“Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur. Yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer alıb”.
Bu sözlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında yer alıb. Maraqlıdır, Azərbaycanın guya Ukraynanı silahlandırması ilə bağlı ortaya atılan dezinformasiyalar nəyə xidmət edir? Bu yalanların dövriyyəyə buraxılmasında məqsəd nədir?
Aydındır ki, bu kimi dezinformasiyalar hər şeydən öncə Azərbaycanla Rusiya arasında gərginlik yaratmağa, iki dövlət arasındakı münasibətlərə kölgə salmağa xidmət edir. Dezinformasiya müəllifləri yaxşı başa düşür ki, Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi indiki şəraitdə Azərbaycanın Ukraynaya silah verməsi xəbərinin Rusiya ictimaiyyətində qıcıq doğuracağı şəksizdir. Bu kimi əsassız xəbərlərin Rusiyanın Azərbaycana inamsız münasibətinin formalaşmasına da təsir göstərməsi ehtimalı mövcuddur. Məhz bu səbəbdən də bəzi qüvvələr Azərbaycanın Ukraynaya silah verməsi ilə bağlı əsassız və qərəzli informasiyalar ortaya atmaqda, bu yalana mümkün qədər həqiqət donu geyindirməyə çalışırlar.
Məlum dezinformasiyaların təhlili göstərir ki, bu cür yalanlar anti-Azərbaycan və anti-Rusiya qüvvələri tərəfindən ortaya atılır. Çünki bu yalanlarda əsas məqsəd Azərbaycanla Rusiya arasında süni şəkildə gərginlik yaratmaqdır ki, bu da nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına uyğundur. Bu isə o deməkdir ki, belə dezinformasiyalara qarşı mübarizədə Rusiya tərəfi də Azərbaycan qədər aktiv olmalı, həmin yalanların operativ şəkildə ifşasını təmin etməlidir.
Şübhəsiz, Azərbaycanla Rusiya arasında müəyyən gərginliklərin mövcudluğu heç kimə sirr deyil. Hansı ki, bu gərginliklərin kökündə konkret səbəblər dayanır. Bunlardan ən əsası 2024-cü ilin 25 dekabr tarixində AZAL təyyarəsinin Rusiya hava məkanında vurulması və bunun ardınca Aktauya qəza enişi etməsidir. Azərbaycan tərəfi bununla bağlı Rusiyaya qarşı üç tələb irəli sürüb ki, bunar da baş verənlərə görə qarşı tərəfin ölkəmizdən üzr istəməsi, günahkarların cəzalandırılması və Azərbaycana kompensasiyanın ödənilməsidir. Rusiyada azərbaycanlıların kütləvi təzyiqlərə məruz qalması da ölkəmizdə narahatlıq doğuran əsas məsələlərdəndir. Bütün bunların fonunda Azərbaycanın guya Ukraynaya silah satması kimi yalanlarla Azərbaycan-Rusiya münasibətlərinə yeni gərginlik əlavə etmək cəhdi yolverilməzdir və açıq-aşkar təxribat xarakteri daşıyır. Bu təxribatlara qarşı mübarizə Rusiya Azərbaycanın cəhdlərini dəstəkləyərsə, o zaman məlum dezinformasiyaların qarşısı qısa zamanda alınar ki, bu da hər iki dövlətin marağına uyğundur.
Seymur ƏLİYEV