Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
415
12:12, Bu gün

"İşğaldan azad torpaqlardakı məzarlıqlar təcili minalardan təmizlənməlidir!..- Belə oğulları itirmək olmaz!..”

“İnsan, özü də o torpaqların sakini olan, xüsusən də “Gizir Xanı” kimi igid insanlar həyatda olmayandan, yaxud ötən il digər tanınmış Qarabağ qazisi Nağı İmanov Xocalıda minaya düşərək bir ayağını itirəndən sonra o bahalı hotellər, restoranlar, marketlər, taxıl tarlaları, nar, üzüm bağları, qoyun sürüləri, camış, zubr naxırları kimə lazımdır?..”
 
Biz bütün işlərimizdə toydan sonra nağara vurmağa vərdiş etmişik... Düz 9 aydır, dəfələrlə yaşadığımız Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasının cəmi 300-400 addımlığında yerləşən Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət etmişəm- heç bir reaksiya yoxdur. Məsələ ondadır ki, 5-6 il öncəki təmir zamanı binanın damından axan yağış suları üçün quraşdırılmış borular standartlara uyğun ölçüdə qoyulmadığından, həmin borulardan biri tutulub və navalçalardan axan sular birbaşa binanın 5-ci, 4-cü və 2-ci mərtəbələrinin eyvanları üzərinə axır. Bu da onsuz da qəzalı vəziyyətdə olan eyvanları daha da təhlükəli hala gətirir. Bəndəniz də həmin binanın 4-cü mərtəbəsində yaşayır. Binanın komendantının damdakı bu problemi həll etmək üçün texniki imkanı yoxdur. FHN isə sözün əsil mənasında vətəndaşı vecinə almır. Əlqərəz, bizimki qalıb Allaha... Sadəcə günlərin bir günü media “molla”ları üçün maraqlı xəbər peyda olacaq: “Tanınmış jurnalist( övladı, yaxud xanımı) hava alarkən, yaxud paltar asarkən eyvanın uçması nəticəsində həlak oldu. Allah rəhmət eləsin!” Yaxud belə: “Yataqxananın eyvanı gözlənilmədən aşağıdan yaxınlıqdakı məktəbə gedən şagird və müəllimlərin başına uçdu. Hadisə yerinə polislər, FHN nümayəndələri və təcili yardım maşınları gəlib. Ölən və ağır yaralananlar var...” Vəssalam-şüttəmam... Gorbagor Stalin demiş, adam yoxdur- problem də həllini tapdı...
 
Son onilliklərdə dövlət qurumlarının belə səhlənkarlıqları ucbatından neçə-neçə vətəndaşımızı, insanımızı itirmişik, yaxud əlil, xəstə durumuna salmışıq... Ötən payızdakı daşqınları və onların qurbanlarını yada salmaq kifayətdir...
 
O gün daha belə bir faciəli olay baş verdi. “Gizir Xanı” ləqəbi ilə tanınan məşhur kəşfiyyatçı Səyyaf Əhmədov Ağdam rayonunun Mirəşelli kəndinin minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində şəhid oldu... Bəli, şəhid oldu... Çünki o torpaqlar uğrunda 30-35 ildir ki, canını qoymaqda idi...
 
Əlbəttə, əksəriyyət deyəcək ki, öncə rəhmətliyin öz səhlənkarlığının nəticəsidir: gərək minalardan təmizlənməmiş əraziyə daxil olmayaydı. Düzdü, sırf rəsmi, hüquqi baxımdan yanaşanda belədir... Fəqət, ortalıqda başqa bir acı gerçəklik var... 30-34 il doğma yurdundan, ocağından uzaq yaşamaq, valideynlərinin, dədə-babalarının, dostlarının məzarlarına da həsrət qalmaq hisslərini yalnız bunu yaşayanlar dərk edə bilər. Bu duyğularla yaşayan insan şəhid və qazilərimizin canı-qanı sayəsində azad edilmiş torpaqlara ayaq basanda ilk ürəyindən keçən illərlə, onillərlə yaşadığı, uşaqlıq, gənclik arzularının yarımçıq qaldığı dədə-baba evinin divarlarına sarılmaq, doğma və ya dostlarının məzarlarını, yaxud dağıdılmış məzarların yerlərini tapıb ziyarət etmək, onların ruhu qarşısında öz borcunu yerinə yetirmək olur. Özüm bu hissləri yaşamışam; doğma kəndinə ayaq basanda, ata ocağının, yaxud baba-nənə, yaxın qohum məzarını aralıdan görən kimi heç bir maneəyə baxmadan onlara yetmək, o divarlara-daşlara sarılıb doyunca ağlamaq istəyindən başqa heç nə keçmir ürəyindən... Və o bir qərinənin nəhəng bir maqnitə dönmüş həsrət, yanğı duyğuları səni elə çəkib aparır ki... O anlarda artıq qarşına mina, ilan, əqrəb, yırtıcı heyvan çıxacağı- heç nə- heç nə ağlına gəlmir... Sadəcə gedirsən- kola-kosa, tikana, daşa-kəsəyə, dərəyə-təpəyə, yarğana, suya-palçığa da baxmadan...
 
Yəqin ki, rəhmətlik “Gizir Xanı” da bu hisslərlə qəbirstanlığa daxil olub hansısa doğmasının, qohumunun, dostunun məzarını ziyarət etmək istəyirmiş. Sözümün canı ondadır ki, son 5 il ərzində bütün qadağa və maneələrə baxmayaraq didərginlərin əksəriyyəti, hətta ahıl yaşlılar belə, öz ocaq yerlərini, dədə-baba məzarlıqlarını ziyarət ediblər, edirlər və edəcəklər. Artıq neçə nəfərin mina partlaması nəticəsində həlak olması, yaxud yaralanıb şikəst qalmasına rəğmən....
 
Bu səbəbdən torpaqlarımız işğaldan azad edilən ilk günlərdən müvafiq dövlət və hökumət qurumları ilk növbədə bütün yaşayış məkanlarının, xüsusən də qəbiristanlıqların və onlara aparan yol və cığırların minalardan təmizlənməsiylə məşğul olmalıydı. İşğaldan azad torpaqlarda otel, restoran, supermarket tikməmişdən, taxıl, mer-meyvə əkmək üçün tarlaları, qoyun sürüləri, mal-qara naxırları otarmaq üçün otlaqları minalardan təmizləməmişdən öncə sözügedən məkanların təmizlənməsinə maliyyə ayırmaq lazım idi. Çünki hər şeydən qiymətli insan, vətəndaş həyatıdır. İnsan, özü də o torpaqların sakini olan, xüsusən də “Gizir Xanı” kimi igid insanlar həyatda olmayandan, yaxud ötən il digər tanınmış Qarabağ qazisi Nağı İmanov Xocalıda minaya düşərək bir ayağını itirəndən sonra o bahalı hotellər, restoranlar, marketlər, taxıl tarlaları, nar, üzüm bağları, qoyun sürüləri, camış, zubr naxırları kimə lazımdır?.. Yoxsa kimlərəsə lazımdır? Kimlərəsə fərq etmir? Yoxsa belələrinə bizlərin, o torpaqların əzəli sakinlərinin, keçmiş döyüşçülərin həyatda olmaması daha sərfəlidir?.. 
 
Hotel, restoran tikməyə maliyyə tapılırsa, qəbiristanlıqları minadan təmizləməyə də tapılar... 
Biz artıq neçə ildir bu barədə yazırıq. Bir daha bir vətəndaş və o yurdların hələ də Bakıda didərgin kimi yaşayan sakini olaraq dövlət qurumlarından tələb edirik ki, təcili olaraq xüsusi bir proqram hazırlansın və öncə qəbiristanlıqlar, sonra da yenidən tikilməsi hələ uzun illər çəkəcək qəsəbə və kəndlər minalardan tam şəkildə təmizlənməlidir... Hələ təmizlənməmiş bütün qəbiristanlıqlara və yaşayış məntəqələri hasara alınmasa da, ən azı ətrafına çoxlu yerdə qadağa işarələri qoyulmalıdır...
 
Allah cümlə şəhidlərimizə və dünyadan köçənlərimizə rəhmət eləsin!..
 
Sultan Laçın
  
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər