“Balanslaşdırma və bloklara qoşulmama, həmçinin Türkiyə , Böyük Britaniya, Pakistan və İsrail kimi güclərlə strateji müttəfiqlik Azərbaycanı sığortalayan faktora çevrilib. Ancaq bununla belə, Moskvanın…”
Xəbər verildiyi kimi, ötən həftəsonu ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, Putin və Rusiyaya eksponsionist güc kimi baxmaq lazımdır. O, Rusiya imperiyasını bərpa etmək istəyir”.
Amerika dövlətinin yetərincə nüfuzlu və təcrübəli generalı tərəfindən səslənən bu fikiri ciddiyə almaq gərəkdir. Görəsən, ABŞ prezidenti Trampın, demək olar ki, heç bir ciddi nə iqtisadi, nə hərbi tədbir görmədiyi, NATO ölkələrinin artıq neçə üzvünə qarşı dron, qırıcı hücumlarına qarşı dişsizlik nümayiş etdirdiyi bir şəraitdə Putin Rusiyasını durdurmaq mümkün olacaqmı? Yoxsa elə Çin, Şimali Koreya, Hindistan, İran kimi ölkələrin də gizli-açıq dəstəyi ilə Ukraynaya qarşı illərlə tükəndirmə savaşı apararaq onu tam məğlub etdikdən sonra Kreml digər postsovet respublikalarını, o cümlədən Azərbaycanı da yenidən birbaşa müstəmləkə etməyə, yəni keçmiş SSRİ, yaxud Çar Rusiyası sərhədləri çərçivəsində imperiyanı bərpa etməyə çalışacaq?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları söyləyib:
“Postsovet sərhədlərini yenidən bərpa etmək arzusu Putinin prioritetlərindən biridir. O bunu bir neçə dəfə açıq şəkildə dilə gətirərək Belovejski anlaşmasını qanunsuz sayıb. Putinin ən yaxın çevrəsi də məqsədli olaraq keçmiş Sovet respublikalarının müstəqilliyinə dırnaqarası yanaşır, bəzən isə bu təkəbbürü açıq nümayiş etdirirlər. Rusiya xarici işlər naziri Lavrovun Səmərqənddəki “Ağlayan ana” memorialında rus dilində yazının olmamasını diplomatik etiketdən uzaq şəkildə ifadə etməsindən uzun müddət keçməyib. Kreml Sovet İttifaqı imperiyasından qopan dövlətlərə öz arxa bağçası və keçmiş metropoliyasi kimi yanaşır, onların suverenliyini, inkişafını və müstəqil siyasət yürütməsini həzm edə bilmir. Rusiyanın Ukraynaya təcavüzü də məhz bu ambisiyaları həyata keçirmək yolunda atılmış addımdır. Ukraynanın düşməsi Moskvanın imperiyapərəst iddialarının və planlarının önünü açacaq. Zənn etmirəm ki, digər postsovet respublikaları Moskvanın hərbi ekspansiyasına qarşı Ukrayna kimi dirəniş göstərə, yaxud hər cür beynəlxalq dəstəyi ala bilsin. Bu müharibə dünya nizamını həm siyasi, həm dəyərlər baxımından ciddi şəkildə təsirləndirəcək. Əgər Kreml qalib gələrsə, dünyadakı sülhün və təhlükəsizliyin əldə olunmasına inam sıfıra enəcək. Təkcə postsovet ölkələri deyil, həmçinin Şərqi Avropa özünü güvəndə hiss etməyəcək. Baxmayaraq ki, Şərqi Avropa NATO çətiri altındadır. Göründüyü kimi, ABŞ rəsmisi vəziyyəti düzgün qiymətləndirib və Rusiyanın əsil simasını açıb bir daha ortaya qoyub. Xüsusi nümayəndə baş verənlərə daha real və obyektiv yanaşdığından təhlükə barədə xəbərdarlığını edir. Diplomatik dillə danışmağı acizlik bilən Putin bu səbəbdən həm Ukraynaya, həm Şərqi Avropa, eyni zamanda Cənubi Qafqaza təzyiqlərini artırıb. Çin, Hindistan, İran və Şimali Koreya çoxqütblü dünyanın yaranmasına maraqlı olduğundan özünü Rusiyanın yanında görür və orada yer alır.
Azərbaycan isə Şimal təhlükəsinin ciddiliyini hiss etdiyindən çoxvektorlu xarici siyasət aparır. Ölkəmiz Qlobal Cənub və Qlobal Qərb arasında körpü rolu oynayır. Balanslaşdırma və bloklara qoşulmama , həmçinin Türkiyə , Böyük Britaniya, Pakistan və İsrail kimi güclərlə strateji müttəfiqlik onu sığortalayan faktora çevrilib. Ancaq bununla belə, Moskvanın istək və planlarını Ukraynada dəfn edilməsi sülhpərvər qüvvələrin bir saylı problemi olmalıdır…”