“Bunu əvvəl də demişəm, mina hadisələrinin 95 faizində günah insanların özündə olur. Təəssüf ki, insanların əksəriyyəti məsuliyyətsiz davranır. Biri deyir ki, “mənim atam filan yerdə qiymətli bir əşya basdırıb- gedib onu qazıb çıxarmalıyam. Digəri deyir ki, babam həyətimizdə qoz ağacı əkib- onun barından dadmalıyam. Və s. və i.a..."
“Əvvəla, insan atdığı hər bir addımın nə ilə nəticələnə biləcəyini öncədən fikirləşməlidir. Hökumətimiz, xüsusən də minaların təmizlənməsi ilə məşğul olan qurumlar çalışır ki, əvvəlcə yaşayış məntəqələrini və qəbiristanlıqlar minalardan təmizlənsin. Amma bütün bu işləri eyni vaxtda görmək mümkün deyil — bu planlı şəkildə həll olunur. İşin gedişi dövlət strukturlarından, xüsusi təlimat və texnikalardan asılıdır. Hansısa qurum özbaşına gedib məsələn, Ağdam rayonunun Qalayçılar kəndini və onun qəbiristanlığını minalardan təmizləyə bilməz. Çünki bildiyimə görə, həmin kənddə yaxın 2-3 ildə heç bir tikinti işi planlaşdırılmır. Eləcə də Sarıcalı, Xıdırlı kəndlərinin üç tərəfi minalıdır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında işğaldan azad torpaqlardakı qəbiristanlıqların minalardan təmizlənməsinin vacibliyi, eyni zamanda insanların öz təhlükəsizliyini qorumasının da zəruriliyindən danışan tanınmış Qarabağ qazisi, peşəkar hərbçi Azay Kərimov dilə gətirib.
Keçmiş döyüşçü tabor komandiri hesab edir ki, mina faciələrinin əksəriyyətindən günah insanların özündə olur:
“İkincisi, bunu əvvəl də demişəm, mina hadisələrinin 95 faizində günah insanların özündə olur. Təəssüf ki, insanların əksəriyyəti məsuliyyətsiz davranır. Biri deyir ki, “mənim atam filan yerdə qiymətli bir əşya basdırıb- gedib onu qazıb çıxarmalıyam. Digəri deyir ki, babam həyətimizdə qoz ağacı əkib- onun barından dadmalıyam. Və s. və i.a. İnsanlar bəzən şəxsi mənafeyi, nəfsinin istəyini önə çəkib təhlükəni nəzərə almırlar. Bu da işləri çətinləşdirir — insanların nizam-intizamla, təhlükəsizlik qaydalarına riayət edərək davranması çox vacibdir.
Qarabağın işğal dövründə minaların daha çox basdırıldığı düzən ərazilərində mal-qoyun üçün otlaq sahəsi çoxdur. Ot isə yazda-yayda dizdən yuxarı olur. Yəni ayağının altı da görünmür. Bəziləri heyvanlarını otarmaq və ya sadəcə əkin-biçin işləri yerinə yetirmək üçün həmin otlaqlara daxil olur və özlərini labüd mina təhlükəsi ilə üz-üzə qoyur”.
Qarabağ qazisi hesab edir ki, minatəmizləmə agentlikləri insanların müraciətlərini nəzərə alıb zəruri hallarda onlara kömək edirlər.
“Bildiyimə görə, işğaldan azad edilmiş torpaqlarda öz dədə-babalarının, əzizlərinin məzarını ziyarət etmək istəyən insanlar mina təmizləmə agentliklərinə, onların yerlərdəki bazalarına müraciət edib minadan təmizlənməmiş ərazilərdəki qəbiristanlıqlara daxil olmaqda kömək istəyəndə həmin qurumlar onlara yardım edirlər. Məsələn, Cəbrayılın kəndlərindən birində bir qrup insan qəbiriştanlıqları təmizləmələrindən ötrü yardım edilməsi üçün minatəmizləmə agentliyinə müraciət edib. Onlara dəstək üçün xüsusi bir qrup ayrılıb və qəbiristanlıq minalardan da. kol-kosdan da təmizlənib.
Mən Qarabağda gəzərkən diqqət etdim, bir çox yerlərdə mina təhlükəsi işarələri, plakatları qoyulub, bəzi yerlərdə, xüsusən keçmiş minalanmıış təmas xətti olan ərazilərdə keçilməz məhəccərlər qoyulub, təhlükəsizlik tədbirləri gücləndirilib. Amma bəzi yerlərdə də bu cür tədbirlər yoxdur. Təhlükəsizlik çox vacibdir. Bu məsələnin həlli üçün sistemli yanaşma və düzgün planlaşdırma lazımdır”, -deyə Azay Kərimov diqqətə çatdırıb.
“Onu da bir daha xatırladım ki, bəzi yerlərdə ermənilər çıxarkən əllərində partlayıcı nə varsa, hamısını torpağın altına necə gəldi basdırıblar, xəritə isə yoxdur. Xəritə olmadan iş görmək mümkün deyil — hər santimetr, hər kvadratmetr diqqətlə yoxlanılmalıdır. Bu haqda Nazirlər Kabinetinin qərarı var və məsələ aidiyyəti qurumların diqqətindədir və onların nəzarətindədir.
Xüsusilə dağlıq ərazilərdə vəziyyət çətindir: bəzi yerlərə texnika girə bilməz, maşın çıxa bilməz. Texnika işləsə də, insan əli ilə yoxlanılma mütləqdir — hər qarış, hər addım diqqətlə yoxlanmalıdır. Bu, hamımızın məsuliyyətidir.
Bir peşəkar hərbçi kimi insanlara bir daha müraciət edirəm: işğaldan azad edilmiş torpaqlarda hərəkətə icazə verilmiş avtomobil yollarından kənara çıxmaq olmaz. Yalnız işarələnmiş ərazilərdən kənar təhlükəsiz yollarla hərəkət edin — həmin yollarla gedin və həmin yolla geri qayıdın. Başqa cür riskə getmək olmaz”, - deyə peşəkar hərbçi vurğulayıb.