Bizi sosial şəbəkələrdən izləyin:
“Qarabağı könüllü tərk etmiş erməni əhalinin bir hissəsi də Rusiyaya köçüb. Moskva onlardan da istifadə etməyə çalışacaq. Ara Abramyanın təbrik edilməsi də Putin Rusiyasının qarşıya müxtəlif hədəflər qoyduğuna işarədir...”
Rusiya Ermənistanda Qarabağdan köçmüş ermənilər kartından istifadə etməyə çalışmaqda davam edir. Bu günlərdə Mokvadan 800 köçkün erməni ailəsinə yardım gətirilib. Dünən isə Putin Rusiya Ermənilər İttifaqının 25 illiyi münasibəti ilə təbrik edib. Həmin ittifaqın sədri Ermənistanda hakimiyyətə iddialı olan milyarder Ara Abramyandır. Necə hesab edirsiz, gələn ilin iyunundakı parlament seçkilərinə qədər Ermənistanda hadisələr necə inkişaf edəcək?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında ermənişünas tədqiqatçı alim Qafar Çaxmaqlı bunları söyləyib:
“Əvvəldən istisna deyildi ki, Rusiya Azərbaycana təzyiq etmək üçün Qarabağdan köçmüş ermənilər kartından istifadə edəcək. Sentyabrın 2-də İrəvanda Azadlıq meydanında keçirilən mitinqdə də Qarabağ ermənilərinin geri dönüşü məsələsində Rusiyadan yardım tələb olunub. Kreml də buna uyğun olaraq siyasi gedişlər edir. Bunlardan biri də Qarabağ ermənilərinə yardım jestidir. Qarabağı könüllü tərk etmiş erməni əhalinin bir hissəsi də Rusiyaya köçüb. Moskva onlardan da istifadə etməyə çalışacaq. Ara Abramyanın təbrik edilməsi də Putin Rusiyasının qarşıya müxtəlif hədəflər qoyduğuna işarədir. Seçkilərdə Paşinyana rəqib olacaq şəxs artıq Ermənistana göndərilib. Bu, milyarder Samvel Karapetyandır. Onu həbsə atdırıb qəhrəmana və hakimiyyətə əsas iddialı şəxsə çevirmək istəyirlər. Karapetyanın artıq elektoratı və siyasi təşkilatı formalaşdırılır. 7 iyun seçkilərində Rusiyanın dəstəklədiyi namizəd Karapetyan olacaq. Anket - sorğularda o birinci yerdə göstərilir. Paşinyan isə sülhə nail olmuş lider kimi bunları məğlub edəcək kimi görünür. Amma vaxta hələ çox var. Siyasi situasiya dəyişə də bilər”.
Sultan Laçın