Köçkünlərlə yerliləri qarşı-qarşıya qoymaq cəhdi bəlkə elə Rusiya “5-ci kalonu
Ekskluziv
249
18:08, Bu gün

Köçkünlərlə yerliləri qarşı-qarşıya qoymaq cəhdi bəlkə elə Rusiya “5-ci kalonu"nun təxribatıdır?..

“Həmişə olmasa da, bəzən susmaq qızıldır... Nə deyirsiniz, bəlkə susaq?..” 
 
“Bilərəkdən, ya bilməyərəkdən xalqın bir hissəsinin digərinə qarşı qoyulması ölkəmiz üçün  təcavüz qədər təhlükəlidir...” 
 
Yazıçı-publisist, AYB-nin üzvü Nəriman Mahmud redaksiyamıza son günlər çoxlarımızı narahat edən bir mövzu ilə bağlı növbəti yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin məqaləni dəyərli Moderator.az oxucularının ixtiyarına buraxırıq:
“Hər şey Səidə Bəkirqızının, 30 ildir kiminsə evini zəbt edən, özünün olmayan mənzildən çıxmaq istəməyən məcburi köçkünün, yəni sıradan bir Azərbaycan vətəndaşının, yumşaq desək, bu yolverilməz əməlinə fərdi yanaşmaq əvəzinə, yenə də yumşaq ifadə etsək, ümumiləşmiş münasibətindən başladı. Və bununla da özünün həmin Azərbaycan vətəndaşından o qədər də fərqlənmədiyini sübut etdi. Bilmirəm, bəlkə də S.Bəkirqızı "qaş düzəltmək" istəyirdi, amma görünən odur ki, əvəzində "göz çıxartdı". Ən pisi də odur ki, təkcə suçlu məcburi köçkünün deyil, sayı təxminən milyon civarında olan dinc köçkünün gözünü də oydu. Ən pisindən də pisi odur ki, bundan sonra virtual qarşıdurma başladı. Səidənin "qazan"ında nəyin qaynadığından xəbəri olmayanların belə hərəsi əlinə bir "qaşıq" götürdü. Daha fikirləşən olmadı ki, “qazan”dakı ifrazat və ya hansısa digər tullantı da ola bilər. Beləliklə, normal qınaq, normal irad və normal münasibət də məcrasından çıxıb qarşıdurma müstəvisinə yönəldi. Ən yaxşı halda isə söz dartışması səviyyəsi(zliyi)nə qədər endi. Bu səviyyə(sizlik)dən baxanda isə nə ədəb görünər, nə mərifət, nə də qanacaq. Heç görünmədi də. Bu bir neçə gündə “həyasızdırlar” tipli yarlıklardan tutmuş, “yerlərinə qayıtmaq istəmirlər” tipli şər-böhtana qədər məcburi köçkünlərin ünvanına deyilməyən təhqiramiz ifadə qalmadı. Sözüm belələrinədir...    
 
Əvvəla, kim olursa olsun, kiminsə səhv hərəkətinə görə bütöv bir regionu günahlandırıb ardınca da təhqir edənlər JURNALİST deyil, bu adın ən yaxşı halda ilk hərfi dəyişən nəfəs musiqi alətinin eybəcər, xoruz buraxan ifaçısı ola bilərlər. Belələrinin isə züy tutanları həmişə yanlarında olur. Belələrinə nəsə verib yelləyənlər ən azı “Qarabağı qarabağlılar azad etməlidirlər” düşüncəsində olan, amma qarabağlılardan əvvəl gedib bizim yaşadığımız yerlərdə biznes quranlar ola bilər ki, onlar da bulanıq suda balıq tutmaq istəyirlər. Və bir də çox maraqlıdır, məcburi köçkünlərin geriyə qayıtmaq istəmədikləri haqqında rəsmi statistika bu sadə insanlarda hardandı? Bu “sübutu”, bu “faktı” hardan keçiriblər əllərinə? Ümumiyyətlə, varmı belə bir statistika? Səmimisinizsə, çıxarıb paylaşın rəsmi statistikanı. Yoxdursa, bu dövlətin, rəsmi qurumların adından danışmayın. Yoxsa statistika ilə bağlı hansısa rəsmi qurum “bizim adımız olmasın, amma köçkünlər qayıtmaq istəmirlər” deyə qulağınıza fısıldayıb? Belədirsə, siz də bizim qulağımıza fısıldayın ki, belə deyiblər. Qorxmayın, sizi satmayacağıq... Amma həqiqət budur ki, hələ torpaqlar yeni azad olunanda icra nümayəndələri gəlib qayıtmaq barədə rəsmi sorğu keçirirdi. Hər kəs, o cümlədən mən də qayıdacağımı bildirib imza atdıq. Ancaq bundan sonra sorğu aparanlar düz 4 dəfə zəng edib, məndən qayıdıb qayıtmayacağımı soruşdular. Eləcə də başqalarından. Sonuncuda bezib, bir qədər sərt şəkildə, “sizə nə lazımdır, mənim “yox” cavabımmı? Bu olmayacaq” - deyib zəngi sonlandırdım...
 
İndi özünüz fikirləşin, işğaldan azad edilmiş torpaqlara müəyyən səbəblərdən hələ ki icazə ilə gedirik. Elə yerlər də var ki, buraxmırlar. Biriləri viran qalmış kəndlərini ziyarətə getmişdilər. Əvəzində nə gördülər? Ərazidə böyük bir broyler fabriki salınırdı. Həm də Qarabağa aidiyyəti olmayanlar tərəfindən. Başqa ərazilərdə də eyni durumdur. Buna baxmayaraq, hazır olan yerlərdə yaşayış var, yəni köçüb yaşayırlar. Olmayanlar isə olandan sonra köçəcəklər. Əgər köçkünlərin təcili çıxmasını kim istəyirsə (bilmirəm, belələri bu halda super-yaşayışla təmin olunacaqlarına inanırlar, ya yox), silahlanıb bizi qovsunlar, ya gedib bizlər üçün ev tiksinlər. Çünki özümüzün tikməyimizə icazə verilmir...
 
Yeri gəlmişkən, bəzi həmkarlarını qarşıdurmaya aparan yoldan çəkinməyə çağıran məcburi köçkün jurnalist Əntiqə Rəşid Aslana yönələn ittihamlara gəlincə, sizcə, Vətən müharibəsində qorxmadan sona qədər od-alovun içərisindən reportaj hazırlayıb mətbuata ötürən birisi qayıtmaq istəmirmi? Ayıbdır. Əntiqə Rəşid Aslan xanım sadəcə, onu demək istəyir ki, kiminsə haqqında danışanda məsələni ümumiləşdirməyin. Bunu anlamaq o qədərmi çətindir? Sizcə, mənim də haqq vermədiyim hansısa köçkünün, birisinin evini zəbt etməsi məsələsini, məsələn, hüquq-mühafizə orqanları həll etməli deyilmi? Yəni bu boyda nağaranın səsi doğrudanmı eşidilmir? Və doğrudanmı evi zəbt edilənlərin şikayətinə baxılmır? Ümumiyyətlə, iddiaçı aidiyyəti üzrə şikayət edibmi? Belədirsə, yaxud belə deyilsə, təqsirin kimdə olduğunu özünüz müəyyənləşdirin... 
 
Unutmaq lazlm deyil ki, biz 44 günlük savaşda məhz bir olduğumuz, birlikdə olduğumuz üçün qısa zamanda zəfər çaldıq. İndi ermənilər də, Rusiya da parçalanmağımız kimi bir fürsəti gözləyir. Görünən odur ki, içimizə soxulan hansısa əllər, dillər və başlar bu fürsəti yenidən yaratmağa çalışırlar. Və təəssüf ki, bizdən olan bəziləri də bilməyərəkdən (bilərəkdən hay-küy qaldıranları başa düşürük, hayların doğma, ya sintetik qohumlarıdır – N.M.) onların çaldığı havaya rəqs edirlər. Və bir də maraqlıdır, müxtəlif səbəblərdən Azərbaycanın 64 inzibati rayonunun hamısından və bəlkə də bütün kəndlərindən gəlib paytaxtda müvəqqəti məskunlaşanlar var. Və onlara heç kəs Bakıdan çıxıb getməsi barədə iddialarla çıxış etmir. Və etməməlidirlər. Çünki Bakı heç kəsin ata-babasının xüsusi mülkiyyətində deyil. Eləcə də başqa rayon, şəhər və kəndlərimiz. Əcəba, köçkün rayonları Azərbaycanın deyil, ya həmin ərazilərin vətəndaşları azərbaycanlı deyillər? Belə OLMAZ! Həm də qəti şəkildə OLMAZ! Və əgər düşünürsünüzsə ki, olar, onda məcburi köçkünlər neyləsinlər, azad edilmiş rayonlarında digər bölgələrin sakinlərinin hər hansı fəaliyyətinə zorla qadağamı qoysunlar? Bəlli etdiyiniz düşüncənizə görə, bilmirəm, bəlkə də “hə” deyəcəksiniz. Amma bu da OLMAZ! Əgər olarsa da, biz bunu edə bilmirik. Bəlkə sizlər gəlib edəsiniz. Çünki siz bunu yaxşı bacarırsınız. Yəni qoyulan qayda bölgəsindən asılı olmayaraq hər yerə tətbiq olunmalıdır, deyilmi? Görünür, siz bunu ya anlamırsınız, ya anlamaq istəmirsiniz, ya da gerçəyi yarımçıq deyil də, bütöv şəkildə deməyə cəsarətiniz çatmır. Başqa səbəb göstərə bilərsinizmi? Yoxdur. Məcburi köçkünün də, digər bölgələrin sakinlərinin də mədələri qeyri-ixtiyari qida tələb edir. Qida üçün də təbii ki, para, para üçün işləmək, işləmək üçünsə iş yerləri lazımdır... 
 
Bir məsələni də xatırladım. Biz 90-lardakı savaşı ona görə uduzduq ki, hərbi arsenalla yanaşı, heç də az əhəmiyyət kəsb etməyən birliyimiz yox idi, pərakəndə idik. 2020-də isə ona görə zəfər çaldıq ki, hərbi arsenal baxımından zəngin olmağımızla yanaşı, əhəmiyyətli birliyimiz də var idi. Hətta iqtidar da, müxalifət də, necə deyərlər, çəkici eyni zindana vururdu. Düşünməliyik ki, bizim inkişafımızı, müstəqilliyimizi, güclü olduğumuzu istəməyən qüvvələr bizi yenə də ötən əsrin 90-cı illərinə qaytarmaqla taqətdən salıb zəiflətməyə, nəticədə özlərinə tabe etdirməyə çalışır və bundan ötrü hər vasitəyə əl atırlar. Bu vasitələrdən biri də qılıncdan kəsərli olan əlahəzrət SÖZ-dür...
 
Bəli, SÖZ qılıncdan itidir, deyib atalarımız. Nə qədər qəribə görünsə də, ayrı-seçkilik salmağın, qarşıdurma yaratmağın səbəblərindən biri də, düşünürəm ki, xarici xüsusi xidmət orqanlarının, “5-ci kalon” deyilən bir kəsimin qara fəaliyyəti ilə bağlıdır. Məsələ bundadır ki, Ermənistanla Azərbaycan arasındakı nifaq toxumunu lap başından Rusiya səpib. Heç kəsə sirr deyil ki, “DQMV” adlanan keçmiş qurum da 1923-cü ildə elə bu məqsədlə yaradılmışdı. Onun sonuncu “bəhrə”sini də biz 1988-ci ildən başlayaraq gördük. Sonrası da hər kəsə bəllidir. Yəni Vətən müharibəsindən sonra “qarışdır, vuruşdur, barışdır” siyasətinin həyata keçirilməsinin qarşısı alınmış kimi görünür. Ermənistan prezidenti də zaman-zaman aramızdakı savaşları, qarşıdurmaları, düşmənçiliyi öz xalqına Rusiyanın “xidmətinin” nəticəsi kimi izah edir. Məhz bu qara təbliğata qarşı ağ təbliğatın nəticəsidir ki, Rusiya artıq birbaşa nifaq yaratmaq imkanından məhrumdur. Bu səbəbdən “problemlərini” başqa müstəvi üzərində həll etməyə çalışır. Yəni tamamilə mümkündür ki, zəif halqa axtarışında olan “5-ci kalon”un hansısa nümayəndələri Ermənistanda Qarabağ erməniləri ilə yerli ermənilər, Azərbaycanda isə köçkünlərlə yerli əhali arasında ayrı-seçkilik, narazılıq, vətəndaş qarşıdurması yaratmaqla hər iki ölkədə parçalanmanı sürətləndirib məqsədlərinə nail olmağa çalışsınlar. Və əlbəttə ki, mən bu məsələ ilə bağlı qəti hökm vermək iddiasında deyiləm. Amma bu variantı da gözardı etmək olmaz. Çünki elə vəziyyətlər yaradılır ki, insanlarımız özləri də bilmədən prosesə qoşulub müşahidəçidən iştirakçıya çevrilirlər. Ona görə də son dərəcə ehtiyatlı olmalı, ağzımızdan çıxanı qulağımız duymalıdır. Və mənə elə gəlir ki, belə məsələlərdə dövlət də öz münasibətini bildirməli, böyük bir kəsimə qarşı hansısa başqa bir kəsimin aqressiyasının qarşısını almağa yönəlik məsuliyyət yaradan məhdudiyyətlər tətbiq etməlidir. Çünki bilərəkdən, ya bilməyərəkdən xalqın bir hissəsinin digərinə qarşı qoyulması ölkəmiz üçün ən azı rus-erməni təcavüzü qədər təhlükəlidir. Düşünürəm ki, hüquq-mühafizə orqanları bunu da nəzərə almalıdırlar...
 
P.S. Yəni doğrudanmı məcburi köçkünlük dərdini anlamaq üçün bu dərd hamının başına gəlməlidir? Mən, əlbəttə, bunu heç istəməzdim. Heç kəs anlamasa belə. Bundansa eybi yox, qoy bizi təhqir etsinlər... 
 
Nəriman MAHMUD
Yazıçı-publisist
AYB-nin üzvü
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər