Zelenskinin bu sözləri İlham Əliyevin məşhur çıxışını yada saldı...
Ekskluziv
816
17:04, Bu gün

Zelenskinin bu sözləri İlham Əliyevin məşhur çıxışını yada saldı...

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı müasir dünyada təhlükəsizliklə bağlı mövcud problemlərə diqqət çəkib. Zelenski bildirib ki, bu gün hər bir dövlətin təhlükəsizliyi üçün başlıca məsuliyyət həmin dövlətin özünün üzərinə düşür:

“Bu gün bizdən başqa heç kim təhlükəsizliyimizi təmin edə bilməz. Yalnız güclü alyanslar, tərəfdaşlar və yalnız bizim öz silahımız. Əgər bir millət sülh istəyirsə, o, silahına diqqət yetirməlidi”.

Zelenski vurğulayıb ki, təhlükəsizlik məsələsində dost və silahdan başqa zəmanət yoxdur.

Ukrayna prezidentinin müasir dünyanın təhlükəsizlik arxitekturasını bu cür təsvir etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məşhur çıxışlarından birini yada salıb.

Xatırladaq ki, Prezident İlham Əliyev 22 avqust 2025-ci il tarixində Kəlbəcər şəhər sakinləri ilə görüşündə Azərbaycanın təhlükəsizliyinin qarantının elə Azərbaycanın özü olduğunu bildirib:

“Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

Göründüyü kimi, beynəlxalq təşkilatların və təhlükəsizlik sisteminin milli dövlətlərlə bağlı meydana çıxan təhdidlərin qarşısını almaqda aciz olduğu, bu səbəbdən də hər bir dövlətin bu kimi məsələlərdə ancaq öz gücünə güvənməsinin vacibliyi fikri ilk dəfə Prezident İlham Əliyev tərəfindən səsləndirilib. 30 illik işğal və 44 günlük Vətn müharibəsi təcrübəsini əldə rəhbər tutan İlham Əliyev, hər zaman Silahlı Qüvvələri daim inkişaf etdirməyin vacibliyini vurğulayır, bu gün olduğu kimi gələcəkdə də ordumuzun təhlükəsizliyimizin əsas qarantı olduğunu xatırladır.

Ukrayna prezidentinin bugünlərdə oxşar açıqlama ilə çıxış etməsi, xalqının təhlükəsizliyinin bilavasitə ordusunun gücünə bağlı olduğunu söyləməsi İlham Əliyev tərəfindən səsləndiriln həqiqətin beynəlxalq müstəvidə də qəbul edildiyini, təkrarlandığını göstərir.

Bu fakt bir daha Prezident İlham Əliyevin böyüklüyündən, onun uzaqgörənliyindən xəbər verir. Və bu fakt bir daha sübut edir ki, Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərini hər ötən il daha da artırması həyati zərurətdən, beynəlxalq aləmdəki mövcud reallıqlardan qaynaqlanır. Silahlı Qüvvələrimizin daha da moderlədirilməsi, onun döyüş hazırlığının mütəmadi inkişaf etdirlməsində isə yalnız bir məqsəd mövcuddur: Dövlətimizin və xalqımızın təhlükəsizliyini təmin etmək, bayrağımızı, ərazi bütövlüyümüzü və ləyaqətimizi hər cür təhlükədən hifz etmək.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər