Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına səfər edib. Çin Xalq Respublikasının Sədri Si Szinpinin dəvəti ilə reallaşan səfər əsnasında Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında təntənəli mərasimlə qarşılanıb.
Prezident İlham Əliyevin Çində yüksək təntənə və ehtiramla qarşılanması bütün dünyada böyük marağa səbəb olub.
Maraqlıdır, Çin kimi nəhəng dünya gücünün Azərbaycana, onun Prezidentinə bu qədər ehtiramla yanaşmasına səbəb nədir? Niyə bu cür ehtiram dünyanın böyük dövlətlərinin liderlərinə deyil, məhz Prezident İlham Əliyevə göstərilir?
Bunun səbəbi hər şeydən öncə Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət, beynəlxalq siyasi platformada sərgilədiyi çevik və dərrakəli manevrlərdir. İstər 44 günlük Vətən müharibəsindən əvvəl, istərsə də post-müharibə dönəmində diplomatik arenada baş verənlər İlham Əliyevin dünya miqyasında nəhəng siyasi fiqur olduğunu, siyasi səriştə və diplomatik bacarığına görə ən üst səviyyədə qərarlaşdığını göstərdi. Vaşinqton görüşündə Prezident İlham Əliyevin ABŞ lideri Donald Tramp tərəfindən yüksək səviyyədə qarşılanması və Ağ Ev sahibinin dövlət başçımıza açıq şəkildə heyranlığını ifadə etməsi, beynəlxalq aləmdə İlham Əliyevə olan hörmətin təsadüf olmadığını göstərir.
Çində İlham Əliyevə göstərilən ehtiramın digər bir səbəbi Azərbaycanın 44 günlük Vətən müharibəsində özünü qüdrətli bir dövlət olaraq təsdiq etməsi, regional bir güc, öz ərazi bütövlüynü, suverenliyini, ləyaqət və qürurunu qorumağa qadir ölkə kimi sübut etməsidir. Məhz 8 Noyabr zəfəri Azərbaycanın bütün dünyada, o cümlədən, Çində nüfuz və ehtiramının artmasına, regional güc kimi şöhrət qazanmasına səbəb oldu.
Prezident İlham Əliyevin dünya liderləri tərəfindən bərabər hüquqlu tərəfdaş kimi qəbul olunmasının digər bir səbəbi də Azərbaycanın ən çətin, ən kritik, ən həlledici situasiyalarda haqq, ədalət, ümumbəşəri dəyərlər prinsipi ilə yanaşı, həm də özünəhörmət prinsipindən çıxış etməsi, əzm, cəsarət və qətiyyət sərgiləməsidir. Azərbaycan zaman-zaman Fransa, ABŞ, Rusiya kimi dünya güclərinin ölkəmizlə bağlı sərgilədiyi haqsız mövqelərə açıq formada etiraz edib, ədalətsiz yanaşma və davranışlarla barışmayacağını cəsarətlə bəyan edib. Prezident İlham Əliyev Azərbaycanın maraqlarını dünya nəhəngləri qarşısında qətiyyət və prinsipiallıqla müdafiə edib və nəticə etibari ilə hər zaman öz mövqeyini qarşı tərəfə qəbul etdirib.
Bütün bu amillər Prezident İlham Əliyevin qeyri-adi lider olduğunu, onu məğlub etməyin, geri çəkilməyə vadar etməyin mümkünsüzlüyünü bütün dünyaya göstərib. Dövlət başçımızın Çinə səfəri zamanı baş verənlər də İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzunun sərhəd tanımadığına dəlalət edir. Və bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz lideri, Müzəffər Ali Baş Komandanı ilə nə qədər fəxr eləsə azdır!
Seymur ƏLİYEV