Ekskluziv
281
17:46, Bu gün

"Qreta Тunberqin humanitar donanması İspaniyaya qayıdıb" - "Anadolu Ajansı"

 
"Pis hava fırtınası humanitar missiyanı yarımçıq qoydu..."
 
"Global Sumud" adlı humanitar flotiliya güclü külək və təhlükəli hava şəraiti səbəbindən Barselonaya qayıdıb. Flotiliya Qəzzaya doğru yola çıxsa da, təşkilatçılar təhlükəsizlik naminə geri dönməyə məcbur olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
 
"Bu qərarı iştirakçıların təhlükəsizliyini və missiyanın uğurla davamını təmin etmək üçün qəbul etdik", - bəyanatda vurğulanıb. Avqustun 31-də Barselonadan yola düşən karvana 20-dən çox gəmi qoşulub. Missiyada 44 ölkədən yüzlərlə könüllü, o cümlədən tanınmış iqlim fəalı Qreta Tunberq də iştirak edir. Finlandiyanı təmsil edən on nəfərlik qrup isə həkimlərdən, tibb bacılarından, rəssamlardan, tədqiqatçılardan və aktivistlərdən ibarətdir.
 
Flotiliyanın əsas məqsədi İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaqdır. Təşkilatçılar bildirib ki, dəniz yolu ilə səfər təxminən on gün çəkəcək və sonrakı mərhələlərdə Tunis və Siciliyadan əlavə onlarca gəmi dəstəyə qatılacaq.
 
İsrailin sərt reaksiyası
 
İsrail mediasının məlumatına görə, ölkənin təhlükəsizlik naziri, sağçı siyasətçi İtamar Ben-Qvir flotiliya iştirakçılarını həbs etməklə hədələyib. Təl-Əviv isə 2007-ci ildən qüvvədə olan dəniz blokadasını müdafiə edir və beynəlxalq ittihamları rədd edir.
 
Soyqırım müzakirəsi - IAGS-in ağır bəyanatı
 
Sentyabrın 1-də Beynəlxalq Soyqırım Araşdırmaları Assosiasiyası (IAGS) rəsmi qətnamə qəbul edib. Sənəddə vurğulanır ki, İsrailin Qəzzadakı hərəkətləri soyqırım meyarlarına uyğun gəlir. Assosiasiya bildirir ki, 500 üzv alimdən 86 faizi qətnaməni dəstəkləyib. Qeyd edək ki, 1994-cü ildə yaradılan IAGS indiyə qədər cəmi doqquz dəfə soyqırımı tanıyan qərar qəbul edib. Bu isə bəyanatı daha da əhəmiyyətli edir.
 
Qəzzada humanitar böhran
 
2023-cü ilin oktyabrında başlayan münaqişədən bəri Qəzzada humanitar vəziyyət faciəvi həddə çatıb. BMT-nin məlumatına görə, bölgədə ərzaq, su və dərman çatışmazlığı kritik səviyyədədir. Beynəlxalq ictimaiyyət isə son aylarda İsrailə təzyiqi artırır.
 
"HƏMAS-la son döyüş həlledici mərhələyə çatıb"
 
Bu arasa İsrail baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Qəzzada HAMAS-la qarşıdurmanın həlledici mərhələsinə daxil olub. O, ordunun ehtiyat qüvvələri ilə birlikdə düşməni tam məğlub etmək üçün səfərbər olduğunu bildirib. Netanyahu vurğulayıb ki, hökumət həm də girovların azad olunması üçün bütün mümkün tədbirləri həyata keçirir: "Qəzzada başlayanlar, nəhayət, Qəzzada bitməlidir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər