“8 avqustda o boyda söz demişəm - oynamaqlarına bax!..”
"Görünür, “Qarabağ”, “Qalatasaray”, “Fənərbaxça” kimi komandalar sadalanan amillərin çoxundan xeyli uzaqlaşmağa çalışdığından müəyyən uğurlar qazana bilir..."
Düzü, peşəkar futbol azərkeşi deyiləm. Son illər Azərbaycan yığmasının oyunlarına baxmağa, nə vaxtım, nə də həvəsim olur. Hərdən “Qarabağ”ın oyunlarının son 10-15 dəqiqəsinə, bir də dünya, yaxud Avropa çempionatlarında Türkiyə və Ukraynanın oyunlarını izləyirəm... Fəqət, futbol millimizin dünənki oyunu bir vətənşüvən, üzr istəyirəm, vətəndaş kimi məni də çox ağrıtdı...
O saat adamda belə bir sual yaranır. Necə olur, 3 il yarımdır müharibənin içində hər şeyi, o cümlədən iqtisadiyyatı, idmanı, eləcə də bir çox şəhər və qəsəbələrindəki futbol klubları, onların meydançaları darmadağın olmuş neftsiz, qazsız yoxsul Ukrayna Fransa kimi futbol nəhənginə cəmi 2:00 uduzur, neftli, qazlı, qızıllı-gümüşlü, balıqlı-kürülü şükür Allaha, savaşsız, terrorsuz, qalib milyarder Azərbaycan isə İslandiya kimi o qədər də güclü olmayan komandaya 5:00 uduzur...
Bu düşüncədən sonra ağlıma son iillərin 1 nömrəli dünya dahisi Donald Trampın(dəlidən doğru xəbər) İlham Əliyev və Nikol Paşinyanla Vaşinqtondakı görüşündə dediyi doğrudan da mənalı bir fikir gəldi:
“Pul hər şeyi həll etmir...”
Doğrudan da, bu aksiom Azərbaycanın iqtisadiyyatına da, elm və təhsilinə də, səhiyyəsinə də, o cümlədən futboluna da uyğun gəlir. Son onilliklərdə futbolumuz neftdən gələn yüz milyonlarla gəlirlərlə nə qədər rövnəqlənsə də, xaricdən gətirilmiş məşqçilərə ildə yüz minlər ödənilsə də, bir dənə “Qarabağ”ın hər dəfə yarımçıq qalan Avropa uğurlarından savayı heç nə gözə dəymir...
Yəqin, İslandiyaya uduzduğumuzu eşidən Tramp deyəcək: “8 avqustda o boyda söz demişəm - oynamaqlarına bax!..”
1 nömrəli Amerika dahisinin “Pul hər şeyi həll etmir...” kəlamının yerinə düşdüyü məqam ayrıca bir insanın, ailənin, yaxud şirkətin, eləcə də futbol komandasının özünün əldə etdiyi, eləcə də, dövlətin başında durduğu ölkənin, xalqın sərvəti hesabına qazandığı yüz minləri, milyonları, milyardları xərcləmək qaydasının pozulması zamanı meydana çıxır...
Həmin qayda isə əsasən insana da, ailəyə də, şirkətə də, futbol komandasına, ayrıca futbolçuya da aid edilə bilən aşağıdakı 5 amil səbəbindən pozulur:
1. Korrupsiya, xırda və böyük rüşvətxorluq;
2. Qohumbazlıq, tayfabazlıq;
3. Səhlənkarlıq, məsuliyyətsizlik;
4. Tənbəllik, kefkomluq;
5. Şöhrətpərəstlik, narsislik- özünə vurğunluq...
Bu amillər təəssüf ki, müsəlman adlanan bir çox ölkələr kimi Azərbaycan və Türkiyə cəmiyyətinə də aid edilə bilər. Ona görə də bizdə kollektiv vətəndaşlıq institutu kimi, kollektiv futbol da yoxdur. Görünür, “Qarabağ”, “Qalatasaray”, “Fənərbaxça” kimi komandalar sadalanan amillərin çoxundan xeyli uzaqlaşmağa çalışdığından müəyyən uğurlar qazana bilir... Təsəvvür edin ki, dünyanın ən yaxşı məşqçisini qoymusan futbol komandasının başına və ona da futbolçulara da yetərincə pul xərcləyirsən. Həmin məşqçi də komandanın təlimlərini futbol elminin bütün incəliklərinə uyğun aparır. Amma futbolçuların çoxu rüşvət və ya qohum, tanış, “day-day” hesabına toplanıb, üstəlik, səhlənkar və məsuliyyətsizdirlər- məşqlərdən yayınmağa çalışırlar, tənbəl və kefkomdurlar- bir xarici şəhərə gedən kimi gözlənilən oyunda necə oynayacaqlarında yox, həmin məkanın hansı gözəl qızı ilə tanış olub, üzr istəyirəm, bazlıq etmək(hələ qumarı, narkotiki demirəm), hansı ləziz xörəkləri yemək, hansı yerlərində gəzib şəkil və video paylaşmaq, hansı brend mağazalarından özünə, övladlarına, yaxınlarına hansı super geyimləri almaq və s. haqda düşünürlər. Belə idmançılar həmçinin oyun zamanı kollektiv oyunun qurulmasına yox, paxıllığın çəkdiyi filan komanda yoldaşından əvvəl qol vurub şöhrət, mükafat qazanmaq haqda düşünür. O halda hansı peşəkar və kollektiv oyundan, qələbədən dəm vurmaq olar?..
Sonda belə nəticəyə gəlirəm ki, neft-qaz, qızıl-gümüş ölkəsinin də, futbol komadasının da uğur qazanmasından ötrü bolluca pulla yanaşı, düzgün düşüncə tərzi, dürüstlük, halallıq, sadəlik, təvazökarlıq, məsuliyyətlilik, işgüzarlıq, kollektiv, cəmiyyət olaraq bir-birinə inanma, etibar, sədadət və s. hökmən gərəkdir...
Və bir daha özü də narsist, şöhrətpərəst, tərifpərəst, mükafatpərəst, nobelpərəst olsa da, dahi Trampın kəlamını təkrarlayıram:
“Pul hər şeyi həll etmir...”
Sultan Laçın