Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməyə hazır olduğunu açıqlayıb. Uzun müddətdir ki, Ukraynada sülhə nail olacağını iddia edən Ağ Evin indi belə bir bəyanatla çıxış etməsi ciddi mətləblərdən xəbər verir.
Bu, hər şeydən öncə Ukraynada sülhün gəlişinə olan ümidsizliyi ifadə edir. Sanksiya hədəsi göstərir ki, sülhlə bağlı bütün ehtimal və proqnozlara rəğmən hələ də Ukrayna üfüqlərində sülh görünmür. Məhz buna görə də ABŞ sanksiyaların ikinci mərhələsinə keçməklə Rusiyaya təzyiqləri artırmağa, prosesləri ölü nöqtədən tərpətməyə çalışır.
ABŞ-ın sanksiya bəyanatı sülh proseslərinə məhz Rusiyanın mane olduğunu göstərir. Əgər belə olmasaydı, o zaman ABŞ Rusiyaya sanksiya tətbiq etməz, onunla onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirməzdi.
Bir sözlə, Ukrayna-Rusiya müharibəsi ətrafında qlobal arenada baş verən proseslər müharibənin hələ bir müddət davam edəcəyini göstərir. Bu isə işğala məruz qalan Ukrayna xalqı üçün yeni itkilər və fədakarlıqlar deməkdir.
S. Əliyev