Ekskluziv
454
15:08, Bu gün

"Trampın Ukrayna ilə bağlı mövqeyində gözlənilməz dönüş nə ilə bağlıdır?" - CNN

"ABŞ prezidentinin dəyişkən ritorikası Kiyevə ümid, Moskvaya xəbərdarlıq, Avropaya isə yeni təzyiq siqnalları göndərir..."
 
ABŞ prezidentinin ritorikasında dəyişiklik müşahidə olunur: Moskvanı hədələyən, Kiyevi dəstəkləyən və Avropaya təzyiq göstərən bəyanatlar həm ümid, həm də qeyri-müəyyənlik yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə "inosmi.ru" nəşri yazıb.
 
Ritorikanın dəyişməsi, siyasətin eyni qalması
 
"The Wall Street Journal" və CNN-in yazdığına görə, Donald Trampın son bəyanatlarında Ukraynaya münasibətdə ton kəskin dəyişib. O, artıq Rusiyanın zəifliyini açıq şəkildə vurğulayır, Kiyev ordusunu tərifləyir və hətta Ukraynanın bütün işğal olunmuş torpaqları geri qaytara biləcəyini dilə gətirir. Lakin müşahidəçilərin qənaətinə görə, bu yalnız ritorikadır. Tramp silah satışına icazə versə də, Amerikanın Ukraynaya dəstəyində sərhədlər saxlanılır: ABŞ silahlarının Rusiyanın dərinliklərinə zərbələrdə istifadəsinə məhdudiyyət qoyulub.
 
Zelenskinin təsiri və daxili məsləhətçilər
 
Jurnalistlərin məlumatına görə, Trampın bu dəyişikliklərində Vladimir Zelenskinin şəxsi lobbiçiliyi, eləcə də onun yaxın çevrəsindən olan amerikalı diplomat və hərbçilərin rolu böyük olub. Kiyev lideri ABŞ prezidentinə müharibənin bütün detallarını təqdim edib və onu Avropa müttəfiqlərinə enerji sanksiyaları üçün daha çox təzyiq göstərməyə inandırmağa çalışıb. Tramp isə hətta Macarıstanın baş naziri Viktor Orbana qarşı belə addım atacağına işarə edib.
 
"Trampın səbri tükənir"
 
ABŞ vitse-prezidenti Cey Di Vens də bu dəyişən ab-havanı təsdiqləyib. Onun sözlərinə görə, Tramp artıq Rusiyaya qarşı "çox səbrsizdir" və hesab edir ki, Moskva sülh danışıqlarına hazır deyil. Vens açıq bildirib: "Əgər Kreml xoş niyyətlə danışıqlardan imtina etsə, bu, Rusiya üçün çox pis olacaq". O, həmçinin vurğulayıb ki, Tramp həm rus, həm də ukraynalıların itkilərini nəzərə alır və hər iki tərəfin daha çox qan itirməsinin qarşısını almaq istəyir.
 
"Mümkünsüzdən mümkünsüzə..."
 
CNN isə Trampın mövqeyini ikili qiymətləndirir. Əvvəllər Vaşinqton Kiyevdən ərazi güzəştləri tələb edirdisə, indi tam əksinə - Ukraynanın bütün torpaqlarını azad etməsini şərt kimi önə çıxarır. Analitiklərin fikrincə, bu da qeyri-real tələbi başqa bir qeyri-real tələblə əvəz etməkdir.
Çünki 2023-cü ildəki uğursuz əks-hücum göstərdi ki, Kiyevin bütün işğal olunmuş əraziləri qısa müddətdə geri qaytarması mümkün deyil. Bu, Ukraynadan həm nəhəng maliyyə, həm insan resursu, həm də Rusiyanın tam çökməsini tələb edir.
 
Avropa və NATO-nun reaksiyası
 
Avropa liderləri Trampın bəyanatlarına qarışıq münasibət bildirib. Fransa prezidenti Emmanuel Makron bunu Vaşinqtonun "yeni baxış bucağı" adlandırsa da, bir çox diplomat bunun daha çox Putinə mesaj olduğunu düşünür.
Eyni zamanda NATO müttəfiqləri diqqətlə izləyir: Trampın hər dəfə mövqeyini dəyişməsi Kremlin taktikasına əlavə fürsət yarada bilər.
 
Qeyri-müəyyən kurs, lakin sərtləşən ton
 
Donald Tramp bu gün rus ordusunun zəifliyindən danışır, Ukrayna əsgərlərini tərifləyir və Avropanı Moskvanın enerji resurslarından imtina etməyə çağırır. Amma əsas sual açıq qalır: ABŞ-ın real siyasəti dəyişəcəkmi, yoxsa bunlar yalnız dəyişkən ritorikanın növbəti nümunəsidir? Ekspertlərin fikrincə, Trampın kursu hələ də "kəfkirə" bənzəyir - bir tərəfdə müttəfiqlərin gözləntiləri, digər tərəfdə isə Putinə qarşı gizli simpatiya. Bu isə Ukrayna üçün ümid və riskləri eyni vaxtda artırır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər