"Çünki həmin ölkədə demokratiyanın inkişafında, hüquqi dövlətin yaranmağında, gələcək nəsli düşünəcək bir sistemin formalaşmasında Saakaşvilinin rolunu nə gürcülər, nə də digər millətlərin nümayəndələri danır..."
“Bununla belə, düşünürəm ki, Gürcüstandakı demokratik hərəkatın nəticə verməsi üçün daha yeni liderlərə də ehtiyac var...”
Xəbər verildiyi kimi, hazırda Tiflisdə həbsdə olan Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyası ölkədə yeni “qızılgül inqilabı” hazırlayır.
“4 oktyabrda bizim tam konstitusion hüququmuz var ki, bu rus rejimini, hansı ki, bütün konstitusion çərçivələrdən çıxıb, sülh yolu ilə devirək. Məhz "qızılgül inqilabı"nda olduğu kimi — sülh yolu ilə, xalqın birliyi və mübarizəsi ilə”. Bunu sözügedən partiyanın üzvü Ana Tsitlidze açıq bəyanatla çıxış edərək bildirib.
Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək.
Xatırladaq ki, 2003-cü ilin noyabrında Gürcüstanda “qızılgül inqilabı” baş vermişdi. 23 noyabrda müxalifətin kütləvi aksiyaları nəticəsində o vaxtkı prezident Eduard Şevardnadze istefa verməyə məcbur olmuşdu. Bu prosesin önündə Mixeil Saakaşvili, Zurab Jvaniya və Nino Burcanadze dayanırdı. Qısa müddət sonra Saakaşvili prezident seçilərək hakimiyyətə gəlmişdi. Mixeil Saakaşvili isə 2021-ci il oktyabrın 1-də gizli şəkildə Ukraynadan Gürcüstana qayıtdıqdan dərhal sonra həbs olunub. Gürcüstan məhkəməsi onu səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamları ilə məhkum edib. Hazırda o, Tiflisdə həbsxanada saxlanılır və səhhətinin ağır olması ilə bağlı beynəlxalq təşkilatlar dəfələrlə Gürcüstan hakimiyyətinə müraciət ediblər.
Bəs görəsən, dünyada və regiondakı hazırkı geo-siyasi reallıqda Gürcüstanda yeni bir inqilab həyata keçirmək mümkündürmü?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov bunları söyləyib:
“Əvvəla, digər region və ölkələrdə olduğu kimi, Gürcüstandakı ictimai-siyasi proseslər də dünyada bu gündən sabaha baş verən hadisələrdən çox asılıdır. Yəni son vaxtlar beynəlxalq şərait o qədər sürətlə dəyişir ki, ona görə də hansı halda hansı hadisələrin olacağını əvvəlcədən proqnozlaşdırmaq çox çətin olur.
İkincisi, hesab edirəm ki, Rusiyanın gücü tam tükənməyib və regionda, o cümlədən Gürcüstandakı dayaqları hələ möhkəmdir. Və gürcülərin də bu amili nəzərə alaraq hərəkət etməsi daha məqsədəuyğun olar. Gedişatdan onu görürük ki, hətta Amerika və Avropanın özü də Rusiyanın digər məkanlarda olduğu kimi, Cənubi Qafqazdakı addımlarına da qarşı radikal addımlar ata bilmir. Bununla belə, hesab edirəm ki, Rusiya getdikcə zəifləyəcək, tükənəcək. Çünki bu ölkə imperiya siyasətini davam etdirdiyinə görə artıq nüfuzunu itirib. Özü də yalnız bölgədə yox, bütün dünyada... O baxımdan Gürcüstanın Rusiyanın caynaqlarından tam qurtulması üçün hərəkatı qısa, yaxın bir müddətdə yox, uzun vadədə strateji şəkildə düşünüb həyata keçirmək daha ağıllı və qansız-qadasız başa gələ bilər”.
“Bəs sizcə, eks-prezident Mixeil Saakaşvilinin Gürcüstanda belə bir hərəkatın həyata keçirilməsi üçün kifayət qədər elektorata malikdirmi” sualına isə həmsöhbətimiz belə cavab verib:
“Mən sonuncu dəfə Gürcüstanda olanda şahidi oldum ki, Saakaşvilinin xeyli elektoratı, dayağı var. Çünki həmin ölkədə demokratiyanın inkişafında, hüquqi dövlətin yaranmağında, gələcək nəsli düşünəcək bir sistemin formalaşmasında Saakaşvilinin rolunu nə gürcülər, nə də digər millətlərin nümayəndələri danır. Bununla belə, düşünürəm ki, Gürcüstandakı demokratik hərəkatın nəticə verməsi üçün daha yeni liderlərə də ehtiyac var. Yalnız köhnə liderlərlə bunun həyata keçirilməsi imkansızdır...”
Sultan Laçın