirməyə bilər". O, həmçinin tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırıb. Qrossi ölkəni açıq şəkildə göstərməsə də, hücumların mənbəyi kimi Rusiyanın adı şübhə doğurmur.
Zaporoje və Çernobıl: təhlükənin tarixi fonu
Bu insidentdən qısa müddət əvvəl Zaporoje AES artıq onuncu dəfə tam enerji təchizatını itirib. Stansiya 48 saatdan çoxdur ki, yalnız dizel-generatorların hesabına işləyir. Bu, işğal altında olan obyektin ən uzun müddətli enerji kəsintisidir. Fevral ayında isə Rusiya dronu Çernobıl AES-in qoruyucu konstruksiyasına çırpılaraq yanğına səbəb olub. Kreml insidentin məsuliyyətini rədd edərək "təxribat" versiyasını irəli sürüb.
Rusiyanın sistemli hücumları
Ekspertlər xatırladır ki, Moskva uzun müddətdir Ukraynanın enerji infrastrukturunu, o cümlədən atom stansiyalarını planlı şəkildə hədəfə alır. 2024-cü ilin noyabrında üç AES-i təmin edən yarımstansiyalar Rusiya zərbələri nəticəsində sıradan çıxıb, nəticədə ölkədə fövqəladə elektrik kəsintiləri tətbiq olunub.
Nüvə təhlükəsizliyi zərbə altında
Üç ildən çoxdur MAQATE Ukraynada nüvə faciəsinin qarşısını almaq üçün səylər göstərir. Lakin ekspertlərin vurğuladığı kimi, təşkilatın missiyası yalnız o halda uğurlu sayıla bilər ki, müharibə ağır texnogen fəlakət yaşanmadan bitsin. Avropa isə indi hər zamankından çox "nüvə ruletkası"nın oyuncağına çevrilib. Bir dronun səhvi milyonlarla insanın taleyini dəyişə bilər.