“Rusiyanı çıxmaq şərtilə, Çinin də, Pakistanın da, Hindistanın da Cənubi Qafqazdakı kommunikasıyalarla bağlı baxışları uyğunlaşır...”
Ekskluziv
303
14:54, Bu gün

“Rusiyanı çıxmaq şərtilə, Çinin də, Pakistanın da, Hindistanın da Cənubi Qafqazdakı kommunikasıyalarla bağlı baxışları uyğunlaşır...”

“Hindistanın silah bazarına ehtiyacı var və Ermənistan da bu baxımdan Hindistan üçün vacib bir bazardır. Lakin bütün bunlar həlledici rol oynamır. Çünki...”
 
Çində keçirilmiş son ŞƏT sammitinin ardından yaranmış müəyyən geo-siyasi dəyişikliklərin Cənubi Qafqaz regionuna təsirindən danışan ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı Pekin və Vaşinqtonun maraqları arasında ciddi bir paralellik mövcuddur. 
 
Bu yanaşma Cənubi Qafqazda kommunikasiyaların fəaliyyətə başlamasını təmin etmək istəyən regional güclərin strateji maraqları ilə əlaqəlidir.
 
“Hazırda ŞƏT-in aparıcı üzvlərinin, xüsusilə Çin, Pakistan və Hindistanın Cənubi Qafqazdakı kommunikasiya dəhlizlərinin açılmasında birgə maraqları mövcuddur. Bu ölkələr, maraqlıdır ki, Cənubi Qafqazdan keçən kommunikasiya dəhlizləri işə düşsün. Lakin, Rusiyanı çıxmaq şərti ilə, Çinin də, Pakistanın da, Hindistanın da bu mövzuda baxışları uyğunlaşır”, - deyə Oruclu bildirib.
 
Bununla yanaşı, analitik vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanması, həmin dəhlizlərin istifadəyə verilməsi üçün ən vacib şərtdir. O qeyd edib ki, bu prosesin düzgün şəkildə irəliləməsi üçün Vaşinqtonun ciddi nəzarətində olması qaçılmazdır və bu məsələdə ABŞ-ın mövqeyi əhəmiyyətli rol oynayır.
 
“Lakin biz artıq gördük ki, həmin Sülh Sazişinin paraflanması Vaşinqtonun nəzarəti altında həyata keçirildi. Və düşünmək ki, Vaşinqton bu prosesi nəzarətdən buraxacaq və ya qlobal Cənub və ya onun ayrı-ayrı ölkələrinin bu prosesi öz istədikləri şəkildə idarə etməklərinə imkan verəcək - bu bir qədər optimist yanaşma olardı. Əminəm ki, Vaşinqton bu məsələdə sona qədər israr edəcək və kommunikasiyaların nəzarətini öz əlinə keçirmək üçün çalışacaq. Lakin eyni zamanda Çin də sülh prosesində maraqlıdır”, – analitik əlavə edib.
 
Ekspertin fikrincə, Hindistanın bölgədəki rolu, əsasən silah bazarına olan tələbatla bağlıdır, buna görə də o Azərbaycan və Ermənistan arasında gərginlikdə maraqlı ola bilər. Ancaq bu məsələlər əsas həlledici amil deyil. O, Hindistanın bu mövzuda Çin və ABŞ ilə müqayisədə daha kiçik bir oyunçu olduğunu vurğulayıb.
 
“Hindistanın silah bazarına ehtiyacı var və Ermənistan da bu baxımdan Hindistan üçün vacib bir bazardır. Lakin bütün bunlar həlledici rol oynamır. Çünki birincisi, Hindistan bölgədən coğrafi olaraq uzaqdır, ikincisi isə Hindistan qlobal oyunçu deyil. O bölgədə əsas söz sahibi, şübhəsiz, Çindir. Düşünürəm ki, bu mənada Pekin və Vaşinqtonun maraqları tamamilə üst-üstə düşür. Bu da Azərbaycan-Ermənistan Sülh Müqaviləsinin imzalanmasına yalnız müsbət təsir göstərə bilər”, - deyə Ərəstun Oruclu diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər