“Elxan Qasımovun ölüm xəbərindən sarsıldı, gözləri görməsə də dəfnə getdi” - ÖZƏL
Ekskluziv
923
25 Sep 2025 | 22:31

“Elxan Qasımovun ölüm xəbərindən sarsıldı, gözləri görməsə də dəfnə getdi” - ÖZƏL

“Əsəd Əsədovun anım günüdür. Artıq 2 ildir ki, Əsəd müəllim aramızda yoxdur. Həyatını Azərbaycan kinosunun inkişafına həsr edən insan, MDB ölkələrindən gələn təkliflərə “yox” deyərək yalnız Azərbaycan kinosuna xidmət etmək istədiyini  soyləyirdi. O işindən zövq alırdı. Daim yeniliklərlə dolu olan Əsəd müəllim “Dövlət Mükafatı” laureatı olan yeganə səs rejissoru idi. O bu mükafatı “Yaramaz” filmindəki işinə görə almışdı. Əsəd Əsədov “Mozalan” satirik kinojurnalının 150-dən çox buraxılışının səs rejissoru olub. Hətta mozalandakı arı vızıltısı səsini də o kəşf edib. “Fəryad”, “Qorxma,mən səninləyəm”, “Atları yəhərləyin”, “Küçələrə su səpmişəm” kimi unudulmaz filmlərdə peşəkarlıq nümayiş etdirib. “Fəryad” filmində də demək olar ki, həm musiqilərin yazılması, həm də səsləndirilməsi böyük zəhmət tələb edirdi ki, bunun öhdəsindən də o layiqincə gəlib. Rafiq Babayevin ifa etdiyi mahnının yazılması Əsəd müəllimin ən gözəl işlərindən biridir”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış aktyor Elnur Kərimov deyib. O daha sonra əlavə edib:
 
“Mən onu dostluqda hədsiz sədaqətli və mərd insan olaraq xatırlayıram. Uzun illər idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi, amma ailə üzvlərindən başqa heç kim bilmirdi. Daim həyat dolu olmaqla yanaşı, dostlarının ölüm xəbərləri onu daha da sarsıdırdı. Onu son dəfə sarsıdan belə xəbərlərdən biri də Elxan Qasımovun ölümü oldu. Gözləri tutulmuşdu, amma buna baxmayaraq həm vida, həm də dəfn mərasimində iştirak etdi. Əsəd müəllim mütəmadi olaraq dost dediyi insanların məzarlarını ziyarət edirdi. Hər gün dostları ilə maraqlanırdı” deyə aktyor bildirib.
 
Elnur Kərimov Əsəd Əsədovla qohumluq əlaqələrindən də söz açıb:
 
“Həyatımda ən böyük xoşbəxtlik Əsəd əmi kimi şəxsiyyətli bir insanı tanımaq olub. Heç bir zaman qayınata-kürəkən münasibəti deyil də, ən gözəl həm yaradıcı, həm də ağsaqqal olaraq davranışını görmüşəm. Çox məsələlərdə mənə örnək olub.  Şəxsiyyətli və mükəmməl insan olaraq yaddaşımda qalıb. Çox hadisələrin şahidi oldum. Çox narahat olduğum halda baş verən hadisələrə şəxsiyyət olaraq yanaşması və dostluqda sədaqətli olması yaddaşımda qalıb. Bir məsələ var idi ki, heç vaxt onun sözündən çıxa bilməzdim. Peşman da deyiləm. Uzunömürlü olmağını arzulayırdım. Ondan sonra ailəmizdə, həyatımızda böyük bir boşluq var. Səsi üçün, maraqlı söhbətləri üçün çox darıxıram” deyə əməkdar artist Elnur Kərimov bildirib.
 
Link kopyalandı!
Son xəbərlər