8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Zaqatala Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veüteranları Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən konfransdan öncə Ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, Ümummilli liderin xatirəsi ehtiramla yad edilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqətlik sükutla yad edilib.
Konfransa çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov öncə konfrans iştirakçılarını icra başçısı Mübariz Əhmədzadənin adından salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
Tofiq Əhmədov çıxışında Ümummilli liderin, eləcə də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib:
“Heç kimə sirr deyil ki, tarixdə ikinci dəfə müstəqillik qazanan Azərbaycan xalqının nicatı, Azərbaycan dövlətçiliyinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin yürütdüyü siyasət – Azərbaycanın iqtisadi inkişafına təkan verən “Əsrin müqaviləsi”nin imzalanması, nizami ordunun formalaşdırılması, diplomatik əlaqələrin genişləndirilməsi, ölkəmizin beynəlxalq təşkilatlara, dünya arenasına inteqrasiyası, eləcə də, milli həmrəyliyin təmini Azərbaycanı tarixin bütün sınaqlarından üzüağ çıxardı.
Heydər Əliyev həssas kateqoriyadan olan bütün şəxslər kimi veteranlara da daim qayğı və diqqət göstərmiş, onların sosial problemlərinin həllini, cəmiyyətin ictimai həyatında aktiv iştirakının təmin olunmasını daim diqqət mərkəzində saxlamışdır.
Qürurvericidir ki, Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, nəticədə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın edərək işğaldakı torpaqlarımızı azad etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən böyük zəfər – “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə qızıl hərflə həkk edilmişdir. Əminəm ki, ordumuzun bu şanlı qələbəsi illər, əsrlər sonra da daim ehtiram hissi ilə xatırlanacaq, tədqiq ediləcək, öyrəniləcək və təbliğ olunacaq”.
Konfransada çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi və 8 Noyabr zəfərinin hərbi-siyasi önəmindən bəhs edib:
“44 günük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı zəfəri əhəmiyyətli edən çoxsaylı amillərdən biri qələbə nəticəsində erməni faşizminin darmadağın edilməsi, 30 illik işğal probleminə son qoyması oldu. Lakin 8 Noyabr zəfərinin əhəmiyyəti bununla yekunlaşmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin ən mühüm nəticələrindən biri də bu qələbənin milli özünütəsdiqimizi təmin etməsi oldu. Azərbaycan bu tarixi zəfərlə özünü beynəlxalq aləmdə, dünya xalqları içərisində bir daha təsdiq etdi. Xalqımız sübut etdi ki, heç kim, heç bir qüvvə onun iradəsini qıra, onu məğlubiyyətlə barışmağa vadar edə bilməz.
Bu gün Azərbaycan Ordusu dünya orduları arasında ilk yerlərdən birini tutur. Bütün bunlar Müzəffər Ali Baş Komandanın uğuru olmaqla yanaşı, onun xalqımızın, dövlətimizin müdafiə və təhülkəsizliyinə verdiyi önəmi göstərir.
Azərbaycan bu gün dünyada sülh və təhlükəsizlik ölkəsi kimi tanınmaqdadır. Prezident İlham Əliyevin 8 avqust Vaşinqton görüşü, eləcə də Çinə səfəri əsnasında keçirdiyi görüşlər, verdiyi bəyanatlar dövlətimizin diplomatik səfəri, siyasi qələbəsi kimi dəyərləndirilməlidir.
İnanıram ki, xalqımız bugünə qədər olduğu kimi bundan sonra da Prezidentimizi dəstəkləməkdə, onun ətrafında sıx birləşməkdə davam edəcək, həmrəyliyimiz gələcək uğurlarımız üçün zəmin formalaşdıracaq”.
Konfransda çıxış edən Zaqatala Rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, Gənclər və idman sektorunun müdiri Araz Əliyev, Vətən müharibəsi əlili Nurlan Mazanov çıxış edərə Azərbaycan dövlətinin inkişaf tarixi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığından danışıblar.
Konfransımn sonunda rayon ziyalısı İbrahim İbrahimovun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatına namizədliyi irəli sürülüb və bu təklif yekdilliklə dəstəklənib.
Seymur ƏLİYEV