Bu test Moskvanın xarici siyasətini necə ifşa etdi?
Bugünlərdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev
Finlandiyanın NATO-ya üzvlük ehtimalı ilə bağlı maraqlı və bir o qədər də gülünc açıqlama ilə çıxış edib. Çıxışında bunu Finlandiyanın suveren hüququ kimi dəyərləndirən Medvedyev, 2-3 cümləlik açıqlamada Helsinkiyə hədə-qorxu gəlməyi də unutmayıb. Rus yetkili bildirib ki, əgər belə bir şey baş versə, “təbii ki, bunun nəticələri olacaq”.
Medvedyev sonrakı açıqlamalarında Finlandiyaya qarşı ittihamlarını genişləndirərək bu ölkəni Rusiyaya hücum hazırlığında günahlandırıb.
Medvedyevin məlum açıqlamaları Kremlin sadəcə Finlandiyaya deyil, bütün dünyaya baxışını ifadə edir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərindən aydın görünür ki, Kreml öz boğucu üstünlüyün artıran NATO qarşısında dəhşətli qorxu hissi duyur və bu səbəbdən də adıçəkilən hərbi-siysi blokla az və ya çox dərəcədə əməkdaşlıq edən istənilən dövlətə düşmən gözü ilə baxır. Rusiya Finlandiyanın NATO-ya üzvlük məsələsinin bu ölkənin suveren hüququ olduğunu bilir, eyni zamanda fin xalqına hədə-qorxu gəlməklə onun bu hüququnu məhdudlaşdırmağa çalışır. Bununla da beynəlxalq hüququn tələbini pozur. “Fin testi” Rusiya xarici siyasətinin ilk növbədə bu istiqamətini – başqa dövlətlərin və xalqların suveren hüquqlarını nümayişkəranə şəkildə pozmaq ənənəsini ifşa edir.
Rusiya Medvedyevin dili ilə bəyan edir ki, əgər Finlandiya NATO-ya üzv olarsa, o zaman cəzalandırılacaq. Halbuki, Rusiyanın artan təzyiqləri fonunda Finlandiyanın NATO-ya üzvlüyü yeganə qurtuluş yolu kimi görünür. Əks təqdirdə Rusiyanın Finlandiyaya ilk növbədə siyasi-diplomatik, eləcə də, psixoloji basqıları artıracağı şübhəsizdir. Ukrayna nümunəsi də sübut etdi ki, Rusiya başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq təcrübəsindən imtina etmək niyyətində deyil. Bu mənada Finlandiyanın da yaxın gələcəkdə Rusiyanın qurbanları sırasına daxil olmaq ehtimalı var və rəsmi Helsinki təbii olaraq bu ehtimalı nəzərə alaraq öz təhlükəsizliyini qeydinə qalmalıdır.
Üçüncüsü, “fin testi” sübut edir ki, Rusiya ilə münasibətlərdə ən etibarlı tənzimləyici amil güclü ordu və etibarlı müttəfiqlərdir. Yalnız bu şəkildə Rusiya təhlükəsindən qismən də olsa sığortalanmaq, yaxud bu təhlükəyə adekvat cavab vermək mümkündür. Çünki Kreml müasir dünyaya köhnə nəzərlərlə baxmaqda davam edir və bu nəzərlər Rusiyanın maraqlarından başqa heç nəyi görmür.
S.Əliyev