Azərbaycan Kinematoqrafçılar Ittifaqının rəsmi tərəfdaşlığı, Azad Mirzəcanzadə İnkişaf Proqramı, Gənc Film İstehsalçıları Assosiasiyasının və Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının dəstəyilə “İzzət Kino mükafatı” təqdim ediləcək. Mükafat AKİ-nin beynəlxalq əlaqələr/ layihələr üzrə meneceri, kinorejissor Afaq Yusifli tərəfindən təsis edilib.
Moderator.az-a açıqlama verən Afaq Yusifli layihənin yaranmasından danışıb:
“Mənim kinoda ilk müəllimim Əli İsa Cabbarov olub. 2015-ci ildən kino sahəsindəyəm. Bu illərdən başlayaraq mənə Əli İsa Cabbarov dərs deyib. Təqribən 3 il bundan əvvəl Əli İsa müəllimlə AKİ-də yaradıcı bir söhbət edərkən, müəllim sanki mənim beynimdə lampoçka yandırdı. Biz müzakirələr edərkən mən hiss etdim ki, Azərbaycanda belə bir kino mükafatı yoxdur. Nəzərə alsaq ki, mən özüm də Azərbaycan kinosunda qadın rejissor və prodüser kimi bir çox çətinliklərlə üzləşirəm.. 3 ildir ki, bu ideya üzərində araşdırmalar edirdim, ideyanı konkretləşdirib formalaşdırmağa çalışırdım. Nəhayət bu ilin fevral ayında layihələrin qəbulu baş tuturdu. O layihələrdə heç bir məhdudiyyət yox idi. İncəsənət sahəsi də ola bilərdi, kino da ola bilərdi, kimya sahəsi də. Mən 3 ildən sonra cəsarət tapıb “İzzət Kino mükafatı” layihəsi ilə “Azad Mirzəcanzadə İnkişaf Proqramı”-na müraciət etdim. Təqribən 3 aylıq təlimlər, müzakirələr prosesindən sonra jüri qabağına çıxdım. Jüri heyəti önündə bu mükafatı təqdim etdim. 10 qalibdən biri də “İzzət Kino mükafatı” layihəsidir” deyə o bildirib.
Afaq Yusifli bildirib ki, mükafat ilk kino aktrisa İzzət Orucovanın adı ilə bağlıdır:
“İzzət Orucova Azərbaycan kinosunun ilk azərbaycanlı, milli kino aktrisasıdır. O xanım özü müsahibələrinin birində deyib ki, “əgər Cəfər Cabbarlı vaxtından tez vəfat etməsəydi, mən bütün ömrümü kinoya həsr edərdim”. Azərbaycanın ilk kinolarının hər ikisini Cəfər Cabbarlı çəkib və hər iki filmdə İzzət Orucova rol alıb. Təəssüflər olsun ki, İzzət xanımın həyat yoldaşı repressiya olunur və o övladı ilə tək qalır. İzzət xanım Azərbaycanın təkcə ilk milli kino aktrisası deyil, həm də Azərbaycan elmini dünyada tanıdan alimlərdən biridir. O kimyaçı alimdir. Mən əslində ideyanı formalaşdırmışdım, amma mükafatı kimin adına eedəcəyimi bilmirdim. Bir çox insanlara yazıb soruşdum ki, siz belə bir mükafat formalaşdırsanız, ona kimin adını verərdiniz? Nəhayət araşdırmalardan sonra qərara gəldim ki, məhz İzzət Orucovanın adına bu mükafat adlandırılsın. Baxmayaraq ki, mükafat kino aktrisasının şərəfinə adlandırılır, amma mükafat kino aktrisaları üçün nəzərdə tutulmayıb. “İzzət Kino mükafatı”-nın əsas məqsədi Azərbaycan kinosunun qadın seqmentini önə çıxarmaq və kinomuzu qadın nöqteyi nəzərindən müzakirə etməkdir. Azərbaycan kinosunun 128 yaşı var. Dünyanın 10 qədim kino ölkəsindən biriyik. Amma təəssüflər olsun ki, hələ də Azərbaycanda kinomuz üçün çalışan, vuruşan, əmək sərf edən qadınlar yetərincə qiymətləndirilmir, onların işi geniş auditoriyalara çıxarılmır. Mən kimdən soruşsam ki, Azərbaycanda mənə bir qadın ssenarist, yaxud qadın rejissor və qadın prodüsser adı deyə bilərsənmi? 80 faiz soruşağımız insanlar bu suala cavab verə bilməyəcəklər. Yaxud da Azərbaycan kinosunda güclü azərbaycanlı qadın obrazı hansı filmdədir? Varmı Azərbaycanın Nəsimi, Babək, Qaçaq Nəbi kimi baş rol olan və bütün beyinlərə yerləşdirilmiş güclü qadın obrazı? Yəqin ki, bir çoxu deyəcək ki, yox. Hazırda mümkün kateqoriyalar üzərində iş gedir. Bundan əlavə mükafatın ilk eskiz versiyası artıq hazırdır. Dizaynı bitirmək üzrəyik. Dizaynda məhz İzzət xanımın özünün olmağını istəyirik. Çox böyük güman ki, oktyabr yaxud da noyabr ayında mükafatlandırma baş tutacaq” deyə o bildirib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirib ki, bu mükafat qadın kino işçilərini daim diqqətdə saxlayacaq:
“Azərbaycan Kinematoqrafçılar İttifaqı peşəkarları stimullaşdırmaq üçün mükafatlandırmanı bir ritual olaraq həmişə vacib sayıb. Uzun müddət bizim “Qızıl çıraq” mükafatımız olub. İndi isə hər il kino günündə sənətkarları biz müxtəlif nominassiyalar üzrə mükafatlandırırıq. AKİ-nin əməkdaşı Afaq Yusiflinin məhz qadın kinematoqrafçıları üçün nəzərdə tutulmuş “İzzət Kino mükafatı” qadın kino işçilərini diqqətdə saxlayacaq. Həm də real nəticələr göstərə bilər. Artıq bir neçə qadın kinematoqrafçı adı var, onlar aktivdirlər, fəaldırlar. Gənclər arasında Türkan Hüseynli, Leyla Qəmbərli və başqalarını misal çəkə bilərəm. Onlar ittifaqın layihələrində aktiv iştirak edirlər. AKİ-də “İzzət” mükafatına təşkilatı dəstək verəcək. İstəyirik ki, bu mükafat illik olsun və müxtəlif nəsil xanım kinematoqrafçıların fəaliyyətlərində stimul rolunu oynasın, onları düzgün istiqamətlərə yönəltsin” deyə o bildirib.