Ekskluziv
605
14:59, Bu gün

"Avropa üçüncü dünya savaşına hazır olmalıdır" - Ursula fon der Lyayen

"Hər yeni insident, hər yeni təxribat bəşəriyyəti fəlakətə bir addım da yaxınlaşdırır..."
 
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Le Soir" qəzetinə müsahibəsində dünyanın çox təhlükəli dövrdən keçdiyini bəyan edib.
 
Moderator.az xəbər ki, bu barədə "rbc.ua" nəşri yazıb.
 
"Mən Avropada sülhü qorumaq üçün hər şeyi edəcəyəm"
 
Fon der Lyayen Avropa İttifaqının müdafiə sənayesini dəstəklədiyini, tədqiqat, innovasiya və kiçik-orta biznesi birləşdirərək ortaq təhlükəsizlik platforması yaratdığını xatırladıb. Onun sözlərinə görə, hazırda qlobal miqyasda Üçüncü Dünya savaşı riskindən danışmaq tez olsa da, Avropa bu təhlükəyə göz yummamalıdır.
 
"Mənim əsas vəzifəm Avropada sülh və azadlığı qorumaqdır. Bu, bizim müdafiə qabiliyyətimizi gücləndirməkdəki qərarlılığımızı izah edir. Dünyada düşmənçilik artır, buna görə də demokratiyamızı, rifahımızı və sülhümüzü qorumaq üçün bütün zəruri tədbirləri görməliyik", - o, vurğulayıb. 
 
"Avropa daha müstəqil olmalıdır"
 
Son aylarda Polşanın hava məkanına düşən Rusiya dronları, ABŞ-ın isə dərhal reaksiya verməməsi Avropada ciddi müzakirələrə səbəb olub. Bu barədə sualı cavablandıran fon der Lyayen deyib: "NATO kollektiv müdafiəmizin mərkəzində qalmalıdır. Amma Avropanın öz sütunu da möhkəmlənməlidir. Bizim "2030-cu ilə hazırlıq" proqramımız var. 800 milyard avroya qədər resursları müdafiəyə yönəldirik. Avropa İttifaqının hər santimetrini qoruyacağıq".
 
"Rusiya yeni hibrid müharibəyə hazırlaşır"
 
Ukraynalı hərbi ekspert Oleg Jdanov xatırladır ki, hələ 2021-ci ildə Rusiya Baş Qərargah rəisi Gerasimov "Üçüncü Dünya müharibəsi - yeni hibrid tip" adlı məqalə yazıb. Orada konkret ölkələrin adı çəkilməsə də, müharibənin aparılma metodu bugünkü vəziyyətlə üst-üstə düşür: pilotsuz uçuş aparatları, kiberhücumlar, enerji böhranı və informasiya manipulyasiyası.
 
Başqa bir ukraynalı ekspert - polkovnik R. Svitan isə xəbərdarlıq edir: növbəti mərhələdə Rusiya yalnız havanı deyil, həm də dənizi təxribat meydanına çevirə bilər. Onun sözlərinə görə, Baltik və Şimal donanması vasitəsilə Rusiya sualtı qayıqlarını və döyüş gəmilərini NATO ölkələrinin iqtisadi zonalarına yönəldə bilər. Bu isə birbaşa Alyansın təhlükəsizlik sərhədlərinə toxunmaq deməkdir.
 
Üçüncü Dünya savaşı qorxusu: mif, yoxsa real təhlükə?
 
Tarix göstərir ki, böyük müharibələr adətən gözlənilməz anda başlayır. Birinci Dünya müharibəsinə səbəb Sarayevo sui-qəsdi olub, İkinci Dünya müharibəsi isə kiçik "Dansinq münaqişəsindən" başlayıb. Bugünkü vəziyyət də bu baxımdan təhlükəlidir: kiçik bir insident, məsələn, NATO sərhədlərində Rusiya ilə birbaşa toqquşma domino effekti yarada bilər.
 
Amma eyni zamanda XXI əsrin reallıqları fərqlidir: nüvə silahı amili bütün dövlətləri daha ehtiyatlı edir. ABŞ, Rusiya və Çin kimi güclər yaxşı bilirlər ki, genişmiqyaslı müharibə bəşəriyyətin sonu ola bilər. Bu səbəbdən çoxları "Üçüncü Dünya müharibəsi" ifadəsini daha çox siyasi təzyiq aləti kimi görür.
 
Avropa sülhü qorumaqla yanaşı, savaşa da hazırlaşır
 
Fon der Lyayenin mesajı aydındır: Avropa gözləmə mövqeyində qala bilməz. Ukraynadakı müharibə artıq qlobal təhlükəsizlik balansını dağıdıb. Rusiya enerji, informasiya, kiberhücumlar, hərbi təxribatlar kimi hibrid metodlarla Qərbi təzyiq altında saxlayır.
 
Belə şəraitdə Avropa üçün ən böyük sual budur: ABŞ-ın zəifləyən iştirakı fonunda qitə özünü müdafiə edə biləcəkmi? Bir tərəfdən, hələlik Üçüncü Dünya müharibəsinin qaçılmaz olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Digər tərəfdən isə hər yeni insident, hər yeni təxribat bəşəriyyəti fəlakətə bir addım da yaxınlaşdırır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər