Bizi sosial şəbəkələrdən izləyin:
"Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampın uşaqlar naminə sülhə çağırdığı məktubuna 4-ü uşaq olmaqla 23 nəfərin ölümünə səbəb olan Kiyev bombardmanıyla cavab verdi. Putinin bu cavabı onu göstərir ki, Rusiya Ukraynaya hücumu könüllü olaraq dayandırmayacaq - o, buna məcbur edilməlidir".
Moderator.az xəbər verir ki, bunu "Vaşinqton-Post"( "The Washington Post") qəzeti yazıb.
Məqalədə deyilir:
"Kiyevə həmin zərbə bizim birinci xanımımıza təhqir idi. Bu həm də Alyaskada keçirilən sammitdə həyat yoldaşının məktubunu şəxsən Putinə çatdıran prezident Donald Trampa da təhqir idi".
Qeyd olunur ki, avqustun 28-nə keçən gecə Kiyevə endirilən zərbə Trampa və Ağ Evə toplaşan Avropa liderlərinə Putinin onların qətiyyətinə şübhə ilə yanaşması mesajı vermək məqsədi daşıyıb. Bunu Ukrayna hədəfləri ilə yanaşı, Rusiyanın Avropa İttifaqının Kiyevdəki diplomatik nümayəndəliklərini və Amerika elektronika istehsalçısı "Flex Ltd."-nin cəbhə xəttindən uzaqda yerləşən zavodunu iki “Kalibr” qanadlı raketi ilə vurması da bunu təsdiqləyir.
Məqalədə deyilir:
"Putin Trampın diplomatiyasına və həyat yoldaşının həyəcanverici məktubuna şillə ilə cavab verdi. Barbar hücum onun ukraynalı uşaqların melodik gülüşünü bərpa etməyə əhəmiyyət vermədiyini açıq-aydın göstərir. Bu, Amerika üçün son damla olmalıdır".
Məqalə müəllifləri onu da vurğulayıblar ki, Tramp Putinə sülhdə maraqlı olduğunu sübut etmək üçün hər cür şans verib. Və Rusiya prezidenti konkret hərəkətlərlə barışmağa hazır olması barədə sözlərini hələ təsdiq etmədiyi üçün onu buna məcbur etmək lazımdır.
Xatırladaq ki, Melaniya Tramp Alyaska sammiti zamanı Putinə şəxsi məktub göndərmişdi. Məktubda ABŞ-ın birinci xanımı Rusiya prezidentini “uşaqları qorumağa” və xalqlar arasında fikir ayrılığını aradan qaldırmağa çağırmışdı.