“ABŞ bu saat ciddi şəkildə İranda 480 kq-lıq uranın yerini axtarır...”-Sabiq səfir
Ekskluziv
186
20:37, Bu gün

“ABŞ bu saat ciddi şəkildə İranda 480 kq-lıq uranın yerini axtarır...”-Sabiq səfir

“Əslində İsraillə son savaş göstərdi ki, İranın gücü elə ballistik raketlərdədir. Lakin o var ki,  bu ölkənin hava məkanı hazırda tam açıq vəziyyətdədir. Yəni İranın hava hücumundan müdafiə sistemi, demək olar ki, sıradan çıxıb...”
 
“İranın ətrafında da, daxilində də vəziyyət getdikcə gərginləşir. Bu gərginlik İranla bağlı aparılan danışıqlar və ölkənin tutduğu mövqe ilə bağlıdır. Nəticədə həm regionda, həm də beynəlxalq aləmdə narahatlıq artır. Artıq Avropanın aparıcı dövlətləri: İngiltərə, Almaniya və Fransa səfirliklərini bağladı. Əvvəllər, yəni ABŞ və İsrailin İrana son birgə hücumu zamanı da  bu ölkələrin diplomatik təmsilçiləri İranda fəaliyyət göstərirdilər. Ancaq son vaxtlar vəziyyətin kəskin şəkildə dəyişməsi fonunda onların da səfirliklərini bağlamağa başladığını müşahidə edirik. Kaş ehtimalımız səhv çıxsın və müharibə olmasın. Amma belə hallar adətən müharibə və ya ciddi qarşıdurma ehtimalının olduğu hallarda baş verir. Yəni hansısa ölkədə vəziyyət bu qədər gərginləşirsə və müharibə təhlükəsi real görünürsə, xarici dövlətlər təhlükəsizlik səbəbilə diplomatik nümayəndəliklərini bağlayır və əməkdaşlarını geri çağırır”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında İran ətrafında baş verənlərdən danışan Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov  ifadə edib.
 
“Onu deyim ki, ABŞ və İran arasında münasibətlərdə də hər hansı ümidverici inkişaf müşahidə olunmur. Digər tərəfdən, Avropa ölkələri də İranın mövqelərini kəskin tənqid edir.  Məsələn, İran MAQATE-nin nümayəndələrini nüvə obyektlərinə buraxmır- Avropa da bunu deyir və danışıqlar aparılmadığını vurğulayır.
 
Bundan əlavə, Qərbi, xüsusən də ABŞ-ı ciddi şəkildə narahat edən digər məqamlar da var. Məsələn, İran tərəfindən zənginləşdirilmiş 480 kiloqramlıq uranın yeri onlar üçün naməlumdur. Bu saat onun ciddi axtarışındadırlar. Həmçinin İranın istehsal etdiyi ballistik raketlər böyük narahatlıq doğurur.  Çünki həmin raketlər istənilən hədəfi vura biləcək gücdədir. Qərb ölkələri isə İranda yalnız qısamənzilli ballistik raketlər istehsalına icazə vermək istəyir. Bu da, sözsüz ki, Tehranda ciddi narazılıq yaradır. Bundan başqa, Qərb açıq şəkildə bildirir ki, İran nüvə silahı hazırlamaq ambisiyalarından və ümumiyyətlə, uranın zənginləşdirilməsi proqramından əl çəkməlidir. Yəni artıq tələblər təkcə uranın zənginləşdirilməsinin dayandırılması ilə məhdudlaşmır –  raket proqramı da tamamilə ləğv edilməlidir. Bütün bunlar isə İranın mövqeyini çətinləşdirir. Bu şəraitdə İran necə davranmalıdır? Özünü xarici müdaxilələrdən necə qorumalıdır? Düzdü, raketlər hələ də istehsal olunur. Və əslində İsraillə son savaş göstərdi ki, İranın gücü elə ballistik raketlərdədir. Lakin o var ki,  bu ölkənin hava məkanı hazırda tam açıq vəziyyətdədir. Yəni İranın hava hücumundan müdafiə sistemi, demək olar ki, sıradan çıxıb”, -deyə davamında diplomat bildirib. 
 
“Strateji müttəfiqi sayılan Rusiya da bu sahədə İrana heç bir kömək etmir. Elə deyilmi?” sualını isə sabiq səfir belə cavablandırıb: 
 
“Bəli. Elədir. Rusiya ilə İranın münasibətləri həmişə belə müəmmalı, ikibaşlı olub.  Formal olaraq iki ölkə arasında dostluq münasibətləri mövcuddur. Bildiyiniz kimi, bu ilin yanvarında İran və Rusiya arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanıb. Amma bu sənədin də münasibətlərə ciddi real təsiri olmadı. İran ətrafında vəziyyət kritik həddə çatanda, yəni İsrail və ABŞ-ın birgə həmin ölkəyə hücumları başlayanda Rusiyanın konkret dəstəyi müşahidə olunmadı...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər