Ekskluziv
322
13:53, Bu gün

"Ukrayna böhranına səbəb Qərbin dəstəklədiyi dövlət çevrilişi olub" - Putin

 
"Rusiya diktatoru Çində "sülhdən" dəm vurur, amma eyni zamanda müharibəni davam etdirmək üçün dəstək axtarır..."
 
Rusiya prezidenti Vladimir Putin Çinin Tyantszin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edərək, Ukraynaya qarşı başlatdığı müharibəni yenidən "böhran" adlandırıb və Qərbi günahlandırmağa çalışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri məlumat yayıb.
 
Qərbi günahlandırmaq cəhdi
 
Putin iddia edib ki, münaqişə Rusiyanın 2022-ci ildəki təcavüzündən yox, 2014-cü ildə Ukraynada baş verən və guya Qərbin dəstəklədiyi "dövlət çevrilişindən" qaynaqlanır. Onun sözlərinə görə, həmin hadisə Ukraynanın NATO-ya yaxınlaşmasını sürətləndirib və bu, Rusiyanın təhlükəsizliyinə "təhdid" yaradıb.
 
Kreml rəhbəri bildirib ki, "balansın bərpa olunması" üçün "əsas səbəblər aradan qaldırılmalıdır". O, hər hansı ölkənin öz təhlükəsizliyini başqalarının hesabına təmin edə bilməyəcəyini vurğulayıb.
 
Sülh ritorikası və sammitdən gözləntilər
 
Putin Çin və Hindistanın "sülh təşəbbüslərini" yüksək qiymətləndirdiyini söyləyib. O, həmçinin ABŞ prezidenti Donald Tramp ilə Alyaskada keçirilən görüşün Ukraynada sülhə aparan yolda mühüm addım olduğunu vurğulayıb.
 
Putin qeyd edib ki, Tramp ilə əldə edilən "anlaşmalar" barədə ŞƏT liderlərini məlumatlandıracaq. Bununla yanaşı, o, sammit çərçivəsində Çin lideri Si Tszinpinlə, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Məsud Pezeşkian və Şimali Koreya lideri Kim Çen In da daxil olmaqla bir sıra ölkə başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
 
Ekspertlərin baxışı
 
Siyasi müşahidəçilər Putinin bu bəyanatlarını təbliğatın davamı kimi qiymətləndirir  Onların fikrincə, Kreml rəhbərinin Çin səfərinin əsas məqsədi Qərbin sanksiyalarına baxmayaraq Pekindən iqtisadi və hərbi dəstək almaqdır. Ukraynanın sabiq xarici işlər naziri Vladimir Oqrızko da qeyd edib ki, Putin Çindən "müharibəni bir az da davam etdirmək üçün yardım dilənməyə" gəlib.
 
Beləliklə, Çindəki sammit Putinə beynəlxalq arenada özünü sülh tərəfdarı kimi göstərmək imkanı verir. Lakin onun çıxışındakı ritorika - "böhran", "dövlət çevrilişi",  "NATO təhdidi" Kremlin 2014-dən bəri dəyişməyən əsas təbliğat tezislərinin təkrarıdır. Əslində isə Ukraynada davam edən müharibənin yeganə səbəbi Rusiyanın işğal siyasətidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər