“Böyük Britaniya rəhbərliyinin son anda Fələstinlə bağlı verəcəyi qərar sürpriz də ola bilər...”
Ekskluziv
541
12:12, Bu gün

“Böyük Britaniya rəhbərliyinin son anda Fələstinlə bağlı verəcəyi qərar sürpriz də ola bilər...”

“Hesab edirəm ki, Trampın Londona səfərinin əsas məqsədlərindən biri də elə məhz  İngiltərənin siyasi rəhbərliyini, xüsusilə də iqtidarı, bu məsələdən, yəni Fələstini dövlət kimi tanımaqdan çəkindirmək idi...”
 
“Bu məsələdə təəccüblü bir şey yoxdur. Böyük Britaniya haqqında əvvəllər də danışmışdıq. İsraili sanksiyalarla hədələyirdi. Buna rəğmən İngiltərə hökuməti müəyyən daxili məsələləri də nəzərə alaraq daim məsələlərə ehtiyatlı yanaşır. Trampın Böyük Britaniyaya səfəri zamanı əsas diqqəti çəkən onun rəsmi qarşılanma mərasimi, ona verilən ziyafət və diplomatik gedişləri oldu”.
 
Bu fikri Moderator.az əməkdaşının “ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında Fələstin dövlətinin tanınması mövzusunda fikir ayrılığı yaşanır. Buna münasibətiniz necədir?” sualını cavablandırarkən beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı söyləyib.
 
“Böyük Britaniya baş naziri ilə də ABŞ liderinin Fələstin, Qəzza məsələsində fikir ayrılığı gözlənilirdi. Hesab edirəm ki, Trampın Londona səfərinin əsas məqsədlərindən biri də elə məhz  İngiltərənin siyasi rəhbərliyini, xüsusilə də iqtidarı, bu məsələdən, yəni Fələstini dövlət kimi tanımaqdan çəkindirmək idi. Burada da, öncə dediyim kimi,  təəccüblü heç bir şey yoxdur. Hətta Yaponiya da Fələstin dövlətini tanımaq istəyirdi. Lakin son anda bu mövqeyini dəyişdi və Amerika ilə münasibətlərinin pozulmaması üçün geri çəkildi”, -deyə davamında siyasi şərhçi bildirib.
 
Analitik hesab edir ki, son anda rəsmi London Fələstini dövlət kimi tanımaq addımından geri çəkilə bilər.
 
“Fələstin dövlətinin bir çox ölkələr tərəfindən tanınması müsbət bir haldır, təqdirəlayiqdir. Çünki hər bir xalqın öz müstəqilliyini qazanmağa haqqı var. Amma  Fələstin dövlətini Böyük Britaniya kimi nüfuzlu bir dövlətin tanıyacağı halda bunun ardınca daha çox sayılıb-seçilən dövlətlərin də belə bir addım atacağı qaçınılmazdır. Aydındır ki, ingilis hökuməti Qəzzada baş verənlərin dayandırılmasını istəyir. Sözdə və ya əməldə... Ancaq  Böyük Britaniya rəhbərliyinin son anda verəcəyi qərar sürpriz də ola bilər. Yəni o, ABŞ-ın təkidlərini nəzərə alıb Fələstini dövlət kimi tanımaq niyyətindən geri çəkilə bilər.  Rəsmi London yaxşı bilir ki, Fələstin dövlətinin beynəlxalq aləmdə daha geniş şəkildə tanınması birbaşa İsrailin və onun himayəçisi olan Birləşmiş Ştatların maraqlarına ziddir. Bu mənada Böyük Britaniya da öz siyasətini müəyyən edərkən ABŞ-la münasibətləri pozmamağa çalışacağı gözləniləndir. Çünki onlar son əsrlərdə daim müttəfiq olublar, bir yerdə olublar. Odur ki, bir daha deyirəm, yaxın gələcəkdə Kir Starmerin qərarını dəyişə biləcəyi və ya sürpriz bir nəticə ilə qarşılaşacağımız da mümkündür”, -deyə Teymur Qasımlı diqqətə çatdırıb.
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər