"Kalininqrad və Belarusda Rusiya hərbi mövcudluğunun artması, qəfil təlimlər və qeyri-adi qoşun hərəkətləri müşahidə olunur..."
Rusiya prezidenti Vladimir Putin illərdir Avropaya hücum niyyətini "inanılmaz yalan" adlandırsa da, Qərb analitikləri və kəşfiyyat dairələri əksini düşünür. Xüsusilə də NATO-nun ən zəif nöqtəsi hesab edilən Suvalk dəhlizi barədə ehtimallar güclənir.
Moderator.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.
Suvalk dəhlizi üzərində artan gərginlik və Qərbin narahatlığı
Nəşr xatırladır ki, bu təxminən 65-100 kilometrlik zolaq Polşa ilə Litva arasında yerləşir və Kalininqradı Belarusla birləşdirir. Əgər Moskva bu ərazini nəzarətə götürsə, Baltikyanı ölkələr - Litva, Latviya və Estoniya faktiki olaraq qalan NATO-dan təcrid olunmuş vəziyyətə düşər.
Britaniyalı keçmiş kəşfiyyat zabiti Filip İnqremin sözlərinə görə, Kalininqrad və Belarusda Rusiya hərbi mövcudluğunun artması, qəfil təlimlər və qeyri-adi qoşun hərəkətləri artıq müşahidə olunur. O, bu mənzərəni Ukraynaya genişmiqyaslı hücumdan əvvəlki vəziyyətə bənzədir.
İnqrem əlavə edir ki, Kreml tərəfindən aparılan genişmiqyaslı təbliğat kampaniyaları, GPS siqnallarının boğulması və dənizaltı rabitə xətlərinə diversiyalar hibrid müharibənin tərkib hissəsidir. Rusiya mediasında Baltik ölkələrinə qarşı kəskin ritorikanın artması və oradakı rusdilli azlıqlar arasında gərginlik yaratmaq cəhdləri də diqqətdən yayınmır.
NATO-nun cavab axtarışı
Son illərdə Avropa liderləri dəfələrlə Rusiya təhlükəsinə işarə ediblər. Almaniya müdafiə naziri Boris Pistorius 2029-cu ildə NATO-ya qarşı hücum ehtimalını dilə gətirib, Norveç ordusunun komandanı isə Alyansa ən çox iki-üç il vaxt qaldığını bildirib.
"Bild" və "Financial Times" nəşrlərinin yazdıqlarına görə, NATO şərq cinahında Rusiya ilə qarşıdurmaya hazırlaşır, hətta Almaniyadan əlavə 40 min hərbçi tələb olunub. Böyük Britaniyanın baş naziri Kir Starmer isə ölkəsinin müdafiə sistemində islahat elan edib, nüvə potensialının artırılmasını və hərbi qüvvələrin müharibəyə hazırlığını ön plana çəkib.
Moskvanın mövqeyi və narahatlığın davamı
Putin isə hələ iyun ayında Avropaya hücum planı barədə yayılan xəbərləri qəti şəkildə rədd edib, onları "yalan" adlandırıb. Lakin Qərb analitiklərinin fikrincə, məhz bu cür inkarlar çox vaxt gələcək əməliyyatların öncəsi olur. Beləliklə, NATO üçün Suvalk dəhlizi yalnız coğrafi bir zolaq deyil, həm də bütün Alyansın sabitliyi və güvənliyi üçün kritik sınaq nöqtəsidir. İndi əsas sual budur: Kreml bu zəif həlqəni sınağa çevirəcəkmi, yoxsa hələlik psixoloji və informasiya təzyiqi ilə kifayətlənəcək?..