“Rusiya bu sammitdən sonra bir görüntü yaratmağa çalışacaq ki, guya Qlobal Cənub onun arxasında dayanır və nəticədə Ukraynada aqressivləşəcək...”
“Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə bağlı bəyanatlarda həmin tədbirin yeni dünya düzəninin diqtə edilməsinə hesablandığı bildirilsə də, hesab edirəm ki, bu, bir qədər tələskən yanaşmadır. Nəticə çıxarmaq hələ çox tezdir. Birincisi, o səbəbdən ki, bu təşkilatın aparıcı üzvü olan ölkələrin özləri arasında ciddi ziddiyyətlər mövcuddur.
Məsələn, Rusiya-Çin, Rusiya-Hindistan və Rusiya-Pakistan münasibətlərinə nəzər yetirsək, görərik ki, bu dörd ölkənin hər birinin ən azı digər biri ilə müəyyən problemləri var. Belə bir vəziyyətdə bu dörd ölkənin anlaşıb qlobal dünya düzənini diqtə etməsi asanlıqla baş tutmayacaq. Təbii ki, bu təşkilatın üzvü olan İran və Mərkəzi Asiya ölkələri də mövcuddur, amma onlar indi hər biri öz daxili məsələləri ilə məşğuldur və hələ qlobal dünya düzəninə hansısa töhfə vermək gücündə deyillər. Uzaqbaşı, İran, deyək ki, Yaxın Şərqdə müəyyən bir rol oynaya bilər.”
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az əməkdaşının sualını cavablandırarkən dilə gətirib.
Analitik Çin-Hindistan-Rusiya üçlüyü ətrafında yeni dünya düzəninin qurulması üçün çatışmayan amilləri də sadalayıb:
“Dünya düzənini diqtə etmək üçün əsas amillərdən biri hərbi məsələlərdə ortaq məxrəc tapmaqdır ki, ŞƏT üzvləri arasında hələ bu sahədə ortaq məxrəc yox dərəcəsindədir.
İkincisi, iqtisadi amildir ki, sözügedən ölkələrin ümumi daxili məhsulunun cəmi yalnız bir tək ABŞ-ın ümumi daxili məhsulundan çox aşağıdır... Düzdü, belə iddialar da var ki, ABŞ-ın ümumi daxili məhsulunun 120 %-i həcmində də borcu var və bu, faktdır. Ancaq eyni zamanda onu da unutmayaq ki, Çində müxtəlif dəyərləndirmələrə görə, həmin rəqəm 84%-dən 300%-ə qədər dəyişir. Bu fərqliliklər isə Çinin öz iqtisadi göstəricilərini real şəkildə açıqlamaması ilə bağlıdır... Hindistanda bu rəqəm, səhv etmirəmsə, 81 %-dir. Rusiyanın iqtisadiyyatı isə bu ölkələrlə müqayisədə çox kiçikdir və qlobal düzənin formalaşmasında əhəmiyyətli rol oynamır...
Üçüncü amil isə odur ki, bu ölkələr hamısı bir-biri ilə həmsərhəddir və faktiki olaraq bir bölgədə cəmləşiblər. Özəlliklə də dörd aparıcı ölkədə – Rusiya, Çin, Hindistan və Pakistan – arasındakı münasibətlərdə maraqlar çox dərindir. Çünki bu ölkələrdən üçü bir-birinə həmsərhəd olan və eyni bölgədə yerləşən dövlətlərdir. Bu səbəbdən onların arasında mövqelər uğrunda mübarizə digər qlobal güclərlə və yaxud ayrıca qlobal güc olan Qərblə müqayisədə daha çox öz aralarında gedir.
Bir çox digər amilləri də sadalamaq olar. Amma fikrimcə, bu qədər faktlar artıq qlobal dünya düzəni formalaşdırma iddialarının tələskən olduğunu göstərməyə əsas verir...”
“Bəs sizcə, bundan sonra Ukrayna və Avropa ətrafındakı proseslər hansı istiqamətdə inkişaf edəcək?” sualına isə Ərəstun Oruclu belə cavab verib:
“Çində sözügedən yeni dünya düzəninin diqtə olunmasına cəhdlərin Ukrayna ətrafındakı proseslərə və Avropa-Rusiya münasibətlərinə təsirinə gəldikdə, əlbəttə, Çin müəyyən mənada Rusiyaya dəstək verir və verəcəkdir. Lakin eyni zamanda hadisələrin inkişafı göstərir ki, Qərbin də Çinə ciddi təsirləri var və Çin bu reallıqla hesablaşmağa məcburdur. Yəni bu ölkənin iki əsas böyük ticarət tərəfdaşı var: biri Avropa, digəri isə ABŞ-dır. Ona görə də Çin bu amillə hesablaşmaya bilməz. Odur ki, Rusiya bu sammitdən sonra bir görüntü yaratmağa çalışacaq ki, guya Qlobal Cənub onun arxasında dayanır və nəticədə Ukraynada aqressivləşəcək. Bu, birmənalı şəkildə belədir...”
Sultan Laçın