“Arzu edirəm ki, vaxtilə çəkildiyimiz filmlər “Kann”, “Venesiya” festivalında qalib olub, “Oskar” alsın” - ÖZƏL
Ekskluziv
175
25 Sep 2025 | 23:35

“Arzu edirəm ki, vaxtilə çəkildiyimiz filmlər “Kann”, “Venesiya” festivalında qalib olub, “Oskar” alsın” - ÖZƏL

“İstəklər insanın özündən asılıdır. İstəyi insan özü həyata keçirə bilir, amma arzuda mütləq tanrı əli var. Arzulayırsan! Mənim bu gün özüm üçün yox, Azərbaycan kinosu üçün çox böyük arzularım var. Arzu edirəm ki, Azərbaycan kino sənəti nümunələri “Kann”, “Venesiya” festivalının qalibləri olsun, “Oskar” mükafatına layiq görülsünlər. Ən böyük arzum budur. Deyirlər ümid sonda ölür. Kino sənətinin inkişafı bu sənətlə məşğul olanların sənətə münasibətindən asılıdır. İnşallah, ümid edək”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, “Nəsimi” filminin Fatiməsi Xalidə Quliyeva deyib.
 
O daha sonra Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalındakı iştirakından danışıb:
 
“Doğum günümü Şamaxıda, “Nəsimi” festivalında qeyd etdim. 3 gün Şamaxıda olduq. Xalq artisti, “Nəsimi” rolunun ifaçısı Rasim Balayev festivala gələ bilmədi. Çünki orada həm məşq prosesi var idi, həm də saatla ayaq üstə qalmaq lazım idi. Rasim müəllimin səhhətində bir az problemlər var, ayaqları ağrıyır. Ona görə də gəlsəydi ona çətin olardı. Nəsimi rolunu əməkdar artist Elşən Rüstəmov oynayırdı. Müxtəlif sənətkarlar var idi. Həm qəzəl oxuduq, həm rəqslər oldu, həm də müğənnilər çıxış etdilər. Sanki çox gözəl və mistik bir dünyaya düşmüşdük. Onsuz da Nəsiminin qəzəllərini eşidəndə başqa bir aləmə düşürsən. Düşünürsən ki, o zamanın adamlarının sözləri, kəlamları nə dərəcədə dərin olub! O vaxtın şairləri bəşəri mövzulardan yazıblar. Bugünki şeiriyyatla o dövrün şeiriyyatının arasında böyük fərq var. Bugünki şeirlər cılızdır” deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər