Karen Avanesyan Xankəndidə kimin tapşırığını yerinə yetirib?
Ekskluziv
426
14 Sep 2025 | 23:48

Karen Avanesyan Xankəndidə kimin tapşırığını yerinə yetirib?

Xankəndidə erməni əsilli Karen Avanesyanın təxribat hazırlığının qarşısının alınması cəmiyyətdə haqlı suallar doğurub. Hadisənin sülh sazişinə yaxın bir vaxtda baş verməsi isə daha da diqqət çəkir.

Moderator.az məsələni təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılla müzakirə edib. 

Ekspert insidentin arxasında dayana biləcək ehtimallar barədə danışıb:


Məşhur bir misal var:” Divardan tüfəng asılıbsa, o, gec-tez açılacaq”. Xankəndidə erməni Avanesyan Karenin həyata keçirdiyi silahlı insidentin əsil səbəblərini istintaq üzə çıxaracaq. Amma, Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişindən sonra daha çox Azərbaycan ətrafında cərəyan edən təhlükəli hadisələrin təhlili göstərir ki, Xankəndidəki insident də sıradan bir erməninin törətdiyi cinayət deyil. 


İlk baxışda iki versiya irəli sürmək olar: birincisi, Avanesyan bu işə təkbaşına qərar verib, ikincisi, o xüsusi tapşırıq yerinə yetirib. Birinci versiyanı təsdiq edə biləcək ehtimallar az deyil. Hadisəni törədən Avanesyan Karenin 21 yaşı olanda Qarabağ hadisələri başlamışdı. Bütün ermənilər kimi, o da hər zaman gizli, açıq antitürk təbliğatının təsiri altında olub və 27 sentyabr 2020-ci ilə qədər bu nifrətin içində 53 yaşına çatıb. Belə birinin Azərbaycanda qalmasının səbəbi yurd məhəbbəti deyil, nə vaxtsa qisas almaq olub. Əlbəttə, Avanesyan meşədə silah sursatı dünən deyil, yəqin ki, iki il əvvəl -ermənilər kütləvi şəkildə Qarabağı tərk edəndə və yaxud Rusiya qoşunları Qarabağdan gedən ərəfədə gizlədib. O məqsədlə ki, nə vaxtsa bizlərə qarşı istifadə edəcək. Yəni, Karen nə vaxtsa qisas almaq məqsədilə silahları gizlədib və məqsədinə çatmaq üçün indi addım atıb. Açığı, hesab edirəm ki, bu versiyanın həqiqət payı azdır. 


Karenin bu məqsədə təkbaşına qərar verməsi inandırıcı deyil. Hesab edirəm ki, Avanesyan Qarabağda qalmaqla konkret tapşırıq yerinə yetirib. Bu tapşırığı kim verə bilər? Hesab edirəm ki, bu tapşırıq separatçı rejimin qondarma xüsusi xidmət orqanının və ya daşnakların tapşırığından daha çox, Rusiya “sülməramlı kontingenti” tərəfindən, yəni Rusiya hərbiçilərini daim müşayət edən QRU kimi bildiyimiz Rusiya MN Baş Kəşfiyyat İdarəsinin xəttidir. Bunu istintaq aşkara çıxaracaq. Amma, geosiyasi proseslərin indiki situasiyasında bu hadisə Rusiya Xüsusi xidmət orqanlarının üslubuna daha yaxındır. Yatmış agent prinsipi. Səbrlə gözləyir, düymə basılanda fəaliyyətə keçir. Karen Avanesyanın QRU agenti olması və onun tapşırıqla Xankəndidə qalması, silah gizlətməsi daha ağlabatan versiyadır. Nəzərə alaq ki, Xankəndidə tədbir ərəfəsi bu hadisənin törədilməsi də təsadüfi sayıla bilməz.


Eyni zamanda nəzərə almaq lazımdır ki, son günlər Rusiya təbliğat maşını anti Azərbaycan təbliğatında fərqli bir xətt yeritməyə başlayıb. Azərbaycanın iqtisadi cəhətdən tezliklə iflas səviyyəsinə çatacağı, Azərbaycanda işsizliyin getdikcə çoxaldığı və əhali arasında, xüsusilə gənclər içərisində guya narazılıqların artması barədə Rusiya geniş təbliğat kampaniyasına start verib. Rusiyada yaşayan həmvətənlərimizdən də istifadə edərək, onların dilindən rəsmi Bakıya etiraz səsləndirirlər. Azərbaycanın müstəqil siyasət yürütməsini , eyni zamanda Paşinyan hakimiyyətinin də Moskvanın çətiri altından çıxıb müstəqil və qərbyönümlü siyasət aparmasını Kreml qəbul etmədiyindən təzyiqlər artırılır. Son vaxtlar isə guya qarabağlıların doğma yurdlarına qayıtmaq istəmədiyi təbliğatının yer alması və Ermənistan mətbuatında da məhz ermənilərin Qarabağa qayıdacağına işarələr vurulmasını da təsadüfi saymaq olmaz.  

Əsas məsələ odur ki, Qarabağda qalmağa qərar verən Karen yaşda istənilən erməni divardan asılan tüfəngdir. Ola bilsin qoca, şikəst, təkbaşına yaşayan bir ermənidən belə bir cinayət gözlənilməsin.Amma, unutmayaq ki, qucaq açdığımız erməninin arxa planda hər zaman bir türkdən qisas almaq istəyi var və bu xislətdən Azərbaycan düşmənləri istifadə ediblər və edəcəklər. Ehtiyatlı olmalıyıq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər