Ekskluziv
440
21 Sep 2025 | 21:59

"Yapon möcüzəsi: niyə yüz yaşını adlayanların sayı sürətlə artır?" - BBC

"Uzunömürlülük təkcə genetikanın deyil, həm də mədəniyyətin, qidalanmanın və aktiv həyat tərzinin nəticəsi sayılır..."
 
Yaponiyada uzunömürlülük artıq milli fenomenə çevrilib. Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin sentyabrına olan məlumata görə, 100 yaş və yuxarı insanların sayı 99 763 nəfərə çatıb. Bu, ardıcıl 55-ci il rekord göstərici deməkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Rekord göstəricilər
 
Ən maraqlısı isə odur ki, yüz yaşdan çox yaşayanların 88 faizi qadınlardır. Nazir Takamaro Fukoka bütün uzunömürlüləri təbrik edərək onların "cəmiyyətin inkişafına verdiyi illərlə ölçülən töhfələrinə görə minnətdarlıq" bildirib.
 
Ən yaşlı qadın və kişi
 
Hazırda Yaponiyanın ən yaşlı qadını Nara şəhərinin yaxınlığında yaşayan 114 yaşlı Siqeko Kaqava, ən yaşlı kişisi isə İvata şəhərindən olan 111 yaşlı Kiyotaka Mizunodur. Hər il sentyabrın 15-də keçirilən Yaşlılar günü münasibətilə uzunömürlülərə ölkə başçısı tərəfindən təbrik məktubları və gümüş fincanlar təqdim olunur. Bu il belə hədiyyələri 52 mindən çox insan alıb.
 
Keçmişdən bu günə
 
1963-cü ildə aparılan ilk rəsmi statistikaya görə, Yaponiyada yüz yaşını keçənlərin sayı cəmi 153 nəfər olub. 1981-ci ildə bu göstərici 1 minə, 1998-ci ildə isə 10 minə çatıb. Bugünkü rəqəmlər isə Yaponiyanı "uzunömürlülük ölkəsi" kimi dünyada ön sıralara çıxarır.
 
Uzunömürlülüyün sirləri
 
Mütəxəssislər bunun səbəbini bir neçə amildə görür:
 
- Qidalanma: az qırmızı ət, balıq və tərəvəz isə çox yeyilir. Şəkər və duzun miqdarı da azaldılıb. Bu sayədə dünyada ən aşağı piylənmə göstəricilərindən biri Yaponiyaya, xüsusilə də qadınlara məxsusdur.
 
- Fiziki aktivlik: Yaşlı insanlar da aktiv qalır, avtomobil əvəzinə çox vaxt ictimai nəqliyyatdan istifadə edir və gündəlik gəzintilərə üstünlük verirlər.
 
- Kollektiv idman: 1928-ci ildən yayımlanan Radio Taiso adlı qısa səhər gimnastikası indiyədək ölkə mədəniyyətinin bir parçasıdır və insanlar qrup halında bu hərəkətləri edərək həm sağlam qalır, həm də ünsiyyət imkanlarını artırırlar.
 
- Səhiyyə kampaniyaları: Dövlət uzun illər ərzində əhaliyə düzgün qidalanma və sağlam həyat tərzini təbliğ edərək vərdişləri formalaşdırıb.
 
Mübahisəli məqamlar
 
Bununla belə, uzunömürlülərlə bağlı rəqəmlərin dəqiqliyi zaman-zaman şübhə doğurub. 2010-cu ildə aparılan yoxlamada məlum olub ki, sənədlərdə 230 min nəfər yüz yaşlı kimi göstərilsə də, onların əksəriyyəti çoxdan həyatda olmayıb. Bəzi ailələr isə ölən qohumlarını gizlədərək pensiyalarını almaqda davam edib. Bu qalmaqal Tokio şəhərində 111 yaşlı hesab edilən, lakin 32 il əvvəl ölmüş Soqen Kotonun evində qalıqları tapıldıqdan sonra geniş rezonans doğurub.
 
Bu gün Yaponiyada uzunömürlülük təkcə genetikanın deyil, həm də mədəniyyətin, qidalanmanın və aktiv həyat tərzinin nəticəsi sayılır. Dünyada ən yüksək orta ömür göstəricisinə sahib olan ölkə, eyni zamanda, sürətlə qocalan cəmiyyət problemini də yaşayır. Amma bir həqiqət dəyişməz qalır: yaponlar sadə vərdişləri və kollektiv həyat tərzi ilə uzun ömürlülüyün sirrini bütün dünyaya göstərirlər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər