Ekskluziv
245
13:39, Bu gün

"Putin Alyaska sammitinə görə heç nə ödəmədi, amma təcriddən çıxa bildi" - Zelenski

 
"Rusiya hücumlarının ikisini tam puç etdik, üçüncüsü iflasa uğrayır..."
 
Rusiyanın Polşaya dron hücumları NATO-nun hazırlığını yoxlamaq cəhdidir. Moskva həm siyasi, həm diplomatik, həm də hərbi reaksiyanı müşahidə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Sky News" nəşrinə müsahibəsində bəyan edib.
 
Putinin planı və oktyabr gözləntiləri
 
"Onlar gördülər ki, insanlar müharibədən qorxur, NATO-nun reaksiyasını da gördülər, şərq cinahında havadan müdafiənin necə işlədiyini də izlədilər", - Zelenski deyib. O, hesab edir ki, bununla Putin Avropa ölkələrinə mesaj göndərib: Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri verməyin, çünki sizə də lazım ola bilər. Prezident bildirib ki, oktyabr ayında təyin olunmuş HHM tədarüklərinin baş tutub-tutmayacağı bəlli olacaq və yalnız o zaman Putinin planının uğur qazanıb-qazanmadığını açıq deyə biləcək.
 
Polşanın müdafiə zəifliyi
 
Zelenski Polşa ilə müqayisə apararaq bildirib ki, Ukrayna kütləvi hücumlar altında belə yüzlərlə dronu və raketi vurmağa nail olur. "Məsələn, biz 810 drondan 700-nü məhv etmişik. Polşaya 19 dron uçub, onlar yalnız dördünü vurub. Onlarda raketlər, ballistik zərbələr olmayıb. Əgər onlara kütləvi hücum olsa, əhalini xilas edə bilməyəcəklər", - o, qeyd edib. Zelenski vurğulayıb ki, Ukrayna təcrübəsini Polşa ilə bölüşməyə hazırdır.
 
Rusiya cəmiyyətinə mesaj
 
Jurnalistin sualına cavabında Zelenski ruslara müraciət etməyin çətin olduğunu bildirib: "Qulaqsız insanlara söz demək çətindir. Onlar eşitmək istəmirlər, öz akvariumlarında yaşayırlar". Prezident qeyd edib ki, rus gəncliyi də imperiya illüziyaları ilə böyüyür və dünyanın Rusiya kimi olduğunu düşünür. Onun fikrincə, bir neçə ildən sonra Rusiya cəmiyyəti istəməsə də, Putinin tarixi məhv etdiyini anlayacaq və gələcək nəsillər Ukraynadan üzr istəməyə məcbur qalacaqlar.
 
Putinin Trampı aldatmaq cəhdi
 
Zelenski əmindir ki, Moskva ABŞ prezidenti Donald Trampı manipulyasiya etməyə çalışır: "O, mütləq istəyir ki, ABŞ sanksiya tətbiq etməsin. Hər şeyi bunun üçün edir". Onun sözlərinə görə, əgər qərar geciksə, Rusiya daha güclü şəkildə hazırlanacaq və sanksiyalardan əvvəlki qədər qorxmayacaq.
 
Sammitlər və görüşlər
 
Ukrayna lideri Tramp və Putinlə həm üçtərəfli, həm də ikitərəfli görüşə heç bir şərt irəli sürmədən hazır olduğunu bildirib. Bununla yanaşı, o vurğulayıb ki, müharibə aparan Moskvanın paytaxtına gedə bilməz, görüş yalnız başqa ölkədə ola bilər. Zelenski həmçinin Alyaskada keçirilmiş Tramp-Putin sammitini xatırladaraq deyib ki, bu, Putinə çox şey qazandırıb: "O, ABŞ prezidenti ilə foto, açıq dialoq və beynəlxalq təcriddən çıxış imkanı əldə edib, amma heç nə ödəməyib. Halbuki ən azı müharibəni dayandırmaqla ödəməli idi.
 
Təhlükəsizlik zəmanətləri
 
Prezident bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri artıq kağız üzərində mövcuddur və 26 ölkə bunu dəstəkləyib. Lakin ABŞ-dan hələ də konkret detallar gözlənilir. "Bu, böyük irəliləyişdir. Biz artıq tərəfdaşların iştirakı ilə bağlı bir çox məqamlarda razılığa gəlmişik. Əsas məsələ Ukrayna ordusunun istədiyi dəstəyi almaqdır, - o, əlavə edib. Zelenski qeyd edib ki, bu zəmanətlərdə "əyləc mexanizmi" olmamalıdır və sanksiya siyasəti də mühüm rol oynayır.
 
Cəbhədə vəziyyət
 
Ukrayna müdafiəçilərinin son həftələrdə Rusiyanın iki hücumunu tamamilə puça çıxardığını, üçüncüsünün isə hələ də davam etdiyini açıqlayan Zelenski, rusların planlarının Putinə təqdim olunduğundan daha pis getdiyini bildirib: "Məncə, onların vəziyyəti gözlədiklərindən də ağırdır. Putin isə hələ bunun fərqində deyil".
 
Hərbi təlimlərin dəyişməsi
 
Zelenski əlavə edib ki, Ukrayna artıq əsgərlərini xaricə göndərmir, təlimlər ölkə daxilində keçirilir: "Müharibə dəyişib, biz anladıq ki, döyüşçülər qayıdanda onları yenidən öyrətmək lazımdır. İndi isə xarici zabitləri buraya dəvət edirik ki, bizimlə birlikdə təcrübə toplasınlar".
 
Bu müsahibə Zelenskinin həm Qərbə, həm rus ictimaiyyətinə, həm də Ukrayna xalqına ünvanladığı açıq mesajdır: Kreml sanksiyalardan yayınmaq, NATO-nu qorxutmaq və ictimai fikri manipulyasiya etməklə müharibəni uzatmaq istəyir. Lakin Ukrayna lideri hesab edir ki, yalnız güc və qətiyyət Putin rejimini dayandıra bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər