“Çinin Amerikadan üstünlüyü öz maraqları naminə gücdən istifadədən çəkinməsidir...”-Siyasi şərhçi
Ekskluziv
377
12:29, Bu gün

“Çinin Amerikadan üstünlüyü öz maraqları naminə gücdən istifadədən çəkinməsidir...”-Siyasi şərhçi

“Faktiki olaraq Çin uzun illər davam edən təkqütblü dünyanı iki qütblü dünyaya çevirə bilib. Pekindəki hərbi parad Pekinin rəqiblərinə əzələ nümayişi və varlığının isbatıdır...”
 
Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin şəhərində keçirilən son sammiti, ardınca isə Pekində hərbi parad bir sıra aparıcı dünya nəşrlərinin Çinin rəhbərliyi ilə ABŞ hegemonluğuna qarşı yeni dünya düzəninin qurulması iddiasını irəli sürməsinə səbəb olub. Görəsən, doğrudan da belə bir düzən baş tuta bilərmi? 
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları söyləyib:
 
“Bəllidir ki, Çinin son illər sıçrayışlı inkişafı və artan iddiaları Birləşmiş Ştatlarda ciddi narahatlıqlar yaradıb. Çin  dünyanın böyüyən iqtisadiyatına və zəngin potensiala malikdir və bu da  yeni nizamın formalaşdırılmasına geniş imkanlar yaradır. Pekin yumşaq gücdən məharətlə istifadə edərək Birləşmiş Ştatların yerini tədricən tutmaqdadır.  Çin Ukrayna-Rusiya müharibəsindən ustalıqla bəhrələnir və şərtlərini diqtə edir. Hazırda bütün parametrlərə və göstəricilərə görə Pekin Qərblə rəqabət qabiliyyətlidir və bir çox sahələrdə liderliyi ələ keçirib. ŞƏT-in növbəti Zirvə Toplantısında Çin liderinin özünü rahat və inamlı aparması diqqətdən  yayınmadı. Digər iştirakçı dövlətlərin Çinlə  geniş əməkdaşlığa can atması təsadüfi deyil. Pekin həm ŞƏT, həm “BRİCS” formatında beynəlxalq siyasi münasibətlər sistemində ənənəvi stereotipləri dağıtmaqda və ətrafına yeni-yeni dövlətlər cəlb etməkdədir. Çinin üstünlüyü Birləşmiş Ştatlardan fərqli olaraq başqa ölkələrlə bağlı yürütdüyü siyasətdə qarşılıqlı maraqları təmin etməsi və dünyanın ən qüdrətli ordularından birinə və nüvə silahına malikolmasına rəğmən öz maraqları naminə gücdən istifadədən çəkinməsidir. Son dönəmlərdə Silahlı Qüvvələrini və raket texnologiyalarını təkmilləşdirməkdə, nüvə arsenalını böyütməkdədir. Çin istehsalı olan silahlar dünya silah bazarından  Qərbi sıxışdırıb çıxarmaqdadır. Biz Çinin hərbi texnoloji üstünlüyünü bir həftəyə yaxın davam edən Pakistanla Hindistan arasındakı müharibədə də gördük. Çin istehsallı hərbi təyyarələr də Fransanın istehsal etdiyi hərbi təyyarələrdən üstünlüyünü sübuta yetirdi...   
 
Məhz Trampın da Rusiya ilə tezliklə sövdələşmələrə gedib onu Ukrayna ilə müharibəni dayandırmağa sövq etmək cəhdlərinin başlıca səbəblərindən biri Çininin artan rolunun və nüfuzunun qarşısını almaqdır. Pekin də bunu çox yaxşı anladığından Qərbin Moskva ilə hələ uzun müddət məşğul olmasında maraqlıdır. Ona görə də Rusiyanı açıq-gizli dəstəkləməklə həm Rusiyanı özündən asılı vəziyyətə salır, həm də Birləşmiş Ştatlarla bazarlığını aparır. Faktiki olaraq Çin uzun illər davam edən təkqütblü dünyanı iki qütblü dünyaya çevirə bilib. Pekindəki hərbi parad Pekinin rəqiblərinə əzələ nümayişi və varlığının isbatıdır...”
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər