"Çin alternativ dünya lideri kimi öz gücünü göstərdi, ABŞ və Qərbə meydan oxudu..."
3 sentyabr 2025-ci ildə Pekində keçirilən hərbi parad yalnız bir nümayiş deyildi. Səhnədə ÇXR sədri Sİ Tszinpin, Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In dayanaraq dünya ictimaiyyətinə mesaj verdi: Çin ABŞ və Qərbin diktə etdiyi qaydaları qəbul etməyən bir dünya nizamına doğru addım atır.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.
Çin liderinin parad mesajı
CNN-in yazdığına görə, parad zamanı nümayiş olunan nüvə raketləri, sualtı dronlar, döyüş təyyarələri və hərbi texnika Çin ordusunun gücünü açıq şəkildə göstərib. Paradın dəbdəbəli görüntüsünün arxasında isə əsas mesaj gizlənib: "Sülh, amma Qərbin diktəsi olmadan".
Qlobal siyasi mesaj
Parad yalnız Çin daxilində deyil, həm də beynəlxalq səviyyədə mesaj daşıyıb. ABŞ və Qərb paytaxtlarında müşahidəçilər anlayıb ki, Çin məqsədli şəkildə Vaşinqton və müttəfiqlərini sınağa çəkir. Analitiklərin fikrincə, Sİ-nin bu təşəbbüsü Qərbdən narazı ölkələri birləşdirərək ABŞ-ın nüfuzunu zəiflətmək və dost ölkələr arasında gücü bölüşdürmək niyyətini göstərir.
Mütəxəssislər qeyd edir ki, parad zamanı nümayiş olunan raket arsenalı Çinə bütün dünyada hədəfləri vurmaq imkanı verir və hipersəs texnologiyaları sayəsində qabaqcıl raket müdafiə sistemlərini aşa bilir. Döyüş dronları və lazer silahları isə potensial rəqiblər üçün hərbi maneələri artırır.
Sülh və müharibə arasında seçim
Si Tszinpin paradın ortasında Tyananmen meydanında dayanaraq dünya ictimaiyyətini sadə seçimə çağırıb: "Sülh, yoxsa müharibə?". Nəşr qeyd edir ki, burada nəzərdə tutulan beynəlxalq sistemin seçimi - Çin yoxsa Qərb daha aydın görünür. Çin lideri ABŞ-ın Tramp dövründə dünya siyasətindəki rolundan geri çəkilməsini və müttəfiqlərlə ziddiyyətini müşahidə edərək bu mesajı verir.
Çin, Rusiya və Şimali Koreya: alternativ blok
CNN vurğulayır ki, Sinin yanında duran Putin Ukraynada qanlı müharibəyə səbəb olan işğalçı və Kim Çen In, öz nüvə arsenalını gücləndirən və Putinə hərbi dəstək verən liderdir. Bu üçlüyün paradı beynəlxalq sistemdə iki aydın blokun mövcudluğunu nümayiş etdirir: Qərbə sadiq ölkələr və Çin-Rusiya-Şimali Koreya bloku.
Sülh və güc nümayişi arasında parad dilemması
Çin rəhbərliyi paradın müdafiə xarakterli olduğunu iddia etsə də, nümayişin özü hücum gücünü açıq şəkildə göstərib. Sinxua Universitetinin keçmiş polkovniki, beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis Çjou Bo bildirir ki, 2049-cu ilədək Çin həm "dünyanın hərbi lideri" olmaq, həm də sülhü qorumaq niyyətindədir.
Lakin paradın paradoksu ondadır ki, əgər ordunuz döyüş təcrübəsi keçməyibsə, necə sübut etmək olar ki, o, dünya səviyyəsindədir? Pekin paradı yalnız hərbi nümayiş deyildi, o, həm də qlobal güc balansının dəyişməsini, Çin liderliyinin yüksəlişini və ABŞ-Qərb mərkəzli dünya nizamına meydan oxumağı göstərib. Si Tszinpin açıq mesaj verib: dünya sülh yoxsa müharibə, Qərb yoxsa Çin alternativi arasında seçim etməlidir.