Ekskluziv
519
18:18, Bu gün

"Asiya nəhənglərini bir araya gətirən Qərbin yürütdüyü yanlış siyasətdir...”-Siyasi şərhçi

“Hindistan və Çin həqiqətən də Rusiya ilə iqtisadi əlaqələr qurmaqla işğalçını dəstəkləyir. Amma onlarla münasibət inzibati və zorakı metodlara əsaslanmamalıdır...”
 
“Mövcud dünya düzəni II Dünya müharibəsinin yekunlarına əsasən qurulub. Qalib dövlətlər dünyanı bölüşüb və bunu legitimləşdirmək üçün beynəlxalq hüquq sistemi yaradıblar. Həmin hüquq sisteminin həyata keçirilməsini isə BMT və onun Təhlükəsizlik Şurasına həvalə ediblər. Üzərindən 80 il zaman keçəndən sonra həmin sistemin işə yaramadığı, BMT TŞ-nın bir çox məsələlərin həllində qərəzli mövqe tutduğu, yeni güc mərkəzlərinin ortaya çıxdığı məlum olub”. 
Siyasi şərhçi Heydər Oğuz bu fikirləri Moderator.az-a açıqlamasında  “Şanxay Əməkdaşlıq Təşkilatının bu günlərdə Çində keçirilmiş məlum sammiti doğrudanmı dünya düzənini dəyişməyə hesablanıb?” sualını cavablandırarkən ifadə edib.
“Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın illərlə təkrarladığı “Dünya 5-dən böyükdür” fikirləri sözügedən dünya düzəninin müasir qlobal tələblərə cavab vermədiyinin ən gözəl və lakonik ifadələrindən biridir. Təsəvvür edin, dünya əhalisinin yarısından çoxu Asiyada yaşadığı halda, BMT TŞ-da onun yalnız 1 təmsilçisi – Çin var. BMT TŞ-nın digər 4 üzvü isə, Rusiya da daxil olmaqla, Qərbi təmsil edir. Asiyanın taleyi bu dövlətlərin ortaq çıxaracağı qərardan asılıdır və adətən həmin dövlətlər ya yekdil fikrə gələ bilmirlər, ya da yekdil fikirləri Şərq dünyasının mənafeyinə zidd olur. Üstəlik, artıq Asiya ölkələri iqtisadi və siyasi cəhətdən də ətalət halında deyillər. Getdikcə iqtisadi cəhətdən inkişaf edirlər və Qərb dünyasını geridə buraxırlar. Yaxud dünya əhalisinin hardasa 400 milyonu ərəb ölkələrində yaşayır. Bu, ABŞ-da yaşayan əhalidən belə çoxdur. Dünyanın enerji mənbələrinin mühüm hissəsini əllərində topladıqları halda ərəb ölkələri öz coğrafiyalarının taleyini müəyyənləşdirmək iqtidarında deyillər. Yəni öz potensialları ilə mövcud vəziyyətləri daban-daban ziddir. Çünki özünü dünyanın ağası sayan Qərb ölkələri onların bir araya gəlməsinə və ittifaq qurub böyüməsinə imkan vermir. Əksinə hamısı bir ovuc İsrailin əlində əsir-yesir qalıb. Eyni sözləri türk dünyası üçün də demək mümkündür. Dünyada hardasa 300 milyondan çox türkdilli xalq yaşayır. Onlardan sadəcə yarısı – 150 milyonu müstəqil dövlətlərin vətəndaşlarıdır. Digərləri isə başqa dövlətlərin müstəmləkəçiliyi altında assimiliyasiyaya uğraya-uğraya yox olurlar”, - bu təhlili Heydər Oğuz açıqlamasının davamında diqqətə çatdırıb. 
 
Siyasi şərhçi hesab edir ki, Hindistan da mövcud dünya düzənində ədalətsizliyə məruz qalıb:
 
“Ədalətsizliyə məruz qalan ölkələrdən biri də Hindistandır. Sevsək də, sevməsək də dünya əhalisinin hardasa 18%-i bu ölkədə yaşayır. İqtisadi baxımdan da yüksələn gücdür. Nominal baxımdan dünyanın 7-ci, alıcılıq qabiliyyəti paritetinə görə isə 3-cü ən böyük iqtisadiyyatıdır. Qərb dövlətləri Hindistanı insan sayı baxımından dünyanın ən böyük ölkəsi hesab edirlər. Yəni guya özlərindən biri kimi qiymətləndirirlər. Amma özünü dünyanın ağası kimi aparan ABŞ Hindistana Rusiyadan neft aldığı üçün 50%-lik gömrük rüsumu tətbiq etdi. Bununla da onun suverenlik haqqına təcavüz etmiş oldu. Sözsüz ki, bu cür aşağılanmalara məruz qalan dövlətlər əvvəl-axır bir araya gəlib qlobal təzyiqlərə reaksiya verməli idilər və verirlər.” 
 
Heydər Oğuz bu sözləri deyərkən heç də Hindistanın Ukraynanı işğal etməyə çalışan Rusiyadan neft almasını haqlı görmədiyini bildirir: 
 
“Hindistan və Çin həqiqətən də Rusiya ilə iqtisadi əlaqələr qurmaqla işğalçını dəstəkləyir. Amma onlarla münasibət inzibati və zorakı metodlara əsaslanmamalıdır. Bu dövlətlərin niyə belə addımlar atdığı tədqiq olunmalı, onları qorxudan amillər ortadan qalxmalı və onlar iqtisadi təşviq yoluyla haqq yoluna gətirilməlidir. Əks halda onları qova-qova bir araya gətirər və yeni güc mərkəzinə çevirərsən. Çində keçirilən ŞƏT sammiti də məhz bunun göstəricisidir. Bu sammitdə iştirak edən dövlətlər dünyanın hegemon güclərinə “biz də varıq, bizimlə belə davrana bilməzsiniz, əks halda biz də içərisində sizin olmadığınız yeni bir qütb yarada bilərik” mesajını verdilər. Və buna onların gücləri də çatar”. 
 
“Bəs sizcə, bundan sonra Ukrayna və Avropa ətrafındakı proseslər hansı istiqamətdə inkişaf edəcək?” sualına isə analitik belə cavab verib:
 
“Bilirsiniz ki, ŞƏT sammitindən bir müddət əvvəl Çinin Xarici İşlər naziri Van Yi Avropaya səfər etmiş və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşmüşdü. Görüş zamanı Çinin Ukrayna savaşına münasibəti müzakirə olunmuşdu. Van Yi açıq şəkildə demişdi ki, biz Ukrayna savaşının bitməsində maraqlı deyilik. Çünki Ukrayna savaşı bitən kimi ABŞ Çinə hücum edəcək. Haqsızmı? Sanmıram. ABŞ və Avropa dövlətlərinin mövcud dünya düzənini qorumaq üçün yürütdükləri təcavüzkar və iqtisadi məhdudlaşdırıcı siyasətlər istər-istəməz Asiya nəhənglərini bir araya gətirir, vahid cəbhədə birləşdirir. Bunun nəticəsi isə Qərb ölkələri ilə Şərqin qarşıdurmasına gətirib çıxara bilər. Və bu savaş çıxarsa, uduzan tərəf rifah içərisində qocalan, düz-əməlli ordu belə qura bilməyən Qərb olacaq. Zira Qərbin arxalandığı yeganə güc nüvə silahlarıdır ki, Çin ŞƏT sammitindən sonra keçirdiyi paradda nüvə triadasını nümayiş etdirməklə “ondan bizdə də var” mesajını verdi. ABŞ-ın bu mesajdan sonra elə bir səhvi edəcəyinə inanmıram”.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər