Ekskluziv
211
13:47, Bu gün

"ABŞ-ın Avropanın müdafiə siyasətində yeni yanaşma" - "Financial Times"

 
"Vaşinqton sərhəd dövlətlərinə yardımı azaldır, Avropanı öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımağa vadar edir..."
 
ABŞ Rusiya ilə sərhəddə yerləşən Avropa ölkələrinə göstərilən hərbi yardım proqramlarını tədricən dayandırır. Bu addım qitəni öz müdafiəsinə daha çox vəsait ayırmağa məcbur edir.
 
 Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Pentagonun xəbərdarlığı
 
Ötən həftə ABŞ Müdafiə Nazirliyinin nümayəndələri Avropa diplomatlarına bildirib ki, bundan sonra Vaşinqton Şərqi Avropa ölkələrinin ordularını təlim və texniki avadanlıqla təmin edən proqramlara maliyyə ayırmayacaq.
 
Söhbət əsasən "333-cü bölmə" çərçivəsində maliyyələşən layihələrdən gedir. Bu proqramın xərcləri ABŞ Konqresinin təsdiqindən keçməlidir, lakin prezident Donald Trampın administrasiyası yeni vəsait istəməyib. Mövcud vəsaitlər isə 2026-cı ilin sentyabrına qədər əlçatan olacaq.
 
Ağ Evin mövqeyi
 
Ağ Ev rəsmisi bu addımı Trampın xarici yardımı "yenidən qiymətləndirmə və korrektə etmə" siyasətinin tərkib hissəsi adlandırıb: "Bu qərar Avropa ilə razılaşdırılıb və prezidentin uzun müddətdir vurğuladığı kimi, qitənin öz müdafiəsinə daha çox cavabdehlik daşımasına yönəlib".
 
Hansı ölkələr ziyan çəkəcək?
 
ABŞ Hesablama Palatasının məlumatına görə, 2018-2022-ci illərdə Avropa bu proqram çərçivəsində 1, 6 milyard dollar yardım alıb ki, bu da qlobal xərclərin 29 faizini təşkil edir. Əsas faydalananlar Estoniya, Latviya və Litva olub. Yardımın kəsilməsi isə yüz milyonlarla dolların itirilməsi deməkdir.
 
Avropa rəsmilərinə görə, bu addım Avropa İttifaqının daha varlı ölkələrini sərhəd dövlətlərinə əlavə dəstək verməyə sövq etmək məqsədi daşıyır. Lakin xəbər qəfil elan olunduğundan Avropa hökumətləri şok yaşayır və Vaşinqtondan dəqiq izahat gözləyir. Bir Avropa diplomatı xəbərdarlıq edib: "Əgər bu kurs sərt davam edərsə, nəticələri ciddi olacaq. NATO da zərər görə bilər, çünki maliyyənin bir hissəsi Alyans vasitəsilə yönləndirilib".
 
Baltik təşəbbüsü də təhlükədə
 
2020-ci ildə yaradılan və Estoniya, Latviya, Litvanın hərbi gücünü möhkəmləndirən Baltik Təhlükəsizlik Təşəbbüsü də risk altındadır. Keçən il Konqres bu proqram üçün 288 milyon dollar ayırmışdı, lakin yeni büdcədə əlavə vəsait nəzərdə tutulmayıb. ABŞ-ın təqaüddə olan admiralı Mark Montqomeri isə xəbərdarlıq edir: "Amerikanın təhlükəsizlik yardımı olmadan Baltik ölkələrinin vəziyyəti çox ağır olacaq".
 
ABŞ qoşunlarının Avropadakı gələcəyi
 
Məsələ təkcə maliyyə ilə bitmir. "Politico" yazır ki, ABŞ qoşunlarının Avropadakı sayını 30 faizədək azaltmaq planlaşdırır. Hazırda Pentaqon Qlobal Qüvvə Yerləşdirmə İcmalı (Global Force Posture Review) aparır və dünyanın müxtəlif regionlarında öz hərbi mövcudluğunu yenidən nəzərdən keçirir.
 
Vaşinqtonun bu yeni siyasəti Avropanı çətin seçim qarşısında qoyur: ya öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı, ya da sərhəd ölkələrində boşluqların yaranması ilə barışmalı olacaq. ABŞ-ın çəkilməsi isə yalnız maliyyə deyil, həm də NATO-nun gələcək gücü üçün ciddi sınaqdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər