“Bu gün Arif Babayevin dünyasını dəyişməsindən 40 gün ötür. Onun vəfat xəbərini eşitdiyim gün o qədər sarsıldım ki. Xətrini dünyalar qədər istəyirdik. Bizim üç övladımızın toyunda Arif müəllim gəlib oxuyub, iştirak edib. Heç vaxt yadımdan çıxmaz, Qədir müəllim dünyasını dəyişəndən sonra oğlum nişanlı qalmışdı. Arif müəllim özü gəlib böyüklük etdi, toyunda ifa etdi. Arif Babayev bizim üçün əvəzolunmaz biri idi. Mən rayonda olduğum üçün yas mərasimində iştirak edə bilmədim, amma övladlarım getmişdi. Muğam sənətində Arif Babayevin yerini dolduracaq heç kimsə qalmayıb. Bu cür sənətkarların adına muğam, musiqi məktəbləri açılmalıdır, adları küçələrə verilməlidir. Arif Babayevin sənəti ölməzdir. O bir xəzinə, irs qoyub gedib”
Bunu Moderator.az -a açıqlamasında xalq artisti, görkəmli sənətkar Qədir Rüstəmovun ömür-gün yoldaşı Fatma Rüstəmova deyib. O daha sonra əlavə edib:
“Arif müəllim bizim yerlimiz idi. Qarabağ muğam məktəbinin sütunlarından biri, Qədir müəllimin də ən yaxın dostlarından biri idi. Telefonla bir-biri ilə danışırdılar, dərdləşirdilər. Arif Babayev hər zaman Qədir müəllimə böyük diqqət göstərib. Qədir müəllim haqda olan verilişdə ağır xəstə də olsa danışıb, müsahibə verib. Övladlarıma zəng edib deyirdi ki. “siz yaxşı oğlanlarsız, Qədirin adını yüksək tutun”. Bilirsiniz ki, Qədir müəllim bir o qədər də efirləri sevmirdi, verilişlərə çıxmırdı, amma Arif Babayev hər zaman ona tövsiyyə edirdi ki, efirə çıxsın, oxusun, sənətlə məşğul olsun. Ağdamın işğalından sonra Qədir müəllim demək olar ki, el şənliklərinə getmədi, efirlərə çox çıxmadı. Arif müəllim telefonda zəng edib deyirdi ki, “Ay Qədir, sənin bu cür gözəl səsin var, oxu ki, səni eşitsinlər”. Qədir müəllim Türkiyədə müalicə alanda Arif Babayev bir neçə dəfə zəng edib onun özü ilə danışıb, ürək-dirək verib. Həm də zarafatı sevən insan idi. Deyirdi ki, “Ay Qədir, sən məndən sağlamsan, tez sağalacaqsan, heç vaxt ölə bilməzsən, çox yaşayacaqsan”.Bu sözləri ilə Qədir müəllimi ruhlandırırdı. Qədir müəllimin özünəməxsus və fərqli oxumağı var idi. Bəzən olurdu ki, bir çoxları bunu qeyri-adi qəbul edirdi. Arif Babayev, İslam Rzayev, Qulu Əsgərov kimi sənətkarlar Qədir müəllimi müdafiə edirdilər. Hətta bir estrada müğənnisi o vaxt demişdi ki, “Qarabağlılar ancaq Qədiri sevir, nə qanırlar estrada nədir?”. Arif müəllim də buna etiraz olaraq demişdi ki, “musiqi başa düşən adam həm muğamı, həm də estradanı sevməlidir”. Sənətkarın nə özü ölür, nə də sənəti. Qoyub getdikləri bu sənət hər zaman onları yaşadacaq” deyə sənətkar bildirib.