“Son illərdə tarix boyu ilk dəfədir ki, Kremlin Azərbaycana ehtiyacı yaranıb…”
Ekskluziv
1527
16:21, Bu gün

“Son illərdə tarix boyu ilk dəfədir ki, Kremlin Azərbaycana ehtiyacı yaranıb…”

“Əgər Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, münasibətlərin normallaşması mümkündür. Əks halda, gərginlik davam edəcək…"
 
 Son 8-9 ay ərzində Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik hələ də davam edir. Siyasi analitik Teymur Qasımlı Moderator.az-a verdiyi açıqlamada, bu gərginliyin artmasının müxtəlif geosiyasi amillərlə bağlı olduğunu qeyd edib. O, xüsusilə Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla Çindəki sammitdə görüşməsini, amma Azərbaycan prezidenti İlham Əliyev ilə belə bir görüşün baş tutmamasını diqqətə çatdırıb. Qasımlı vurğulayıb ki, əvvəlcədən yayılan məlumatlarda bu görüşün ehtimalı olsa da, nəticədə yalnız Pekindəki hərbi parad ərəfəsində Putin və Əliyev arasındakı "ayaqüstü salamlaşma" ilə məhdudlaşıb.
 
"Bu, yalnız siyasi etika xatirinə baş tutan bir salamlaşma idi," - deyə analitik bildirib. Qasımlı gələcəkdə yaranacaq yeni geo-siyasi balansların, tərəflərin öhdəliklərə nə dərəcədə əməl etməsindən və siyasi iradənin sülh sazişinin imzalanmasına təsirindən asılı olacağını qeyd edib
 
Analitik Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşmasının, xüsusilə dostluq və qarşılıqlı ehtiram üzərində qurulmasının bu gün Kremlin maraqlarına uyğun olduğunu söyləyib. "Gerçəklik budur ki, son illərdə tarix boyu ilk dəfədir ki, Moskvanın Azərbaycana ehtiyacı yaranıb və bu ehtiyac getdikcə daha da artmaqdadır. Bunun bir sıra geo-siyasi və iqtisadi səbəbləri mövcuddur," - deyə o, qeyd edib.
 
Bundan əlavə, Qasımlı Azərbaycan Hava Yollarına məxsus sərnşin təyyarəsinin vurulması məsələsini də önəmli bir məqam olaraq gündəmə gətirib. O, təyyarədəki əsas heyət üzvləri və onlarla birlikdə dinc vətəndaşların həlak olduğunu vurğulayıb və bu hadisənin sadəcə texniki qəza və ya təsadüfi bir insident sayıla bilməyəcəyini bildirib.
 
Qasımlı Azərbaycanın Rusiyadan bu faciəyə görə izahat tələb etməsinin və məsuliyyətin tanınması ilə bağlı haqlı olduğunu bəyan edib: 
 
"Bu həm hüquqi, həm də mənəvi baxımdan Azərbaycan üçün böyük bir itki və ağır cinayətdir. Azərbaycan dövlətinin mövqeyi prinsipialdır və bu mövqe sonadək müdafiə olunmalıdır. Çünki burada söhbət günahsız insanların həyatından və müstəqil dövlətimizin suverenliyinə hörmətdən gedir. Hadisənin üstü örtülməməli, istintaq şəffaf və beynəlxalq hüquqa uyğun şəkildə aparılmalıdır."
 
Qasımlı Rusiyanın hazırkı iqtisadi və siyasi vəziyyətinə də toxunub. O, qeyd edib ki, Rusiya hazırda ağır sanksiyalar altındadır və bu, ölkənin regional tərəfdaşlarla, o cümlədən Azərbaycanla münasibətlərinin pisləşməsini əlavə bir yük kimi qarşısına qoyur. 
 
"Rusiya bu reallığı düzgün qiymətləndirməli və yaranmış gərginliyi azaltmaq üçün konkret addımlar atmalıdır," - deyə Teymur Qasımlı vurğulayıb.
 
Analitik hesab edir ki, Azərbaycan isə haqlı olaraq münasibətlərin normallaşması üçün şəffaflıq, təzminat və məsuliyyət tələb edir: 
 
"Bu, beynəlxalq hüququn və ədalətin tələb etdiyi bir yanaşmadır. Rusiya, Azərbaycandan tərəfdaşlıq gözləyirsə, eyni zamanda ədalətli olmalıdır. Bu, mümkün deyil. Azərbaycan artıq öz beynəlxalq mövqeyini, prinsiplərini və milli maraqlarını qorumaq qabiliyyətinə sahib güclü bir dövlətdir."
 
Həmsöhbətimiz Azərbaycanın Ukrayna məsələsində balanslı bir mövqe sərgilədiyini bildirib. Lakin bu, Rusiyanın istədiyi hərəkətləri edə biləcəyi və qarşılığında münasibətlərin normal qalacağı anlamına gəlmir. "Əgər Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, münasibətlərin normallaşması mümkündür. Əks halda, gərginlik davam edəcək," - deyə o qeyd edib.
 
Qasımlı hərbi qarşıdurma ehtimalının aşağı olduğunu, lakin siyasi və diplomatik soyuqluğun müəyyən müddət davam edə biləcəyini əlavə edib. O, həmçinin pərdəarxası diplomatik kanalların işləyə biləcəyini, lakin əsas məsələ olaraq Rusiya tərəfinin məsuliyyət daşıdığını qəbul etməsi gərəkdiyini qeyd edib: "Bu baş vermədikcə, münasibətlərin tam bərpası çətin görünür."
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər