“Rusiyadakı bütün partiyalar (hətta Kommunist Partiyası da), Rusiya Dumasının bütün deputatları Beynəlxalq Valyuta Fondundan maliyyələşdirilir. Odur ki, Rusiyada miqrantlara qarşı şovinist, irqçi çıxışlar edən bu cür başdan xarablar, o cümlədən V.Solovyov kimi fərdlər ölkədə milli zəmində qarşıdurma yaratmaq məqsədi güdürlər...”
Bildiyiniz kimi, Kremlin əsas imperiyapərəst şovinist ideoloqlarından sayılan rus filosof və politoloq Aleksandr Duqin miqrantlar barədə qalmaqallı və əndrəbadi açıqlama ilə çıxış edib. Bu irqçinin sözlərinə görə, Rusiyada yaşayan miqrantlardan bəziləri cəmiyyət üçün “ən çox toksik” qruplar hesab edilə bilər. Duqin azərbaycanlıları, tacikləri və özbəkləri xüsusi olaraq bu siyahıya daxil edib. Politoloq bildirib ki, əgər hər hansı bir miqrant Rusiyanın rus mənşəli vətəndaşlarına qarşı aqressiya göstərirsə, o, artıq cinayətkar sayılmalıdır. Kreml ideoloqu hesab edir ki, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir: “Kimlər ki, pravoslavlığı qəbul edir, Rusiyanın dəyərlərini bölüşür və onu müdafiə etməyə hazırdır, onlar artıq miqrant olmaqdan çıxır və rus xalqının bir hissəsinə çevrilir. Burada söhbət irqi mənsubiyyətdən deyil, mədəni və mənəvi inteqrasiyadan gedir. Bizim dəyərlərimizi bölüşən və onlarla yaşamağa hazır olan hər kəs Rusiya cəmiyyətinə qəbul oluna bilər...”
Görünən odur ki, onillərdir ki, xüsusən də Ukraynaya təcavüzün başlandığı son 3 ildə Rusiya rəhbərliyi şovinist Duqinin bu cür sərsəm bəyanatlarını tədricən, hissə-hissə ölkə həyatına tətbiq edir...
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:
“Aleksandr Duginin bu çıxışlarıı onun sərsəmliyindən irəli gəlir. O bir zamanlar Rusiyanın ağıllı geo-siyasətçiləridən biri idi. Türkiyə-Rusiya dostluğunu gücləndirən və 2016-ci ildə Ərdoğana qarşı dövlət çevrilişi etmək istəyənləri qarşısını almaqda və xilas etməkdə onun əli olduğundan da xəbərsiz deyilik.
Rusiya geo-siyasi mərkəzinin rəhbəri olsa da, şovinizmə uyması, ağlı başında olan Rusiya siyasi elitasını ondan uzaqlaşdırdı. Çünki onun apardığı təbliğat Rusiya dövlətçiliyinin fundamentinə bomba qoymaqda idi. Bunu ruslar tezliklə ortaya çıxardılar və xüsusi xidmət qurumları Rusiya üçün bəla olan bu fərdi aradan götürmək istədilər. Lakin elə alındı ki, Duqinin avtomobilində gedən qızını partlatdılar... Qızı aradan götürüldükdən sonra onun hərəkətləri sərsəm fərdləri xatırladır. Dəliyə fikir vermək, onun dediklərinin ciddiyə almaq isə heç bir çərçivəyə sığmır...
Aleksandr Duqinin Qərbin oyunçusu olması faktı da ortalığa atılıb. İddia edilir ki, o, ABŞ və ya Avropa xüsusi xidmət orqanlarının tapşırığı ilə vaxtilə SSRİ-nin dağılmasında istifadə olunan metodlardan istifadə edib Rusiyanı da dağıtmaq istəyir. Yaxın keçmişi yada salsaq, görərsiniz ki, SSRİ-ni dağıdan siyasət xalqlar arasında münaqişə yaratmaq oldu. İndi isə Duqin həmin oyunu oynayır. Rəhmətlik Lenin deyirdi ki, “SSRİ-ni ancaq rus şovinizmi dağıda bilər. Şovinist çıxışlar edənlər proletar dövlətinin düşmənləridir.” Duqin də həmin şovinistlərdəndir, Rusiya dövlətini dağıdan… Qərbin oyunbazı... Maraqlı bir faktı qeyd etmək istərdim: Rusiyadakı bütün partiyalar (hətta Kommunist Partiyası da), Rusiya Dumasının bütün deputatları Beynəlxalq Valyuta Fondundan maliyyələşdirilir. Odur ki, Rusiyada miqrantlara qarşı şovinist, irqçi çıxışlar edən bu cür başdan xarablar, o cümlədən V.Solovyov kimi fərdlər ölkədə milli zəmində qarşıdurma yaratmaq məqsədi güdürlər...
Duqin pravoslavlıqdan dəm vursa da, onun postulatlarından xəbərsizdir. Pravoslav olmaq üçün gərək özün könüllü onu seçəsən, əks halda onu qəbul etmək düzgün deyil. Bu fərd mənəvi dəyərlərdən danışır, özü də dövlətçilik ideologiyası olmayan ölkədə yaşayır...
Mənəviyyat dövlətçilik ideologiyası əsasında yaranır. Bu yoxsa, mənəviyyat da yoxdur. Rusiya siyasi elitası arasında mənəviyyat olsaydı, Rusiya səmasında vurulmuş Azərbaycan təyyarəsinə görə bütün Rusiya Duması və bu ölkənin Prezidenti Azərbaycan xalqından rəsmən və ictimai şəkildə üzr istəməli idi… Əvəzində Rusiyanın televiziya və saytlarında bu ölkəni dağıdan fərdlər şovinizmi təbliğ etməklə, Rusiyada yaşayan bütün xalqları təhqir edirlər. Bununla belə, anlamırlar ki, öz dövlətlərinin dövlətçilik prinsiplərinin altına bomba qoyurlar.
Kremlin Duqinin dediklərini qəbul etməsi gülünc olardı. Onlar bilməlidirlər ki, Rusiyada yaşayan miqrantlar olmasa, bu ölkə dağılar. Yəni Rusiya dövlətinin fundamentini miqrantlar yox, Duqin kimilər dağıdır. Belə getsə, dağılacaq da… ”
Sultan Laçın